İstintaqçılar Cənubi Koreya prezidentinin həbs müddətinin uzadılmasını tələb edir
Bu gün, 09:15
İttiham olunan Cənubi Koreya Prezidenti Yun Suk Yeol şənbə günü ilk məhkəməsində iştirak etdi. Bu, onun uğursuz hərbi vəziyyət tətbiq etmək cəhdi ilə bağlı istintaqı zamanı həbs müddətinin uzadılıb-uzadılmayacağına qərar verəcək mühüm dinləmə idi.
Yunun tərəfdarları məhkəmə binasının qarşısında toplaşaraq etiraz aksiyası keçirib. Onun gəlişi zamanı polisə qarşı toqquşma yaşanıb. Yun, mülki idarəetməni dayandırmağa cəhd edərək, ölkəni xaosa sürüklədikdən bir neçə həftə sonra mavi mikroavtobusda məhkəməyə gətirilib.
Prezidentin 3 dekabr tarixində hərbi vəziyyət elan etmə cəhdi cəmi altı saat davam edib. Parlament üzvləri onun bu qərarını əsgərlərə parlamentə daxil olmağı əmrinə baxmayaraq, rədd edib.
Daha sonra Yun parlament tərəfindən impiç olunub və həbs olunmamaq üçün bir neçə həftə ərzində qorunan iqamətgahında gizlənib. O, nəhayət çərşənbə günü sübh vaxtı keçirilən reyd zamanı həbs olunub.
Cənubi Koreya tarixində həbs olunan ilk fəaliyyət göstərən prezident olan Yun, istintqaçıların onu 48 saat ərzində saxlamaq hüququ olduğu müddətdə əməkdaşlıq etməkdən imtina edib.
Lakin istintaqçılar cümə günü onun həbs müddətinin uzadılması üçün yeni order tələb etdikdən sonra o, hələ də nəzarətdə saxlanılır.
Prezidentin vəkili Yun Kab-Kun məhkəmədən əvvəl AFP-yə bildirib ki, o, “şərəfini bərpa etmək niyyəti ilə” məhkəmədə iştirak etmək qərarına gəlib.
Seul Qərb Rayon Məhkəməsinin sözçüsü daha sonra AFP-yə təsdiqləyib ki, dinləmələr prezidentin iştirakı ilə başlayıb.
Hakim Yunun həbs müddətinin uzadılması tələbi ilə bağlı qərarını şənbə gecəsi və ya bazar günü səhər elan edəcək.
Məhkəmə binasının qarşısında AFP müxbirləri Yun tərəfdarlarının bayraqlar dalğalandırdığını və “Prezidenti azad edin” plakatları tutduğunu görüblər.
Polis əməkdaşları kütlənin məhkəmə girişinə çatmalarının qarşısını almaq üçün zəncir düzəldiblər. Məhkəmənin giriş qapısı isə təhlükəsizlik səbəbindən cümə axşamından ictimaiyyət üçün bağlanıb.