Rusiya ATƏT-lə qalmaqalda Azərbaycanı dəstəklədi
16-09-2015, 15:32
Rusiyanın ATƏT yanında yeni təyin edilmiş səfiri, bu ölkənin Xarici İşlər Nazirliyinin keçmiş rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç “RİA Novosti” agentliyinə müsahibəsində təşkilatla yaranmış qalmaqalda Azərbaycanı dəstəkləyib.
Virtualaz.org saytı xəbər verir ki, Lukaşeviç ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) kollektiv orqanların qərarlarının ziddinə olaraq iştirakçı ölkələrdə getdikcə daha çox “özünün partizan metodlarını tətbiq etdiyini” deyib. Diplomat bu strukturda islahatların vaxtının çatdığını vurğulayıb.
“Bildiyiniz kimi, DTHİB-lə Azərbaycan arasında seçkilərin müşahidəsi ilə bağlı sonuncu qalmaqal iştirakçı ölkədə anlaşılmazlıq və narazılıq yaratdı. Çünki onu böyük sayda müşahidəçilərdən ibarət komandanı qəbul etməyə məcbur etmək istəyirdilər. Onlar isə çoxsaylı müşahidəçilərin göndərilməsini yersiz, artıq qərar hesab etdilər və öz milli maraqlarına uyğun olan variantlarını irəli sürdülər. Nəzərə aldılar ki, təkcə ATƏT yox, digər beynəlxalq müşahidəçi strukturları da bu seçkiləri izləmək hüququna malikdir. Lakin DTHİB barışmaz mövqe nümayiş etdirdi və nəticədə Azərbaycanda seçkilərin monitorinqindən imtina etdi. Ona görə də təşkilatın yaxın vaxtlarda keçiriləcək Daimi Şurasında ATƏT-in bu institutunun elektroal sferada iş metoduna dair ciddi söhbət olacaq”- deyə Lukaşeviç bildirib.
Rusiya səfiri deyib ki, DTHİB öz şərtini diqtə edir, ancaq heç kim izah edə bilmir ki, nəyə görə bu institut bəzi qərb ölkələrinə seçki missiyasını ya ümumiyyətlə göndərmir, ya da demokratiyanın 100 faiz təmin edildiyini, heç bir problemin olmadığını qeydə almaq üçün 10-15 nəfərlik missiya göndərməklə kifayətlənir.
“Hərçənd biz bilirik ki, heç bir cəmiyyət ideal deyil, problemlər hər yerdə var”- deyə Lukaşeviç bildirib.