Dünyanın ən məşhur pivə bayramı Almaniyada - FOTO

2-09-2018, 21:44           
Dünyanın ən məşhur pivə bayramı Almaniyada - FOTO
Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən pivə festivalıdır. Oktoberfest bayramı sentyabr ayının sonlarına yaxın oktyabr ayının ilk həftəsində təşkil edilir və 16 gün davam edir. Turistlərlə birlikdə bayramda hər il 6 milyondan çox şəxs iştirak etməkdədir. Yerli əhali tərəfindən “Theresienwiese” olaraq adlandırılan bayramın qısaldılmış adı “Wiesn” formasındadır. Oktoberfest Bavariya mədəniyyətinin ayrılmaz tərkib hissələrindən biri kimi böyük məşhurluq əldə edərək 1810-cu ildən bəri ənənəvi formada təşkil edilən festivaldır.

Dünyanın müxtəlif şəhərlərində Münhendə keçirilən Oktoberfestdən ilhamlanaraq bənzər pivə festivalları keçirilməkdədir. Münhen şəhərində keçirilən Oktoberfest 16 gün davam edir və oktyabr ayının ilk bazar günündən etibarən başlayır. 1994-cü ildə Almaniya Demokratik Respublikası ilə Almaniya Federativ Respublikasının birləşməsi nəticəsində Oktoberfestin başlanma tarixi dəyişdirilib. Birləşmədən sonra festival oktyabrın biri və ya ikisi, ən geci isə ayın üçü başlayır. Festivalın ilk günü bazar gününə düşdüyündən, adətən, 18 gün davam edir. Oktoberfestin lokal adı (alm. Theresienwiese) formasındadır. Münhenin mərkəzi hissələrində isə adın qısaldılmış forması olan Wiesndən istifadə olunur. (alm. Theresienwiese) sözü iki ifadənin birləşməsindən əmələ gəlib.

İfadənin ilk hissəsində olan Therese Bavariya vilayətindən olan Sakson-Hildburghausen knyazlığının kraliçası Kraliça Terezanın şərəfinədir. Oktoberfest zamanı bir necə milyon litr pivə içilir. 2007-ci ildə keçirilən festival zamanı 16 gün ərzində 7 milyon litrdən çox pivə içilib. Festival zamanı bir neçə növ və marka pivələrlə yanaşı, gələn turistlərə müxtəlif əyləncələr də təklif edilir. Luna parklar, əyləncə mərkəzləri və Bavariya milli mətbəxi ilə bağlı keçirilən yarmarka və pikniklər bunlara misal göstərilə bilər.

XXI əsrin əvvəllərində Oktoberfest ilə bağlı olan ənənələrdə ciddi dəyişikliklər yaşanmadı. Münhen şəhərinin simvollarından biri halına gələn bayram təkcə Avropadan yox, digər qitələrdən olan pivə və karnaval həvəskarların da hər ötən gün özünə cəlb etməkdədir. 2005-ci ildən etibarən festival iştirakçıları arasında fərdi çadır anlayışı yaranmağa başlandı. Ailə və dost mühitləri üçün hesablanmış 7-8 nəfərlik pivə çadırlarının qurulması ilə tədbirin daha sakit formada keçirilməsinə nail olundu. Şəhər sakinlərinin narahat edilməməsi üçün festival çərçivəsində musiqinin aşağı səslə verilməsinə xüsusi diqqət göstərilir. Saat 18:00 qədər musiqilərin aşağı tonda səsləndirilməsi şərtdir. Bununla yanaşı səsləndirilən musiqilərin səs desibelinin 85-dən yuxarı olmaması tələb olunur.


Oktoberfest üçün musiqi ilə bağlı gətirilən məhdudiyyətlərin səbəbi ənənəvi pivə festival mühitinin qorunması olub. Gurultulu musiqinin bir pivə festivalından daha çox rok festivalı təəssüratı yaradacağı fikri festival iştirakçılarının musiqi ilə bağlı belə qərarlar alması ilə nəticələnib. 2008-ci ildə Bavariya əyalət şurası tərəfindən qəbul edilən qərar ilə Oktoberfestin keçildiyi ictimai məkanlarda siqaret istifadəsi qadağan edilib. Qərarın siqaret çəkməyən festival iştirakçılarının tələbi ilə qəbul edildiyi iddia edilsə də Bavariya əyalətində tütün məmulatları ilə bağlı bir qanun layihəsinin olmaması siqaret çəkən kəsim tərəfindən etirazla qarşılanıb.


Yaşanan etirazlar nəticəsində Almaniya hökuməti siqaretdən istifadəni yalnız festival meydançalarında yaradılan xüsusi kiçik barlarda leqallaşdırıb. Təşkilatçıların əsas hədəflərindən biri böyük çadırlarda siqaretdən istifadə üçün icazənin alınması ilə bağlıdır. Oktoberfest zamanı siqaretdən istifadə məsələsi bu gün belə öz aktuallığını qorumaqdadır. 2010-cu ildə Oktoberfestin 200 illik yubileyi xüsusi təntənə ilə qeyd edilib. İlk illərdə keçirilən festivallarda olduğu kimi 200 illik münasibəti ilə keçirilən festival zamanı da at yarışı təşkil edilib. 2013-cü ildə 6.4 milyon ziyarətçinin axını ilə nəticələnən festival zamanı iştirakçılar tərəfindən 6.7 milyon litr pivə içilib.


Oktoberfest festivalında iştirak edən pivələrin (alm. Reinheitsgebot) olaraq adlandırılan Alman Təmiz Pivə Qanunu normalarına cavab verməsi və Münhen şəhərinin sərhədləri daxilində hazırlanmış olması tələb olunur. Bu kriteriyalara cavab verən pivələr şərti olaraq Oktoberfest pivələri adlanır. Alman Təmiz Pivə Qanunu tərəfindən qoyulan standartlara cavab verməyən və Münhen şəhərinin sərhədləri daxilində hazırlanmamış pivələrin festivalda iştirak etməsi qadağandır.

Kriteriyalara cavab verən və festivalda iştirak etmək hüququ olan markalar isə bunlardır:

Augustiner Bräu

Hacker-Pschorr

Löwenbräu

Paulaner

Spaten-Franziskaner-Bräu

Hofbräuhaus

Yuxarıda göstərilən altı pivə markasının yaratdığı Münhen Pivə Klubu tərəfindən hər il Oktoberfest pivələrinin növləri müəyyənləşdirilir.


Hər il festival sonrası ərazidən min tondan yuxarı tullantı toplanılır. Münhen şəhər şurası zibil tullantılarının yığışdırılması və festival meydançalarının təmiz saxlanılması üçün bayram müddətincə ərazidə gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Zibillərin toplanması ilə sponsor şirkətlər və Münhen şəhər şurası məşğul olur. Oktoberfest zamanı ziyarətçilərin ən çox ehtiyac duyduğu məsələlərdən biri də səyyar tualetlərlə bağlıdır. 2004-cü ildə tualetlərin azlığı ilə bağlı yaşanan problemlər festival meydançaları ətrafında antisanitar vəziyyətin yaşanması ilə nəticələnmişdi. Problemin aradan qaldırılması məqsədi ilə Münhen şəhər şurası növbəti il səyyar tualetlərin sayını 20% artırdı. 2005-ci ildə 1.800 səyyar tualet festival iştirakçılarının xidmətinə verildi. 2014-cü ildə ərazidə iki mindən çox səyyar tualet quraşdırılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.