Paris növbəti dəfə Azərbaycanı “müdaxilədə” günahlandırıb, Bakı ittihamları rədd edib
Bu gün, 17:14
Ötən həftə baş verən diplomatik çəkişmədən sonra rəsmi Bakı ilə Paris bu həftə yenidən qarşılıqlı ittihamlar səsləndirib.
Bakı Fransa xarici işlər nazirinin Azərbaycanın bu ölkənin dənizaşırı ərazilərinin daxili işlərinə qarışması ilə bağlı ittihamlarını “anti-Azərbaycan” kimi qiymətləndirərək pisləyib.
Fransa Senatında yanvarın 29-da baş tutan müzakirələrdə Fransa xarici işlər naziri Jan-Noel Barro Azərbaycan hakimiyyətinə bağlı olduğunu vurğuladığı “Bakı Təşəbbüs Qrupu”nun Fransanın dənizaşırı ərazilərində, xüsusən də Yeni Kaledoniyada “təqsirkar və dözülməz” fəaliyyətini növbəti dəfə tənqid edib.
“Bu qrup bizim ictimai müzakirəmizə qarışmağa, xalqın əsas maraqlarına, bu halda ərazi bütövlüyümüzə və ictimai təhlükəsizliyimizə xələl gətirməyə cəhd etmək istəyini açıq şəkildə nümayiş etdirib. Buna görə də buna imkan verməyəcəyik”, Barro qeyd edib.
Fransalı nazir Azərbaycanın Parisdəki səfirinin ötən il noyabrın 19-da Xarici İşlər Nazirliyinə çağırılarkən bu məsələni qaldırdıqlarını, Azərbaycan hakimiyyətinin bu addımlara son qoymalı olduğunu vurğuladıqlarını deyib.
“Biz Azərbaycanı bu cür nüfuzdan salan manevrlərə son qoymağa və Fransa ilə fərqliliklərini müdaxilədənsə, diplomatiya yolu ilə həll etməyə çağırırıq”, Jean-Noel Barro əlavə edib.
Rəsmi Bakı, öz növbəsində, fransalı nazirin Azərbaycanı dənizaşırı ərazilərə müdaxilədə ittiham edən bəyanatının “Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdi” olduğunu qeyd edib.
“Məhz Fransa hər zaman regional məsələlərə qarışaraq, Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yanvarın 30-da bildirib.
Hacızadə əlavə edib ki, “Bakı Təşəbbüs Qrupu bir QHT kimi Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir. Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini sarsıdır”.
XİN nümayəndəsi həmçinin Parisi Yeni Kaledoniyanın yerli əhalisinə qarşı “repressiya siyasəti” aparmaqda günahlandırıb, Fransa xarici işlər nazirinin “anti-Azərbaycan iddialarını” qətiyyətlə rədd etdiklərini və pislədiklərini vurğulayıb.
Yanvarın 25-də Fransanın xarici işlər naziri Jan-Noel Barro “Bakı Təşəbbüs Qrupu”nun Yeni Kaledoniyada siyasi proseslərə növbəti dəfə pozucu müdaxiləyə cəhd etdiyini bildirərək Azərbaycanı Fransanın digər dənizaşırı ərazilərinin daxili işinə qarışmaqda və “sabitliyi pozma” əməliyyatlarında günahlandırmışdı. Bakı isə ittihamları rədd etmişdi.
Bundan əvvəl, yanvarın 7-də Fransa Prezidenti Emmanuel Makron da Fransanın əksər dənizaşırı ərazilərində, xüsusən də Yeni Kaledoniyada Azərbaycan tərəfindən “qəbuledilməz müdaxilələrlə” hücuma məruz qaldığını deyib.
Rəsmi Bakı cavab olaraq Fransa Prezidentinin Azərbaycanla bağlı səsləndirdiyi “növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamalarının” qəbuledilməz olduğunu bildirib və Fransanı Cənubi Qafqaz regionunda sabitliyi pozmaqda günahlandırıb.
Rəsmi Paris 2024-cü ilin mayında Yeni Kaledoniyada baş verən iğtişaşlar fonunda da Azərbaycanı müdaxilədə günahlandırmış, Fransanın Xarici rəqəmsal müdaxilələrdən müdafiə üzrə Dövlət xidməti - “Viginum” Azərbaycanın sosial şəbəkələrdə Fransanı hədəf alan qaralama kampaniyası apardığını bildirmişdi.