İlham Əliyev deputat və nazirləri bir yerə toplayır – istefalar davam edəcək

18-10-2015, 10:44           

Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Buta” sarayında 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə rəsmi qəbul keçirəcək. Hökumət üzvləri, Milli Məclisin deputatları, nüfuzlu KİV və QHT rəhbərləri, eləcə də diplomatların dəvət olunduğu tədbirdə prezidenti bir sıra mühüm mesajların veriləcəyi gözlənilir. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, qəbulda ölkənin gələcək siyasi və iqtisadi kursu ilə bağlı mesajlar səslənidiriləcək: “Bu qəbul prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı mesajlarının davamıdır. Qəbulda ölkənin neft gəlirlərinin azalması fonunda ölkənin üzləşdiyi problemlərin çözülməsi istiqamətində atılacaq addımlar səsləndiriləcək”.

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasına toxunan mənbə bildirir ki, istefalar davam edəcək: “Hamı istefaları seçkidən sonra gözləyirdi. Ancaq İ.Əliyevin bu sərəncamı göstərdi ki, prezidentin seçkinin sonunu gözləmək fikri yoxdur və ardıcıl addımlar atılacaq. Çox güman ki, seçkiyə qədər bir neçə iri çaplı məmur işdən çıxarılacaq. Prezident postneft dövrünə yeniləşmiş komanda ilə getmək niyyətindədir.”

Yada salaq ki, oktyabrın 12-də İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Prezident yekun nitqində hökumətin fəaliyyətini kəskin tənqid edib.

İstiqlal.az həmin tənqidi fikirlərin bəzi tezislərini təqdim edir:

Maliyyə nizam-intizamı gücləndirilməlidir. İsrafçılığa, izafi xərclərə yol verilməməlidir. Bəzi hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə müraciət edirlər ki, əlavə vəsait ayrılsın. Bu da yığışdırılmalıdır. İndi biz imkanımız nəyə çatırsa, onu da edirik. Hər bir insan, o cümlədən ölkələr yorğanına görə ayağını uzatmalıdır və məhz bu siyasət bizi bütün mümkün olan iqtisadi risklərdən qorudu. Çünki əgər biz qazandığımızdan daha çox xərcləsəydik indi iqtisadi vəziyyətimiz ağır ola bilərdi.
Ona görə, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır, bu tapşırıqlar verilmişdir. Bununla bərabər, vacib olan bütün layihələrə kifayət qədər vəsait ayrılacaq.

***

Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir. Bir sözlə, maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir.

***

Sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət tələb, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır. O ki qaldı Dövlət Neft Fondundan ənənəvi transfertlərə, o transfertlər ancaq investisiya layihələrinə yönəlməlidir.

***

Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Bu mübarizə aparılır. Ancaq deyə bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik. Əlbəttə ki, inzibati tədbirlər və cəza tədbirləri tətbiq ediləcək. Bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır. Çünki görürük ki, inzibati tədbirlər və cəza tədbirləri bir çox hallarda öz səmərəsini vermir, müvəqqəti xarakter daşıyır, bəzi hallarda insanların dəyişməsi o qədər də böyük səmərə vermir. Ona görə, sistem xarakterli islahatlar davam etdirilməlidir, yeni təkliflər verilməlidir və əlbəttə ki, “ASAN xidmət”in təcrübəsi geniş tətbiq edilməlidir.

***

Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə də böyük ehtiyac var, bu sahəyə yenidən baxmalıyıq. İndi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vaxt var idi bizim iqtisadi artım ildə 20-30 faiz təşkil edirdi. Bu, əlbəttə ki, neft hasilatının kəskin şəkildə artması və neft qiymətlərinin qalxması ilə bağlı idi. İndi o dövr arxada qaldı. İndi neft hasilatı Azərbaycanda sabitləşib və əminəm ki, uzun illər bundan sonra sabit olaraq qalacaqdır. Əlbəttə ki, biz indi böyük qaz layihəsi üzərində işləyirik. Bu da bizə əlavə gəlir gətirəcək. Bununla bərabər, hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu sahəyə də diqqət verilməlidir.

***

Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq. Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq.

***

Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər.

***

Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq.

***

İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ ciddi nəticələrə nail ola bilməmişik, həm istehsalda, həm də idxalda. Burada da, bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq. Burada artıq deyildi ki, biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün?

Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun. Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!

***

Dərman preparatları bazarında çox ciddi dönüş yaradılmışdır. Dövlət bu sahəni artıq öz nəzarətinə götürüb. Əvvəlki illərdə bu, daha çox biznes sahəsi kimi qəbul edilirdi. Yəni ki, bazar var, tələbat var, təklif var. Bazar hər şeyi tənzimləyir. Ancaq bu məsələ ilə bağlı dərindən məşğul olmağa başlayanda gördük ki, burada çox böyük pozuntular var.

Bəzi dərmanların qiymətləri bir neçə dəfə şişirdilir. Keyfiyyət baxımından da bizi o qədər də qane etmir. İndi artıq yeni dövlət tənzimləmə mexanizmi tətbiq edilir. Sentyabrın 15-dən artıq insanlar bunu hiss etməyə başlayıblar. İlin sonuna qədər artıq əksər dərman preparatlarının yeni qiymətləri olacaqdır. Dərmanların keyfiyyətinə də çox böyük diqqət göstərilir. Dərmanların qiyməti aşağı düşür və düşəcək. Bu da ilk növbədə çox ciddi sosial addımdır. Digər tərəfdən, bu, o sahədir ki, orada işlər düzgün qurulmamışdır. Elə sahələr kifayət qədər çoxdur. Ona görə, hər bir sahə təhlil edilməlidir. Harada qüsurlar, çatışmayan cəhətlər var aradan qaldırılmalıdır. Dərman preparatları bazarı ilə bağlı demək olar ki, bir ilə yaxın çox ciddi iş, təhlil aparılırdı və artıq gözəl nəticə də var. İnsanlar da razıdır. Dövlət də indi bu sahəni öz nəzarətinə götürüb. Əminəm ki, idxal olunan dərmanlardan əldə ediləcək vergi, gömrük rüsumu formasında vəsait daha da böyük həcmdə olacaq. Yəni, büdcəmizə də bunun böyük xeyri olacaq.

İstiqlal.az xatırladır ki, İ.Əliyev prezidentliyi dövründə ilk dəfə olaraq 18 oktyabrda rəsmi qəbul keçirir. Adətən belə qəbullar 28 may Respublika günü ilə bağlı olurdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.