"Ziya Məmmədov iş başındadır" - Nazirin özü haqda yazılanlara reaksiyası..
19-10-2015, 14:54
“Nəqliyyat naziri Ziya Məmmədov oktyabr ayının 22-nə qədər əmək məzuniyyətindədir. Amma bu gündən etibarən işə çıxır”.
Bu haqda Modern.az saytına Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov məlumat verib.
N.Həsənov deyib ki, Ziya Məmmədov, həmçinin bütün personal Nəqliyyat Nazirliyində iş başındadır. Onun sözlərinə görə, nazir hətta məzuniyyətdə olduğu müddətdə də işə gəlib-gedib:
“Mən özüm də məzuniyyətdə olanda vacib işlə bağlı nazirlikdə olmuşam. Düşünürəm ki, burada qəbahətli heç nə yoxdur. Nazirin də haqqı-hüququdur, bəlkə imzalayacağı rəsmi bir sənəd var. Niyə bu qədər şişirdirlər hər şeyi, anlamıram. Hətta əvvəlki illərdə Ziya müəllim məzuniyyətə çıxmasına baxmayaraq, məzuniyyət boyu iş başında olub”.
Nazirlik rəsmisi bəzi mətbuat nümayəndələrini yalan informasiya tirajlamaqdan yayınmağa çağırıb:
“Təəssüf ki, bəzi KİV-lər məlumatı dəqiqləşdirmədən, ağıllarına gələni yazırlar. Bu da jurnalistikanın prinsiplərinə zidd olmaqla yanaşı, ümumiyyətlə ictimaiyyəti çaşdırmağa yönələn informasiyalardır.
Məndən məlumatı soruşurlar. Açıb baxıram jurnalist mənim adımdan yazıb ki, “Ziya Məmmədov toplantı keçirir”. Axı mən sənə belə bir açıqlama verməmişəm. Niyə yalan yazırsan?”.
Maraqlıdır Ziya Məmmədov özü barədə mətbuatda tirajlanan məlumatlarla bağlı hansı qənaətdədir?
N.Həsənov deyir ki, nazir özü barədə yazılanlara heç bir reaksiya vermir:
“Çünki, bunların heç biri həqiqətə uyğun deyil. Ziya müəllimin mənə tapşırığı da budur ki, yalnız peşəkar jurnalistlərin yazdığı və nəqliyyat nazirliyi ilə bağlı, fakta əsaslanan məlumatlara cavab verilsin. Kimsə cəfəngiyyat yazırsa, mən vaxtımı sərf edib ona münasibət bildirmirəm. Hətta jurnalistlərin birinə də demişəm ki, cəfəngiyyat yazmaqdansa, gedib əsər oxusun. Bəlkə o zaman daha faydalı olar..”.