Jurnalistin Trampla bağlı kitabı ABŞ prezidentini bitirir

6-01-2018, 10:20           
Jurnalistin Trampla bağlı kitabı ABŞ prezidentini bitirir
Elçin Mirzəbəyli: “Trampı bitirə biləcək kompromatların sayı o qədər çoxdur ki...”; Əhəd Məmmədli: “Kitabın çapı Trampın impiçmentini yaxınlaşdıra bilər”

Amerika prezidenti Donald Tramp haqqında işıq üzü görən kitab dünya boyunca müzakirələrə səbəb olub. Şok iddialarla dolu “Atəş və qəzəb: Trampın Ağ Evində” (Fire and Fury: Inside the Trump White House) kitabı haqqında “The Guardian” yazır ki, Trampın vəkilləri kitabın yayımını dayandırmaq üçün baş sındırırlar. Kitabın müəllifi, jurnalist Maykl Wolffdur.

Ağ Evin kitabın çap edilməməsi ilə bağlı göstərişinin ardından müəllifin çapın vaxtını irəli çəkməsi Trampın işini daha da qəlizləşdirib. Kitabda tək Trampın son bir ildəki prezidentlik fəaliyyətinin deyil, eyni zamanda, şəxsi həyatı ilə bağlı da məlumatların yer alması, qızı İvanka Trampın ilk dəfə qadın prezident kimi ABŞ tarixinə düşmək iddiasının olması barədə məlumatların yer alması narahatlıqları artırıb.

Siyasi ekspertlər Trampın prezidentliyi dövründə bu kitabın onun fəaliyyətinə ən ağır zərbə vuracağını, nüfuzunu ciddi zədələyəcəyini düşünürlər.

Politoloq Elçin Mirzəbəyli Tramp Administrasiyasının narahatçılığının başadüşülən olduğunu söylədi: “Volfun "Atəş və Qəzəb: Tramp Ağ Evinin içindən" adlı kitabını hələ nəşr olunmamışdan öncə populyarlaşdıran ABŞ prezidentinin baş strateqi Stiv Bannondan götürülən müsahibədir. Müsahibədə Trampın yaxın ətrafının Rusiya ilə əlaqələri barədə fikirlərin səsləndirilməsi və bununla bağlı mediaya sızdırılan məqamlar ciddi rezonans doğurub. Tramp və komandası nəyin bahasına olursa-olsun kitabın nəşrini dayandırmağa çalışır. ABŞ prezidentinin və komandasının kitabla bağlı ciddi narahatlıq keçirdiyi açıq-aşkar nəzərə çarpır. Bu isə sübuta yetirir ki, “Atəş və Qəzəb: Tramp Ağ Evinin içindən” kitabı təkcə gəlir əldə etmək üçün vasitə və ya qarayaxma kampaniyasının atributu deyil, ciddi siyasi aksiyadır. Kitabda etik normalara uyğun gəlməyən mülahizələrin yer alması barədə ABŞ KİV-nin təqdim etdiyi məqamlar hələ öz təsdiqini tapmayıb. Kitab hələ nəşr olunmadığı üçün bu barədə danışmağı da doğru saymıram. Ola bilsin ki, bütün bunlar marketinq elementidir. Digər tərəfdən belə nəşrlər ABŞ cəmiyyəti üçün yeni hadisə deyil. Bunun təsdiqi üçün ABŞ-ın sabiq prezidenti Bill Klintonla Monika Levinski ətrafında baş verənləri və bu barədə yazılan kitabları xatırlamaq yetərlidir. Məsələyə bizim ictimai dəyərlər müstəvisindən yanaşsaq, şəxsi həyata müdaxilə etik deyil və cəmiyyətə neqativ mesajlar verir. Peşə etikası baxımından da bu doğru deyil. Trampı bitirə biləcək kompramatların sayı o qədər çoxdur ki, bu kitab onların yanında heç nədir. Kitabın ictimai rezonans doğurmasının səbəbi isə kütləvi informasiya vasitələridir. Trampın hətta yeni il mesajında da medianın ünvanına sərt fikirlər səsləndirməsi əks effektini verdi. Bu kitab da, kitabın mediadakı təbliğatı da KİV-in Trampa Yeni il, Milad hədiyyəsidir. Bu dəfə Santa Klaus rolunu Volfa tapşırıblar. İstənilən şəxsin prezidentliyə namizədliyini irəli sürməsi və bu barədə düşünməsində qanunsuz heç nə yoxdur. İvanka Tramp da ABŞ vətəndaşıdır və o da hamı kimi konstitusion hüququndan istifadə edə bilər. Bütün hallarda son sözü seçici deyir. Bu kitabda Rusiyanın izinin olub-olmadığını deyə bilmərəm. Mənə elə gəlir ki, bəzən Rusiyanın rolu fantastik dərəcədə qabardılır. Amerikanın gözdən salınmasına gəldikdə isə bu bir az sentemental yanaşmadır. Amerika güc dövlətidir, Rusiyadan daha çox informasiya resurslarına, təbliğat imkanlarına sahibdir. Bu gün dünyanı güc idarə edir. İnformasiya texnologiyaları isə mövcud olan gücün təqdimatı üçün vasitədir".

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, növbəti impiçment təhlükəsi Trampın qapısını döyür: “Bu kitab bir daha onu göstərir ki, bəlkə də ABŞ tarixində ilk dəfədir amerikan daxili elitalar bu qədər bir birlərinə qarşıdırlar və artıq qara piarın bütün etik normalarını keçiblər. Tramp Amerika prezidentidir, lakin bu fakt da onun rəqiblərini dayandırmır. Trampın rəqibləri onun özünə olmasa da, onun dünyada ölkələrini təmsil etdiyi statusuna da belə hörmət qoymurlar. O kitabda yazılanların heç olmasa 1/3 həqiqət olmasının qənaətindəyəm. Düşünmürəm bu kitab satışa çıxdıqdan sonra Tramp dərhal impiçmentə göndəriləcək, lakin növbəti impiçment təhlükəsi Trampın siyasi qapısını döyməkdədir. Əgər bu kitabda təhqir yoxdursa, onda burda qeyri-etik heç nə yoxdur, çünki siyasətçinin şəxsi həyatının, ailəsinin də daim nəzarətdə olması normal haldır. Necə deyərlər, siyasətçisənsə şəxsi həyatını unut. Bu kitabın nəşrinin çapını göründüyü kimi Tramp qarşısını ala bilməyəcək. Bu kitabın çapı Trampın impiçmentini yaxınlaşdıra bilər. Bu qara piarın arxasında Trampa qarşı çıxan köhnə elita durur. Fikrimcə, qarşıdurma Amerika qurulandan bu ölkəni idarə edən iki elita arasında gedir, anqlosaks elitası ilə yəhudi elitası arasında. Göründüyü kimi, ikincilər Trampı dəstəkləyir. Yəhudi lobbisi Amerikada nə qədər güclü olsa da, ABŞ ingilis dövlətidir. Düşünürəm ki, sonda Amerika tarixində misli görünməmiş bu qarşıdurmada anqlosaks elitası qalib gələcək. Trampın qızının gələcəkdə prezident olmaq istəməsi normal bir haldır. Hillarinin prezident olmaq istəməsi nə qədər normaldırsa, İvankanın da prezident olması o qədər normaldır. Burda qeyri adi heç nə yoxdur. Deyirlər ki, Tramp əlində burqerlə yatağa girir. Nə olsun, siz bilirsinizmi prezidentlik dövründə amerikalıların sevimli prezidenti Kennedi nə qədər çapqın olub? Mən hələ Bill Klinton ya kiçik Buşdan danışmıram. Kiçik Buşun savadsızlığından bütün dünya mediası danışırdı, amma bu, heç kimdə ajiotaj yaratmırdı. Planlı şəkildə Trampı qaralama piarı gedir. Hələ namizəd olarkən bütün qadınları fahişə adlandırmasına rəğmən Tramp prezident seçilə bildisə, bu kitabın qarşısında da tab gətirə bilər. Rusiya bu olaydan bəlkə də yararlanmağa çalışacaq, amma bunun arxasında Rusiya durmur, ABŞ-ın özü durur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.