İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
22-01-2019, 04:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.
“Report” xəbər verir ki, dövlət başçısı yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.
Görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib.
Söhbət zamanı Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Prezident İlham Əliyevi yenidən Davosda görməkdən məmnunluğunu bildirdi və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını qeyd etdi. Borge Brende son iyirmi ildə Bakının sürətlə tanınmaz dərəcədə dəyişdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək dedi ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artdığını vurğulayan Prezident İlham Əliyev əminliklə bildirdi ki, biz bu vacib layihədə yaxşı tərəfdaşlar olacağıq.
Prezident İlham Əliyev növbəti dəfə Dünya İqtisadi Forumunda iştirakından və Forumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Forumu dünyada gedən transformasiya prosesinin yeni təmayülləri və çağırışların müzakirəsi baxımından əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Azərbaycanın öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla qurduğunu bildirib.
Prezident İlham Əliyev ölkəmizdə aparılan islahatlar, inkişaf prosesləri barədə məlumat verdi, böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının həm ölkəmiz, həm də region üçün əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verdi.
Borge Brende Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıqdan və ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rolu var. Dünya İqtisadi Forumu bu rolu qiymətləndirir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.
AzərTAc xəbər verir ki, dövlətimizin başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın “Bir kəmər-bir yol” layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxundu.
Sonra Prezident İlham Əliyev CGTN televiziya kanalının xatirə kitabına ürək sözlərini yazdı.
***
İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumu işinə başlayıb.
Forumun əsas mövzusu bu il "Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal arxitekturanın formalaşması" olacaq.
Forumun əsas proqramı yanvarın 22-də başlayacaq.
Davos forumuna 110 ölkədən 3 mindən çox iştirakçı toplanacaq. Forumda 60-dan çox dövlət başçısının, o cümlədən Yaponiyanın Baş naziri Sindzo Abe, Almaniya Kansleri Angela Merkel, İtaliya Baş naziri Cüzeppe Konte, İspaniya Baş naziri Pedro Sançes, Əfqanıstan Prezidenti Əşrəf Qəni, İraq prezidenti Bərham Saleh və başqalarının iştirak edəcəyi gözlənilir.
ABŞ administrasiyasının nümayəndə heyəti şatdauna görə Davosa getməyəcək.
Tədbir iştirakçıları energetika, rəqəmsal iqtisadiyyat sahəsində strateji proqnozları müzakirə edəcək, qlobal maliyyə riskləri, qloballaşma, kriptovalyuta, inkişaf etməkdə olan bazarlar, kibertəhlükəsizlik, gələcək demokratiya və s. mövzularda müzakirələr aparacaqlar. Davosda həmçinin Yaxın Şərqdəki, o cümlədən Liviya və Suriyadakı vəziyyət barəsində fikir mübadiləsi aparılacaq.
Forum yanvarın 25-də başa çatacaq.