“MTN şefinin istefasından sonra Əliyev komandasını yeniləyir”

20-10-2015, 10:16           
“MTN şefinin istefasından sonra Əliyev komandasını yeniləyir”

“Azərbaycanın milli təhlükəsizlik nazirinin istefası noyabrın 1-də bu ölkədə keçiriləcək parlament seçkiləri və prezident İlham Əliyevin bu nazirliyin ölkədə sosial narazılığın artmasına verdiyi reaksiyaya münasibəti ilə bağlıdır”.

Virtualaz.org saytı xəbər verir ki, bunu Rusiyanın nüfuzlu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya XİN yanında Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MQİMO) Qafqaz Problemləri və Regional Təhlükəsizlik Mərkəzinin baş elmi işçisi Vadim Muxanov deyib.

“Ötən şənbə günü prezident İlham Əliyev MTN rəhbərini vəzifəsindən azad etdi. Əlbəttə, əsas səbəblərdən biri qarşıdan gələn 1 noyabr parlament seçkiləridir. Bu istefa onu göstərir ki, birinci şəxs ölkədəki vəziyyətdən və böyük ehtimalla ayrı-ayrı qurumların ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar sosial narazılığın artmasına reaksiyasından açıq-aşkar narazıdır” - deyə V.Muxanov bildirib.

Ekspertin fikrincə, “ölkənin sosial-siyasi həyatındakı istənilən ciddi dəyişiklik öz əksini Mahmudovun karyerasında tapmaya bilməzdi, çünki bu məsələlər onun məsuliyyət zonasına daxildir”.

V.Muxanov əlavə edib ki, Azərbaycandakı vəziyyət son illər rusiyalı və digər əcnəbi ekspertlərin əsas müzakirə mövzularından idi və “bu ölkədəki situasiyanın sabit və proqnozlaşdırılan olmasına dair heç bir rəy yoxdur”: “Belə səs-küylü istefalar Azərbaycan üçün xarakterik deyil. Yüksək rütbəli məmurların dəyişdirilməsi bu ölkədə çox nadir hallarda baş verir. Hər halda son illər Azərbaycandan gələn bu cür xəbərlər barmaqla sayılacaq qədər azdır. Hakimiyyətin yuxarı eşelonları çoxdan yerbəyer olub və oturuşub. Yüksək rütbəli məmur çevrəsi oğul Əliyevə atasından miras qalıb. Bu ölkədə Gürcüstan və ya Ermənistanın ali siyasi eşelonlarında olduğu kimi amansız mübarizə getmir”.

Bununla belə rusiyalı analitik MTN şefinin seçki ərəfəsindəki istefasına başqa rakursdan yanaşmağa da meylənir: “Bu, onun əlamətidir ki, ola bilsin İlham Əliyev köhnədən qalma məmurları və Heydər Əliyev dövrünün administrasiyasını tədricən hansısa yeni fiqurlarla əvəzləyib dəyişmək, komandasını yeniləmək barədə düşünür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.