Prezident Administrasiyası önündə icra başçısı əleyhinə aksiya keçirildi - VİDEO
23-10-2015, 09:58
Gədəbəy rayonundan olan bir qrup sahibkar Ramiz Yedigarovun rayonda yaratdığı xaosa son qoyulmasını istəyiblər
Bu gün Gədəbəy rayonundan olan bir qrup sahibkar Prezident Aparatının qarşısında etiraz aksiyası keçiriblər. Onlar Gədəbəy İcra Hakimiyyətinin başçısı Ramiz Yedigarovun rayonda yaratdığı xaosa son qoyulmasını istəyiblər.
Xatırladaq ki, Gədəbəy rayon icra başçısı Ramiz Yedigarov Bakıda keçirilən aksiayada etirazını bildirən sahibkar Rasim Hərriyevi həbs etdirib. Bundan əlavə, Əliyev Oqtay Qara oğlunu şikayətçi olduğu üçün 15 sutka həbs etdirib.
Sahibkarların sözlərinə görə, icra başçısı etirazını bildirənləri həbs etdirəcəyini deyib. Rayonda iclas keçirərək, sakinləri hər hansı problemlə bağlı yuxarı instansiyalara etirazını edəcəyi təqdirdə, həbs olunacağı ilə hədələyib. Növbəti dəfə sahibkar Oqtay Əliyevi həbs edəcəyini deyib.
Musavat.com-un əməkdaşı aksiyanın keçirildiyi əraziyə baş çəkərək sahibkarların problemlərini dinləyib.
Sahibkar Oqtay Əliyev tikilməkdə olan və ona məxsus istirahət obyektinin rayon icra hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan söküldüyünü bildirdi: “Qalakənd meşə zonasında istirahət mərkəzi tikdirməyə başladım. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamında olduğu üçün qanuni sənədləşmə aparıldı və tikinti üçün icazə aldım. Həmin sərəcmana uyğun olaraq obyekti tikdirməyə başladım. Həmin ərəfədə Gədəbəy Rayon Icra Hakimiyyəti başçısının müavinləri tikintini dayandırdı. Bu zaman Qüdrət Paşayevlə görüşdüm və razılıq əldə etdikdən sonra işimə başladım. Lakin bir müddətdən sonra 2014-cü ilin iyulun 14-də xəbərim olmadan obyektimi yerlə-yeksan etdilər. Səbəb isə onların tələb etdiyi məbləği verməməyim oldu. İcra Hakimiyyətindən Rüstəm Nağıyev isə mənə dedi ki, əgər dediyimiz məbləği verməsən uçuracağıq. Mən isə bildirdim ki, siz qanunsuz olaraq söküntü etsəniz, mən dövlətin qanunları ilə haqqımı tələb edəcəyəm, bu işi yerdə qoymayacağam. İyulun 23-də icra nümayəndələri gəlib obyekti sökdülər. Bununla bağlı məhkəmə də oldu və mənim xeyrimə hökm çıxarıldı. Lakin hələ də icra başçısı Ramiz Yedigarov məhkəmə tərəfindən kəsilən təzminatı ödəmir. İcra başçısı Ramiz Yedigarov rayonda iclaslar keçirir və mənim həbs olunacağımı deyir. Mən Rusiyada öz zəhmətimlə qazandığım pullarla doğma vətənimdə iş qururam, bunlar isə mənə imkan yaratmaqdansa, qarşımı kəsirlər".
Sahibkar Oqtay Əliyev bütün bu hadisələrlə bağlı müxtəlif dövlət qurumlarına çoxsaylı müaciətlər etdiyini dedi: "Şikayətlərimlə bağlı Gədəbəy Rayon Prokurorluğu cinayət işinə başlayıb və rədd edib. Prokurorluğun cinayət işində yazılıb ki, həqiqətən ndə Oqtay Əliyeva məxsus olan obyekt Gədəbəy rayonunun icra nümayəndələri tərəfindən sökülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də, söküntünün icra nümayəndələri tərəfindən aparıldığına dair sənəd verib. Gəncə İnzibati İqtisad Məhkəməsi 5 dəfə sənəd verərək bildirib ki, söküntü Gədəbəy İcra Hakimiyyəti əməkdaşları tərəfindən aparılıb. Bütüb bunlara baxmayaraq, icra başçısı Ramiz Yedigarov deyir ki, sizi həbs etdirəcəm, gedin nə bilirisiniz, onu da, edin. İndi isə Prezident Aparatına gəlmişik ki, kimsə bizi qəbul eləsin, şikayətimizə baxsın".
Oqtay Əliyev adlı başqa bir sahibkar da ona məxus olan mağazanın xəbərdarlıq edilmədən söküldüyünü dedi: "İcra başçısı Ramiz Yedigarov obyektimi sökdürdükdən sonra onun barəsində çoxsaylı şikayətlər etdim. Lakin icra başçısı məni həbs etdirdi. 15 sutka həbsdə qaldım. Bu prosesdən sonra Prezident Aparatının qəbul şöbəsində Tağı Tağıyevlə görüşdüm və başıma gələn hadisəni danışdım. O isə mənə bildirdi ki, şikayətinizə baxılacaq. İcra Hakimiyyətində Qüdrət və Zülfüqar adlı icra nümayəndələri mənə hədə-qorxu gəlirlər. Rayonda icra başçısı Ramiz Yedigarov tərəfindən hər an həbs olunacağımı hiss edirəm".
Sahibkarla yanaşı, digər problemləri olan bir neçə Gədəbəy rayon sakini də şikayətlərini bildiriblər.
Şikayətçilərdən Rəşad Səfərov fərdi yaşayış evlərinin tikintisinə də, icra nümayəndələri tərəfindən əl qoyulduğunu bildirdi: "Ailəm fərdi yaşayış üçün İcra Hakimiyyətindən torpaq üçün sərəncam alıb və inşaat layihəsi təsdiq olunub. İşə başlayarkən rayon icra nümayəndələri heç bir əsas göstərmədən tikintini dayandırıblar. Dəfələrlə müraciət etmişəm, ümumi ifadələrlə yola veriblər. Bizim burada toplaşmağımızın səbəbi Gədəbəy İcra Hakimiyyətinin etdiyi qanunsuzluğu ölkə başçısına çatdırmaqdır".