"Ailəmizdə bir nəfər də sağlam adam yoxdur" - Xərçəng xəstəsi olan Qarabağ əlili
13-10-2015, 19:51
Zəngilan rayonundan məcburi köçkün olan Elman İsmayılov 6 saylı məcburi köçkünlər üçün nəzərdə tutulmuş yataqxanada yaşayır. 1993-ci ildən ailəsi ilə birlikdə burada məskunlaşdıqlarını deyən məcburi köçkün illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.
Musavat.com-a şikayət edən E.İsmayılov deyir ki, xəstəliyi ilə bağlı dəfələrlə Zəngilan Rayon İcra Hakimiyyətinə müraciət etsə də, icra hakimiyyəti tərəfindən ona və ailəsinə biganə yanaşılır: “1993-cü ildə Zəngilan rayonu işğal olunduqdan sonra ailəmlə birlikdə birotaqlı mənzilə yerləşdirdilər. Özüm isə Horadizə cəbhə bölgəsinə yola düşdüm. Bir müddətdəm sonra həkimlər məndə xərçəng xəstəliyi aşkar etdilər. İki dəfə ağır əməliyyat keçirdim. Əmək qüvvəmi itirdim. İndi dövlət mənə II qrup əlillik üçün 115 manat təqaüd verir”.
Şikayətçi övladlarının da çətin vəziyyətdə yaşamaqdan xəstə olduqlarını dedi: "3 oğlum var. Böyük oğlumun gözləri yaxşı görmür. Əməliyyata ehtiyacı var. Zərifə Əliyeva adına Xəstəxanada qeydiyyatdadır. Həkimlərin verdiyi rəyə görə, hər 3 aydan bir müalicə almalıdır. Əgər müalicə almasa, görmə qabiliyyətini tamamilə itirəcək. İkinci oğlum epilepsiya xəstəliyindən əziyyət çəkir. Hətta bir dəfə pilləkəndən yıxıldı, 1 saylı Mərkəzi Kliniki Xəstəxanada əməliyyat olundu. Ən kiçik oğlum Araz İsmayılov skalioz xəstəliyindən əziyyət çəkir. Kürək və sinə nahiyəsi sıxılır. Gecələr yata bilmir. Xəstəlik gözümüzün önündə övladımızı əlimizdən alır. Həyat yoldaşım da xəstədir, imkansızlıqdan müalicə etdirə bilmirik”.
Məcburi köçkün Elman İsmayılov əlilliyə görə aldığı 115 manat təqaüdlə dolana bilmədiklərini bildirdi: “Övladlarımın və mənim dərmanlarımı almaq üçün kifayət qədər pul lazımdır. Dərmanın birini alanda, birini ala bilmirik. Bu gün uşaqlar dərmanı nisyə alıblar. Gözümüzü yalnız əliliyim üçün aldığım 115 manata dikmişik. Dərmanları çatdıra bilmirik. Qida qəbul edə bilmədiyim üçün “sistem”lə yaşayıram, mənə vaxtaşırı qan köçürülməlidir”.
Şikayətçi deyir ki, ailəsinin durumu ilə bağlı ölkə başçısına məktub yazıb. Məktuba cavab olaraq bildirilib ki, Zəngilan Rayon Icra Hakimiyyəti lazımı köməklik edəcəkdir. Lakin Qarabağ əlilinin sözlərinə görə, 3-4 aydan bir Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən onlara 100 manat köməklik olunur: "İcra Hakmiyyətindən bildirildi ki, bundan artıq köməklik etməyimiz mümkün deyil. Mən də onlara dedim ki, əgər köməklik edə bilmirsinizsə, ərizəmi qaytarın geri, bəlkə cənab prezident köməklik etmək üçün başqa bir yerə göndərdi. Övladlarımın müalicəsi özəl xəstəxanalarda mümkündür. Bunun üçün müəyyən vəsait lazımdır. Ümumi götürəndə övladlarımın və mənim müalicəmə 7-8 min manat vəsait lazımdır. Ömrümün sonuna az qalıb onsuz da, bu həyatda övladlarımı xəstə qoyub, getmək mənə ağır gəlir. Dövlətimdən mənə köməklik göstərilməsini xahiş edirəm”.
Məsələ ilə bağlı Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümovla əlaqə saxladıq və problem haqqında məlumat verdik. Telefonumuza cavab verən Nizami Mönsümov hazırda aparatdan zəng gəldiyini və məşğul olduğunu dedi. Lakin sonradan əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
Üzləşdiyi ağır problemi mətbuatda ictimailəşdirməyə çalışan məcburi köçkün aidiyyatı qurumlardan onlara cavab veriləcəyinə ümid edir.