Fransada rusiyalı senatorun işi üzrə yerli rieltor saxlanılıb
1-12-2017, 01:11

Fransa məhkəməsi rusiyalı senator Süleyman Kərimovun daşınmaz əmlakla bağlı sövdələşmələrinin təhqiqatı çərçivəsində onunla işləyən fransalı rieltora ittiham irəli sürüb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, həmçinin Kərimova məxsus olduğu ehtimal edilən dəbdəbəli villaları idarə edən Sedrik Fojerə qarşı da cinayət işi açılıb. Məhkəmə 140 min avro girov müqabilində Fojerin azadlıqda qalmasına razılıq verib.
Onların hər ikisi pulların yuyulmasında və vergidən yayınmada ittiham olunur. Söhbət milyonlarla avrodan gedir.
Xatırladaq ki, Süleyman Kərimov noyabrın 20-də Nitsa aeroportunda saxlanılıb. Fransa məhkəməsi rusiyalı senatoru 5 milyon avro müqabilində azadlığa buraxmağa razılaşıb. Lakin o, Fransanı tərk edə bilməz. Nitsa prokurorunun verdiyi məlumata görə, Kərimova vergidən yayınmaq və pulların yuyulması ittihamı irəli sürülüb. Rusiya XİN senatorun saxlanması ilə bağlı Fransanın hakimiyyət orqanlarına rəsmi nota göndərib.
Süleyman Kərimov Federasiya Şurasının Dağıstandan olan üzvüdür. Bizneslə məşğul olan senator “Forbes” jurnalının versiyası üzrə ən varlı sahibkarların reytinqində 21-ci yeri tutur.