İrana qarşı “hibrid” müharibə

9-06-2017, 10:20           
İrana qarşı “hibrid” müharibə
İŞİD-in Tehrana qədər gedə bilməsini kimlər və necə təmin edib?..


İyunun 7-də İran paytaxtında törədilən terror aktları nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. Terror qurbanlarının əksəriyyəti parlament binasına hücum zamanı öldürülüb. Onlardan birinin - sağ ələ keçənin isə kadrları yayılıb. Görünür ki, terror aktı ciddi şəkildə, yüksək peşəkarlıqla hazırlanıb. Terrorçuların İran vətəndaşları olduğu bildirilir.


Terror hücumunun məsuliyyətini İŞİD öz üzərinə götürüb. Ancaq rəsmi Tehran hücumun arxasında Səudiyyə Ərəbistanının dayandığını düşünür. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Tehran terroruna görə Səudiyyə və ABŞ-ı günahlandırıb. Yayılan rəsmi açıqlamada terror hücumunun ABŞ prezidentinin Ərəbistana səfəri və Səudiyyə liderləri ilə görüşdən qısa müddət sonra baş verib. Eyni zamanda İŞİD-in bu hücumun məsuliyyətini öz üzərinə alması terrorun baş verməsində adıçəkilən ölkələrin rolunun olduğuna işarədir.


İranın dini lideri Ayətullah Xameneyi və prezident Həsən Ruhani də baş verənlərə münasibət bildirib. H.Ruhani bu hücumun İranı birləşdirəcəyini və terrora qarşı mübarizəyə diqqətinin artmasına səbəb olacağını deyib. Ayətullah Xameneyi isə tələbələrlə görüşündə terror hücumunu “fişəngə” bənzədib. Dini lider deyib ki, bu hücumlar dövlətin fəaliyyətinə heç bir təsir etməyəcək. Öz növbəsində Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr terrorla əlaqələrinin olmadığını və hadisəni qınadıqlarını bildirib.


Tehran terrorunun məhz bu ərəfəyə təsadüf etməsi mediada çoxlu sayda şərhlərə, fərqli yozumlara səbəb olub. Məsələ ondadır ki, bu hadisələr Trampın Səudiyyə Ərəbistanına səfəri, 350 milyard dollarlıq anlaşma imzalaması və “ərəb NATO-su”nun qurulması və ardınca baş verən Qətər olayları ilə eyni dövrə təsadüf edib.

Çünki Tramp və Səudiyyə kralı Salman sammitdə açıq şəkildə İranı hədəf göstərmişdilər. Bir ay əvvəl, mayın əvvəlində Səudiyyə şahzadəsi, müdafiə naziri Məhəmməd bin Salman “müharibəni İranın içərilərinə çəkməliyik” demişdi. Bununla da krallığın İranda iç qarışıqlıq yaratmağa çalışdığına işarə etmişdi. Ərəbistan rəhbərliyi İranda etnik qrupların hökumətə qarşı fəaliyyətlərinin dəstəklənməsi, ölkədə silahlı toqquşmaların olmasını və bunun nəticəsində Tehranın başının daxili məsələlərə qarışması və Yəmən, İraq, Suriya kimi bölgələrdən diqqətinin azalacağını düşünür.


Əlbəttə, hələlik Tehran hücumunda İŞİD-lə yanaşı olan ölkə adı sadalamaq mümkün deyil. Çünki bununla bağlı hansısa etiraf və ya başqa sübut yoxdur. Ancaq aydın məsələdir ki, son olaraq formalaşan ərəb-Amerika ittifaqının hədəf taxtasında əsas yerdə İran dayanırdı. Və o da aydındır ki, İrana açıq müharibə real deyil. Çünki bu, daha böyük itki və xaos vəd edir. Ancaq əvəzində İranı içəridən zəiflətmək üçün “hibrid” müharibə taktikasına əl atıla bilər. 2000-ci illərin əvvəllərində İsrail İranı zəiflətmək üçün bir neçə nüvə obyektinə kiber-hücum etmiş və partlayışlar törətmişdi. Eyni zamanda İsrail agentləri İranın nüvə alimlərini terrora məruz qoymuşdular. Bununla da İranın nüvə proqramına ciddi zərbə vurulmuşdu.


İndi eyni xətti körfəz ölkələri, xüsusən də İranla açıq müharibə vəziyyətində olan Səudiyyə krallığı və ABŞ həyata keçirmək istəyir. Ötən il Səudiyyə Ərəbistanı rəsmiləri İranda daxili qarışıqlıq yaradılması üçün etnik və dini fərqliliklərdən istifadə haqqında tezislər irəli sürüb. Yeri gəlmişkən, hədəf qruplar arasında Pakistan və Əhvaz rayonunda yerləşən sünni əhali, kürd etnik qrupları və azərbaycanlılar vardı.


Bu arada Tramp ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İran əməliyyatları bölməsinə İrana qarşı aqressiv münasibəti ilə tanınan təcrübəli kəşfiyyatçı Maykl D’Andreanı təyin edib. MKİ-nin ən təcrübəli və müsəlman aləmini yaxşı bilən D’Andrea həm də “Ayətullah Mayk” kimi tanınır. ABŞ-ın bin Ladeni öldürdüyü əməliyyatdan bəhs edən filmdə də xarakteri yer alan təcrübəli kəşfiyyatçı Pakistan, Yəmən kimi ölkələrdə pilotsuz aparatlarla hava zərbələrində rolu olmuş kəşfiyyatçıdır. 2008-ci ilin fevralında Dəməşqdə Hizbullah komandiri İmad Muğniyənin qətlində də Maykl D’Andreanın adı keçir.


Hər halda, bütün işarətlər İrana qarşı böyük müharibənin başladığını göstərir. Son Tehran olaylarında hələlik hansısa ölkəni günahlandırmaq mümkün olmasa da, bunun tamamilə İŞİD-in fəaliyyəti olması inandırıcı deyil. Çünki İŞİD yarandığı gündən bu yana İranı əsas hədəfi elan edib. Ancaq bu günə qədər İŞİD İran ərazisində terror törədə bilməyib. İŞİD-in Tehranın mərkəzinə qədər necə gələ bilməsi haqqında sualın cavabı son olaylarda axtarılmalıdır.


Kənan RÖVŞƏNOĞLU












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.