Aynar həbsindən danışdı - "İki nəfər gəlib, 10-15 dəqiqə ərzində yoxlama aparıb, heç bir problem çıxmayıb"

12-10-2015, 21:45           
Aynar həbsindən danışdı - "İki nəfər gəlib, 10-15 dəqiqə ərzində yoxlama aparıb, heç bir problem çıxmayıb"
Dünən "Nar cafe"də keçirilən əməliyyat zamanı saxlanılan, bu gün isə məhkəmə qərarı ilə cərimələnərək sərbəst buraxılan nazir Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov hadisə ilə bağlı danışıb.

teref.az xəbər verir ki, deputat Elton Məmmədovun oğlu atv.az-a açıqlamasında bildirib ki, hazırda işdədir:

"Deyə bilərəm ki, adıçəkilən obyektdə dünən yoxlama olub. İki nəfər gəlib, 10-15 dəqiqə ərzində yoxlama aparıb, heç bir problem çıxmayıb. Onlar da çıxıb gediblər".

Maraqlıdır ki, Aynar özü hadisəni təsdiqləsə də, atası Elton Məmmədov "Turan"a açıqlamasında sözügedən xəbəri təkzib edib:

“Bu məlumatlar yalandır, boş şeylərdir. Belə yalan məlumatlara görə məni narahat etməyin. Aynar hazırda işdədir”.

"Qafqazinfo" bildirir ki, övladları ilə bağlı mətbuatda dərc olunan və fakt şəklində heç bir halda təkzib olunmayan xəbərlərin ata Elton Məmmədov tərəfindən yalanlanması birinci hadisə deyil.

Ata və oğul hadisə ilə bağlı detalları gizlətsə də, "Qafqazinfo"nun əməkdaşı günün birinci yarısında "Nar cafe"yə baş çəkmişdi və kafenin işçiləri hadisəni təsdiqləmişdi. Onlar Aynar Məmmədov başda olmaqla dünən axşam orada olan hər kəsin saxlanıldığını qeyd etmişdilər.

Daha sonra Daxili İşlər Nazirliyi də məlumatı təsdiqləmişdi. Məlumatda əks olunurdu ki, "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.