60-dan çox dövlət və hökumət rəhbərini Davosa gətirən səbəblər
23-01-2019, 08:39
Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edən prezident İlham Əliyev Azərbaycana maraq göstərən bir sıra nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşüb
Yanvarın 21-dən İsveçrənin Davos şəhərciyində 49-cu eyni adlı Beynəlxalq İqtisadi Forum öz işinə başlayıb. “Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması” devizi altında keçirilən builki forumda dünyanın 110 ölkəsindən 3500-dən yuxarı dövlət və hökumət, beynəlxalq təşkilat rəhbəri, ən nüfuzlu şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edən prezident İlham Əliyevin İsveçrə Konfederasiyasına işgüzar səfəri davam edir. Dövlətimizin başçısı yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.
Görüşdə prezident İlham Əliyev ölkəmizdə aparılan islahatlar, inkişaf prosesləri barədə məlumat verib, böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının həm ölkəmiz, həm də region üçün əhəmiyyətini qeyd edib.
Yanvarın 22-də İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub. Görüşdə Azərbaycanla BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asiman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycan prezidenti “CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliottlə görüşüb. Prezident İlham Əliyev “Visa” şirkətinin prezidenti Rayan MakInerni ilə də görüşüb.
Görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğulanıb. O, son illər prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında “Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib. Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd etdi, bunun başqa ölkələr üçün də nümunə olduğunu deyib.
Prezident Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə də görüşüb.
Qeyd edək ki, Davos Forumunun əsası 1971-ci ildə iqtisadçı Karl Şvab tərəfindən qoyulub. İlk vaxtlar dünya beyin mərkəzi rəhbərləri və özəl sektor nümayəndələrinin illik toplantısı kimi tanınan forum Avropa İttifaqının yaxından dəstəyi ilə 80-ci illərdən əhatə dairəsini genişləndirib. Artıq burada müxtəlif dövlət və hökumət rəsmiləri, biznesin tanınmış simaları da iştirak etməyə başlayıb. Daha sonra Davos Forumu dünyanın üzləşdiyi qlobal problemlərin müzakirə olunduğu əsas toplantılardan birinə çevrilib. Bura eyni zamanda dünya biznesinin nəhəngləri arasında görüşlərin, müzakirə və anlaşmaların vətəni olmağa başlayıb.
Bu il forumda 60-dan yuxarı dövlət və hökumət rəhbəri iştirak edir. Bura Yaponiyanın baş naziri Sindzo Abe, Almaniya kansleri Angela Merkel, Çin dövlət rəhbərinin müavini Van Sişan, Braziliyanın yeni prezidenti Jair Bolsonar, İtaliyanın baş naziri Cüzeppe Konte, Əfqanıstan prezidenti Əhməd Qani, Azərbaycan prezidenti İlham Əliyev və digərləri aiddir.
ABŞ-da yaranan hökumət böhranına görə nə prezident Donald Tramp, nə də hökumətin digər təmsilçiləri forumun işinə qatıla bilmir. Belə ki, D.Tramp şətdaun üzündən 800 min “gözəl amerikalı işçi”nin əmək haqqı ala bilmədiyi günlərdə öz nümayəndələrinin səfərini təxirə saldığını bəyan edib. Bundan əvvəl gözlənilirdi ki, ABŞ nümayəndə heyətinə maliyyə naziri Stiven Minuçin və dövlət katibi Mayk Pompeo rəhbərlik edəcək. Lakin sonucda prezident Davosa heç kimi göndərməmək qərarına gəldi.
Bu il eyni zamanda Fransa prezidenti Makron da daxildəki sarı jiletlilər hərəkatı üzündən Davosa gedə bilməyib. Daxili siyasi problemlərə görə daha iki dövlət rəhbəri -Böyük Britaniyanın baş naziri Tereza Mey və Zimbabvenin prezidenti Emmerson Mnanqaqva da forumda iştirak etmir.
Rusiya prezidenti Vladimir Putin də Davosa getməyib. O, sonuncu dəfə bu toplantıda 2009-cu ildə baş nazir olarkən iştirak edib. Rusiya hər il Foruma böyük nümayəndə heyəti ilə qatılır. Lakin bu il vəziyyət fərqlidir. Belə ki, Rusiya nümayəndə heyətinin 3 üzvü - Oleq Deripaska, Andrey Kostin və Viktor Vekselberq ABŞ sanksiyaları altına düşdükləri üçün foruma qatıla bilmirlər. Forum təşkilatçıları onların iştirakına birbaşa qadağa qoymasa da, elə şərtlər təklif etdi ki, hər üç iş adamı özləri Davosa getməkdən imtina etdilər. Eyni zamanda Rusiya nümayəndə heyətinə rəhbərlik baş nazir müavinindən iqtisasdi inkişaf naziri Maksim Oreşkinə verildi.
Buna baxmayaraq, builki Davos Forumu beynəlxalq təşkilatların yüksək səviyyədə iştirakçılığı ilə keçir. Belə ki, BMT və onun müxtəlif qurumların, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərləri forum müzakirələrində iştirak edəcəklər.
Bir həftədən də az sürəcək forumda 350 müzakirə sessiyasının keçirilməsi nəzərdə tutulur. Bu sessiyalarda energetika və rəqəmsal iqtisadiyyat sahəsində strateji proqnozlaşdırma, qlobal maliyyə riskləri, qloballaşma, kriptovalyuta bazarı, inkişaf etməkdə olan bazarlar, kibertəhlükəsizlik və sair çoxsaylı mövzular ətrafında müzakirələr aparılacaq.
Bundan əlavə, Davosda Yaxın Şərqdə, xüsusilə də Liviya və Suriyadakı vəziyyətin də müzakirə olunması nəzərdə tutulur. Suriya məsələsinin qapalı görüşdə müzakirə olunmasını BMT-nin bu ölkə üzrə xüsusi təmsilçisi Geyr Pedersen təklif edib. O, bu yaxınlarda Dəməşqdə olaraq Bəşər Əsəd hökuməti və müxalifət təmsilçiləri ilə görüşlər keçirib.
Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Karl Şvab bildirib ki, dünyada gedən sürətli dəyişikliklərlə bağlı beynəlxalq ictimaiyyət səylərini gücləndirməlidir. Onun sözlərinə görə, qloballaşan müasir dünyanın əsas problemləri builki forumun diqqət mərkəzində olacaq. Dördüncü sənaye inqilabının özü ilə gətirdiyi çağırışlar ekologiyanın qorunması üçün tələblər, çoxqütblü dünya nizamı və getdikcə artan qeyri-bərabərliklə birgə addımlayır. Bütün bu inkişaf istiqamətləri qloballaşmanın yeni erasının təməlini təşkil edirlər. Buna görə də yerli, milli və beynəlxalq idarəçilikdə vaxtında yeni şəraitə uyğun adekvat addımların atılması tələb olunur.
Bu günlərdə Davos ən müxtəlif görüşlər, təmas və danışıqlar məkanıdır. Oraya hər kəs öz məqsədinə, hədəflərinə uyğun görüşlər keçirmək imkanı qazanmaq ümidilə gəlir: kimi dünya neft bazarındakı, kimi öz ölkəsindəki vəziyyəti müzakirəyə çıxarmağı planlayır.
Dövlət rəhbərlərinin Davos Forumunda iştirakı pulsuzdur. Onları təşkilatçılar dəvət edirlər. Lakin qalan şəxslərin iştirakı üçün iri həcmdə pul ödənməsi tələb olunur. Forumun büdcəsi əsasən üzvlük haqqı ödənişlərindən formalaşır. Son illərdə bu haqq sürətlə bahalaşır. Əvvəllər 24 min İsveçrə frankı olan korporativ üzvlük haqqı indi 350 min frankı keçib. Forumun üzvü olmadan onun işinə qatılan şirkətlər milyonlarla frank xərcləməli olurlar.
Forumun sayı 100-ü keçən tərəfdaş şirkətləri arasında “Nestle”, Barclayz,Credit Suisse, Deloitte, Deutsche Bank, Google və digər dünya nəhəngləri var.
Forumda iştirakçılıq hüququ əldə etmək böyük xərclər bahasına başa gəldiyi üçün son illərdə “Davosda qənaət qəbul olunmur” deyimi formalaşıb. Forumda standart iştirakçı paketinin qiyməti 72 min dollar, premium paketin qiyməti isə 360 min dollardır. Premium paket forumun fəaliyyətində bütün il ərzində iştirak imkanı yaradır.
Strateji tərəfdaşların illik üzvlük haqqı 500 min frank təşkil edir. Onlar foruma 5-6 nümayəndə göndərmək hüququna malikdirlər - lakin bu zaman hər iştirakçı üçün 30 min frank əlavə ödəniş edilməli, 6-cı iştirakçı mütləq qadın olmalıdır.
Hətta dəyəri 350 min frank olan premium iştirakçı paketi belə foruma qatılanların Davosda qalmaq xərclərini özündə ehtiva etmir. Buna görə də iştirakçı dövlətlərin nümayəndələri yerləri 1 il əvvəldən bron edirlər. Kiçik malikanələr illər boyu tutulmuş olur. Apartamentlərin qiyməti forum günlərdə kəlləçarxa çıxır - 2-2,5 min frank. Halbuki adi vaxtlarda onların dəyəri 100-125 frankdan yuxarı olmur. Fərdi evlərin ən “kasıbı”nın bir gecəsi 1000 frankdan aşağı olmur. Buna görə də əksər biznesmenlər Davosun yaxınlığında yerləşən Sankt-Moritse, Luqano və Lokarno şəhərciklərində qalmağa üstünlük verirlər. Buradan forum keçirilən yerə onlar helikopter-taksilərlə gedirlər.
Davos Forumunda iştirakçıların təhlükəsizliyini qorumağa 5 mindən yuxarı hərbçi cəlb olunur. Mühafizə işlərinə 10 milyon dollara yaxın vəsait xərclənir.
Dünya liderlərinin görüş-müzakirə məkanına çevrilə Davosda aparılan müzakirələr bir qayda olaraq, arxasınca anlaşma və sazişlər gətirir. Hətta bir çox hallarda müqavilə və anlaşmalar elə Davosdaca imzalanır. Eyni zamanda dünyanın üzləşdiyi qlobal problemlər, çağırışlar burada söz sahibi olan liderlər tərəfindən müzakirə olunur, müvafiq qərarlar qəbul edilir. Buna görə də bu beynəlxalq səviyyəli tədbir, orada səsləndirilən fikirlər bütün dünyanın diqqət mərkəzində olur.
Dünya SAKİT,
“Yeni Müsavat”