ABŞ-də məmurlara səkkiz aylıq maaş müqabilində işdən çıxmaq təklif edilib

Dünən, 15:30           
ABŞ-də məmurlara səkkiz aylıq maaş müqabilində işdən çıxmaq təklif edilib
ABŞ hökuməti federal məmurlara öz istəkləri ilə istefa ərizəsi versələr, kompensasiya olaraq səkkiz aylıq maaş ödəməyi təklif edib.

"Axios" portalının məlumatına görə, yüz minlərlə insanın bu təklifi qəbul edəcəyi gözlənilir.

Məlumata əsasən, müvafiq məktub əvvəllər məsafədən iş rejimindən ofislərə qayıtmaq göstərişi verilən məmurlara göndərilib. Əgər onlar 6 fevraladək öz istəkləri ilə istefa ərizəsi versələr, 30 sentyabradək bütün nəzərdə tutulan ödənişləri ala biləcəklər.

"COVID-dən beş il keçib və federal məmurların yalnız 6%-i ofisdə tam iş günü çalışır. Bu qəbuledilməzdir", - deyə ABŞ administrasiyasının yüksək vəzifəli məmuru təşəbbüsü şərh edib.

"Ağ Ev federal məmurların 5-10%-nin bu təklifi qəbul edəcəyini gözləyir ki, bu da potensial olaraq yüz minlərlə insanın işdən çıxması deməkdir", - portal vurğulayır.

Federal hökumətin hesablamalarına görə, bu sxem nəticədə vergi ödəyicilərinə ildə 100 milyard dollar qənaət etməyə imkan verəcək. Təklif poçt işçiləri, imiqrasiya nəzarəti xidmətlərinin və xüsusi xidmət orqanlarının əməkdaşları, həmçinin hərbçilər istisna olmaqla bütün federal məmurlara şamil edilir.

ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də inaqurasiyasından sonra bütün federal məmurlara pandemiya zamanı keçmiş Vaşinqton administrasiyası tərəfindən aktiv şəkildə tətbiq edilən evdən iş təcrübəsini dayandıraraq dərhal öz ofislərinə qayıtmağı təyin edən fərman imzalayıb. Bundan əlavə, o, federal idarələrə işçi qəbulunu dondurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.