Gömrük Komitəsinin sədrindən maraqlı açıqlamalar
31-01-2019, 08:34
Səfər Mehdiyev: “Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək”
Yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasından 27 il ötür. Musavat.com xəbər verir ki, gömrük əməkdaşları ilk olaraq Fəxri Xiyabana gələrək mərhum prezident Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirələrini ehtiramla yad edib, məzarları önünə əklil qoyublar. Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub.
Tədbir Dövlət Gömrük Komitəsinin inzibati binasında davam edib. Komitədə keçirilən tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, 2018-ci il islahatların yekunlaşdığı il olaraq tarixə düşəcək: “Belə ki, ötən il gömrük sisteminin strukturu yeniləndi. Polis nəzarət funksiyasından xidmət funksiyası strukturuna keçildi. Ötür-ötür xidməti və bu fonda baş verən təkrarlanmalar artıq ortadan qaldırıldı. Kadrların düzgün seçilməsi ilə bağlı attestasiya keçirildi. Ötən il büdcəyə 1 milyard vəsait köçürülüb. 1 ton 200 kq olan narkotikin aşkarlanması qaçaqmalçılıq sahəsində ən böyük uğurlarımızdan biridir. Xidmətdə çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması nəticəsində gömrük əməkdaşlarının məvacibi artırıldı. Biz gömrük sistemində şəffaflığın təmin olunması üçün gecə-gündüz fəaliyyət göstərəcəyik və dövlət başçısının tapşırıqlarını sonuna kimi yerinə yetirəcəyik.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam edəcək. Gömrük əməkdaşlarının bəziləri ötən il cinayət məsuliyyətinə cəlb edildi. Onlar iclaslarda xəbərdarlıqlarımıza baxmayaraq, gömrük andına sadiq qalmadılar və bu işə xələl gətirdilər. Biz bu sahədə qəti addımlarımızı bu il də atacağıq. Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək. Sahibkarlara da müraciət olunub ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsinlər. Sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatlar keçiriləcək. Sahibkarlar bu cür hallardan əl çəkmək istəmir. Cari ildə də belə faktlar mövcuddur. Bu sahədə ciddi tədbirlər keçiriləcək və icraçılar aidiyyəti qurumların rəisləri olacaq".
Daha sonra məruzə nitqi ilə çıxış edən DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, 2018-ci ildə dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə büdcəyə 3 milyard 434 milyon manat gömrük ödənişlərinin köçürülməsini təmin edib: “İlin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz artıq gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. 2018-ci ilin iyun ayında illik büdcə proqnozunun dürüstləşməsi zamanı Dövlət Gömrük Komitəsi üçün əlavə olaraq 760 mln. manat büdcə öhdəliyinin müəyyənləşdirilməsini nəzərə alsaq, bütövlükdə 3 mlrd. 190 mln. manat proqnoza qarşı müqayisədə faktiki olaraq 244 mln. manat və ya 107,6 faiz artıq gömrük ödənişləri dövlət büdcəsinə köçürülüb.
Hesabat dövründə ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 28.3 faiz və ya 6 milyard 821 milyon dollar artaraq 30 milyard 924 milyon ABŞ dolları təşkil edib. İxracın həcmi 27 faiz artmaqla 19 milyard 460 milyon dollar, idxalın həcmi isə 30.5 faiz artaraq 11 milyard 465 milyon ABŞ dolları olub. 2017-ci illə müqayisədə 2 milyard 682 milyon ABŞ dolları məbləğində artan idxalın həcminin heç də hamısı vergitutma bazası olmayıb. Aparılan təhlillərin nəticəsi olaraq qeyd etmək lazımdır ki, artan idxalın tərkibində Dövlət Neft Fondu və Mərkəzi Bank tərəfindən imtiyazlı qaydada idxal olunan 803.0 milyon dollar həcmində qızıl külçələr, eyni zamanda müxtəlif təsərrüfat subyektləri tərəfindən ölkə ərazisinə gətirilmiş 300 milyon dollar məbləğində avadanlıq, mexaniki qurğular və digər imtiyazlı mallar təşkil edib. Bununla yanaşı, idxalın dövriyyəsinin tərkibində vergitutma bazası olan 1 milyard 200 milyon dollar məbləğində artıma səbəb isə qanunvericiliyə uyğun qaydada malların real qiymətləndirmə əsasında düzgün dəyərləndirilməsi olub.
Hesabat ilində gömrük sistemində həyata keçirilən ən mühüm islahatlardan biri kimi malların və nəqliyyat vasitələrinin qeydiyyatının “bir pəncərə” prinsipinin həyata keçirilməsi üzrə “Bir inspektor - bir nəqliyyat vasitəsi”, təyinat gömrük orqanlarında isə “Bir inspektor-bir bəyannamə” pilot layihələrinin tətbiqinə başlanılıb. “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə edilməsi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi əsas hədəflərdən biri olub".
Sədr müavini bildirib ki, hesabat ilində gömrük sistemində aparılan struktur dəyişiklikləri ilə əlaqədar kadr potensialından səmərəli şəkildə və uyğun olan sahədə istifadə olunması işi həyata keçirilib: “Belə ki, 382 nəfər işə qəbul edilib, 445 nəfər əməkdaş işdən azad olunub, 417 nəfər tutduğu vəzifədən yüksək vəzifəyə təyin edilib, 58 nəfər isə tutduğu vəzifədən aşağı vəzifəyə keçirilib. Eyni zamanda bildirmək istərdim ki, aparılan və kadr islahatlarının davamı olaraq Dövlət Gömrük Komitəsi sistemində kadrların düzgün seçilməsi, yerləşdirilməsi, vəzifəli şəxslərin tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, onların potensial imkanlardan istifadə etmək mümkünlüyünün aşkara çıxardılması və peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması məqsədilə müvafiq qanunvericiliyə uyğun olaraq 1446 əməkdaşın komitə sədrinin müvafiq sərəncamı ilə attestasiyası keçirilib.
Hesabat dövründə gömrük orqanlarına xidmətə qəbul üçün müraciətlər əsasında təşkil olunmuş test imtahanlarında 1342 nəfər iştirak edib. Təsdiq olunmuş qaydalara uyğun olaraq, 294 nəfər daha yüksək bal toplayanlar növbəti müsabiqə mərhələsinə buraxılıb, müsabiqədən keçənlər aidiyyəti üzrə vakant vəzifələrə təyin olunub. Araşdırmalar zamanı aşkar edilmiş xidməti pozuntulara yol verdiklərinə görə 316 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Bunlardan 15 nəfər gömrük orqanlarından xaric edilib, 5 nəfər tutduğu vəzifədən azad edilib, 6 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 68 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 171 nəfərə töhmət elan edilib, 46 nəfərə irad tutulub".