Şolts Maska cavab verib: “Almaniyanın gələcəyini vətəndaşları müəyyən edəcək”

1-01-2025, 11:14           
Şolts Maska cavab verib: “Almaniyanın gələcəyini vətəndaşları müəyyən edəcək”
Kansler amerikalı milyarderi “Almaniya üçün Alternativ” Partiyasını dəstəklədiyinə görə tənqid edib

“Almaniyanın gələcəyini sosial media sahibləri deyil, vətəndaşları müəyyən edəcək”. AYNA xəbər verir ki, bu sözləri Almaniya Federal Kansleri Olaf Şolts ənənəvi Yeni İl çıxışında bildirib.

Şolts konkret adlar çəkmədən əvvəllər ifrat sağçı “Almaniya üçün Alternativ” Partiyasına (AfD) dəstəyini açıq şəkildə ifadə edən “X” sosial şəbəkəsinin sahibi İlon Maskı tənqid edərək, ölkəni yalnız bu partiyanın xilas edə biləcəyini deyib.

Şolts isə qeyd edib ki, Almaniyanın gələcəyini onun vətəndaşları müəyyən edir: “Bu, sosial media sahiblərinin qərarından asılı deyil”.

“Müzakirələr zamanı bəzən belə bir təəssürat yarana bilər ki, fikir nə qədər radikal olsa, bir o qədər diqqəti cəlb edir. Amma Almaniyada işlərin necə olacağını ən yüksək səslə qışqıran deyil, ağlabatan və layiqli insanların böyük əksəriyyəti müəyyən edir”, - kansler bildirib.

Siyasətçi qeyd edib ki, bu, fevralın 23-də keçiriləcək federal seçkilərə də aiddir. Şolts vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb.

Kansler həmçinin alman vətəndaşlarını əmin edib ki, hakimiyyət Maqdeburqda Milad bazarına hücuma görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb edəcək.

Almaniya hökumətinin başçısı həmçinin əmin edib ki, Berlin bundan sonra da Ukraynaya güclü dəstək verəcək.

Şoltsun ​​sözlərinə görə, bir çox insan Ukraynadakı münaqişəni artan narahatlıqla izləyir: “Mən sizi əmin edirəm ki, biz Ukraynanı tək qoymayacağıq və Avropada ona dəstək verməyə davam edəcəyik və müharibənin qızışmaması üçün soyuqqanlılığımızı qoruyacağıq”.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru