Heç kim onun necə peyda olduğunu bilmir: "Perseverance" Marsın peykinin şəklini çəkdi FOTO
Bu gün, 15:06

NASA-ya məxsus "Perseverance" marsoxodu Marsın səmasında unikal bir anı qeydə alıb. O, planetin kiçik peyki olan Deymosu sübh çağı, demək olar ki, tam qaranlıqda görüntüləməyi bacarıb. Marsoxod 16 ayrı şəkil çəkərək onları birləşdirib və bu nadir görüntünü Yerə göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə "Universe Today" portalı məlumat yayıb.
Şəkildə təkcə Deymos deyil, həm də Şir bürcünün iki parlaq ulduzu - Requl və Algiba aydın şəkildə görünür. Bu görüntü mart ayında əldə olunub və Mars səmasındakı nadir mənzərəni əks etdirir.
Eyni vaxtda, Avropa Kosmik Agentliyinin "Hera" zondu Mars yaxınlığından keçərək həm Deymosun, həm də Marsın görüntüsünü çəkib.

Zond Marsın cazibə qüvvəsindən istifadə edərək trayektoriyasını dəyişib və DART missiyasının nəticələrini öyrənmək məqsədilə Didim və Dimorf adlı asteroidlərə doğru istiqamətlənib.
Alimlər hələ də Marsın iki peyki - Deymos və Fobosun mənşəyi barədə ortaq qənaətə gəlməyiblər. Onların ya Marsın cazibəsi ilə tutulmuş asteroidlər, ya da qədim kosmik toqquşmaların nəticəsi olduğu güman edilir.
Bu sirrin açılması istiqamətində növbəti addım isə Yaponiyanın JAXA agentliyinə məxsus olacaq. Agentlik 2026-cı ildə MMX adlı aparat vasitəsilə Deymos və Fobosa ekspedisiya göndərəcək. Missiyanın əsas məqsədi Fobosun səthindən torpaq nümunələrini Yerə çatdırmaqdır.


