Azərbaycanda əmanətə xəyanətin daha bir ünvanı: Lombardlar - VİDEO

13-10-2015, 12:24           
Azərbaycanda əmanətə xəyanətin daha bir ünvanı: Lombardlar - VİDEO
Lombard fəaliyyəti ilə məşğul olanlara qarşı şikayətlər artıb.

ANS TV-nin məlumatına görə, bir vaxtlar vətəndaşlar sosial durumları ilə bağlı problemlərini banklardan götürdükləri kreditlərlə həll edirdilər. Sonradan bankların bu prossesdə şərtləri sərtləşdirməsi, sakinlər arasında lambardlara olan marağı artırdı.


Amma təəssüf ki, son zamanlar lombard və vətəndaşlar arasında baş verən problemlər, daha dəqiq desək lombard sahiblərinin vətəndaşların qızıllarını mənimsiyərək ortadan yox olması, bu sahədə müvafiq tədbirlərin görülməsi məsələsini gündəmə gətirib.

Elə təkcə son aylara nəzər yetirsək paytaxtda bir neçə lombard fəaliyyəti ilə məşğul olan şəxslərin vətəndaşaların qızıllarını götürüb, ofislərini bağlayaraq yoxa çıxdığını görmək olar. Düzdür həmin şəxslər polis tərəfindən axtarılır. Amma burada həm zaman baxımından həm də maddi tərəfdən itirən yenə də vətəndaş olur. Mütəxəssislər lombard və vətəndaş arasında yaşanan problemlərin əsas səbəbini onların Maliyyə Nazirliyi və Mərkəzi Bank qarşısında heç bir məsuliyyət daşımamalarında görür.

İqtisadçı Vüqar Bayramlı bildirib ki, Azərbaycanda lombardlar xüsusi lisenziya tələb edən fəaliyyət növü deyil. Bunun üçün sadəcə elektron qeydiyyatdan keçmək və VÖEN almaq kifayətdir. Onlar nə Maliyə Nazirliyinə nə də, Mərkəzi Banka hesabat vermirlər.

Bu gün vətəndaşlar iki cür lombard xidmətindən yararlana bilir. Fiziki şəxslər tərəfindən və bank olmayan kredit təşkilatlarına müraciət etməklə. Bu xidmətlər həm təhlükəsizlik baxımından, həm də faiz dərəcələrinə görə də fərqlənir. Fiziki şəxslərin təklif etdiyi faiz dərəcəsi ildə 60% civarında, bank olmayan kredit təşkilatlarının təklif etdiyi faiz dərəcəsi isə 25-30% arasında dəyişir. Amma bunlar arasında fiziki şəxslər tərəfindən göstərilən lombard xidmətləri üstünlük təşkil etdiyindən problemlərə də elə ən çox bu sahədə rast gəlinir.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov, vətəndaşlara təhlükəsizlik baxımından bank olmayan kredit təşkilatlarına müraciət etməyi məsləhət görür. Çünki, burada müəyyən müqavilələr bağlanılır və faizi aşağıdır.

Lombardların fəaliyyəti 1997-ci ildən etibarən “Lombard fəaliyyətinə xüsusi razılıq, lisenziya verilməsi qaydalarının təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Mülki Məcəllənin 302.5-ci maddəsinə görə, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur.

Amma təəssüf ki çox vaxt lombard və vətəndaş öz hüquqlarını bilmədiyi üçün bu cür xoşa gəlməz hallar baş verir. Bu da ən yaxşı halda həmin şəxsin polis tərəfindən tutulması və həbs edilməsi ilə başa çatır. Mənimsənilmiş qızılları da çox vaxt geri qaytarmaq mümkün olmur. Odur ki, bu şəxslərə və ya xidmət sahələrinə müraciət edərkən ehtiyatınızı əldən verməyin.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.