Gülbəddin Hikmətyar qayıdır - Kabil Hikmətyarla barışdı

23-09-2016, 00:43           

Əfqanıstan hökuməti İslam Partiyası ilə sülh müqaviləsi imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Əfqanıstanın “Pajvak” agentliyi yayıb. Tərəflər arasında imzalanan müqaviləyə əsasən, hökumət Gülbəddin Hikmətyara amnistiya elan edəcək və onun bir sıra tərəfdarları həbsdən azad olunacaq. Kabil həmçinin Hikmətyara tətbiq edilmiş sanksiyaların götürülməsi üçün lazımi addımlar atacağını da bildirib.

Qeyd edək ki, Hikmətyarın Əfqanıstan İslam Partiyası 1976-cı ildə yaradılıb. SSRİ-nin Əfqanıstana müdaxiləsi zamanı təşkilat sovet qoşunlarına qarşı döyüşüb. O zaman İslam Partiyası Əfqanıstanın ən güclü birliklərindən hesab edilirdi. Belə ki, Hikmətyar 80-ci illərdə Pakistan və Qərb ölkələri tərəfindən ən güclü dəstək alan şəxs hesab olunurdu. Məhz ən böyük hərbi və maliyyə yardımları Hikmətyara göndərilirdi. Bu yardımlar 1994-cü ilə qədər davam edib. Bəzi iddialara görə, Hikmətyar Əfqanıstanda əsas narkotik plantasiyalarına da nəzarət edib və dünyaya Əfqanıstandan göndərilən narkotik vasitələr onun nəzarəti altında olub.

Hazırda bu təşkilat ABŞ tərəfindən antiamerikan ideologiyasını dəstəklədiyinə görə ekstremist partiya hesab edilir. İslam Partiyası ilə yanaşı, Gülbəddin Hikmətyar da Vaşinqtonun qara siyahısına salınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.