Röya Rəfiyeva İsgəndər Həmidovla Sevinc Osmanqızından yazdı
30-01-2019, 09:44
Uzun müddətdir səhhətimlə və bəzi problemlərlə bağlı sosial şəbəkədə aktiv deyiləm. Amma ölkədə baş verənləri diqqətlə və narahatlıqla izləyirəm.
Məsələn, yeni Xalq Hərəkatının yaradılması ilə bağlı jurnalist Sevinc Osmanqızının İsgəndər Həmidovla müsahibəsini də izlədim. Müsahibədən hiss olunur ki, xanım jurnalist yaxın tariximizi yaxşı xatırlamır və siyasi gündəmi də yetərincə izləmir.
Məsələn, yeni yaradılan Xalq Hərəkatına diqqət çəkən jurnalist deyir ki, Xalq Hərəkatı deyəndə 1988-89-cu illər və lider Əbülfəz Elçibəy xatırlanır və bu adla İ.Həmidov imitasiya edir: “Niyə bu adı götürmək qərarına gəldiniz?”. Bəs Milli Şura deyiləndə nə yada düşür? Jurnalist deyəsən ilk Milli Şuranın 1918-ci ildə yaradıldığını unudub.
Jurnalist həm də deyir ki, yanvar ayında Bakıda keçirilən mitinqdə 20-25 min adamın iştirakından sonra Xalq Hərəkatı yaradılıb və o, bu hərəkatın Milli Şuraya alternativ kimi yaradıldığını iddia edir. Əslində isə belə bir hərəkat ideyası bir neçə il əvvəl (2015) siyasi tədbirlərdən birində səsləndirilib və mən də bu tədbirdə iştirak etmişəm. (http://musavat.com/news/siyaset/azadliq-2015-sechkinin-neticelerini-tanimir-fotolar_303089.html) 2016-cı ilin əvvəlində müxalidət düşərgəsində yaradılan Antiböhran Koalisiyası da bu istiqamətdə atılmış addım kimi görünürdü. (http://musavat.com/news/antibohran-koalisiyasi-28-aprelde-toplanir_342936.html)
Əslində gündəmdən və fürsətdən istifadə dedikdə, bunu ölkədəki prosesləri yaxşı izləsək, daha çox elə Milli Şurada görmək olar. Yaxın tarixə baxsaq, 2016-cı ildə Milli Şuranın Müsavatdan ayrı mitinq keçirməsi, Müsavatın mitinqindən bir gün əvvələ mitinq elan etməsi, mitinqə gələn Müsavat və digər müxalifət partiyası rəhbərlərini saymayaraq onlara çıxış üçün söz belə verilməməsi, ölkədən kənarda Milli Şuraya bağlı AND Hərəkatının bir il öncə Müsavat AKM-in tədbiri ilə eyni vaxtda, eyni şəhərdə tədbir keçirməsi və daha nələr... Son olaraq, bu ilin yanvarında Almaniyada AND, DAS və Müsavat AKM birlikdə Rəsulzadə ilə bağlı tədbir keçirdilər, bunu AND təmsilçiləri daha çox özlərinin tədbiri kimi təqdim etdilər. Bu proseslərin hamısını izləmişəm. Hətta Milli Şuranın sədri Cəmil Həsənli verilişimdə qonaq olarkən, Milli Şuranın 2016-cı ildə Müsavatla birgə mitinq keçirməməsini- “Bu, daha güclü görünmək istəyidir?”,- şəklində sualıma razılıq şəklində rəy bildirmişdi: “Daha güclü görünmək hər bir siyasi qurumun mühüm cəhətlərindən biridir”. https://www.youtube.com/watch v=Fh1F3Yfsw4U&index=30&list=PLaSmZzpoLC6bGypz-A7si0MR38pmHOzR1
Həmin vaxt prosesləri izləyən ekspertlər bildirirdilər ki, Milli Şuranın mitinq istəkləri və son dövrlərdəki fəaliyyəti imitasiyadır. O vaxt qurum meydana minlərlə insan toplasa da, nədənsə iki mitinqlə kifayətlənmişdi.
İ.Həmidov isə S.Osmanqızının verilişində ad çəkməsə də, sualların AXCP sədri Əli Kərimli tərəfindən yazıldığına işarə edirdi. Yadıma gəlir, “Kanal13”də işlədiyim il yarim ərzində bir neçə dəfə cəhd etsəm də, AXCP sədri verilişimə gəlmədi, görünür, fikirləşirdi ki, mənim də suallarımı kimsə hazırlayacaq və qərəzli olacaq...
Diqqətimi həm də o, çəkdi ki, S.Osmanqızı yeni Xalq Hərəkatında hamının hakimiyyətin istefasını istəyib-istəmədiyini də İ.Həmidovdan istehza ilə bir neçə dəfə soruşur. Yadıma Milli Şurada olan hakimiyyətdən qovulanlar düşdü. Məsələn, bir dəfə verilişimdə Milli Şuranın önəmli simalarından olan Gültəkin Hacıbəyli qonağım olmuşdu, uzun sürən cəhdlərdən sonra verilişimə gəlməsinə razı sala bilmişdim. Siyasətçi verilişdən əvvəl sualların əksəriyyətini sildirdi və tələb etdi ki, bunları verməyim. Verilişdə isə hansı mövzuda sual verirdimsə, məsələni fırlayıb siyasi məhbusların üzərinə gətirirdi. Axırda dözməyib soruşdum ki, bir neçə il əvvəl İlham Əliyevin alovlu təbliğatçısı olan və ölkədə siyasi məhbus olmadığını beynəlxalq görüşlərdə vurğulayan xanım üçün qısa illər (təxminən 3 il) ərzində nə dəyişdi ki, indi dayanmadan siyasi məhbuslardan danışır? Siyasətçi qəzəbləndi və məni qərəzli adlandırdı... İndi S.Osmanqızının verilişinə və digər bu kimi verilişlərə baxanda fikirləşirəm ki, mənə qərəzli deyənlər nə qədər ədalətsiz və qərəzli olublar...
Fikrim yeni Xalq Hərəkatını və İsgəndər Həmidovu müdafiə etmək deyil. Onun jurnalisti döyməsinə də haqq vermək olmaz. Amma o şəkildə suallar, o şəkildə kinayə və gülüş də peşəkar jurnalistə yaraşan davranış deyil...