İqtisadiyyatı daha güclü və qüdrətli dövlət qurmaq - prezidentin iqtisadi prioritetləri

14-02-2019, 09:03           
İqtisadiyyatı daha güclü və qüdrətli dövlət qurmaq - prezidentin iqtisadi prioritetləri
Ekspert deyir ki, həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz sosial-iqtisadi cəhətdən çox böyük irəliləyiş əldə edib
Prezident İlham Əliyev Real TV-yə verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxunub. Bu ilin əvvəlindən başlanan islahatları dəyərləndirən ölkə rəhbəri bildirib ki, onların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir: “Ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik”.

İ.Əliyev bildirib ki, şəffaflıq əsas prinsip olmalıdır: “Deyə bilərəm ki, keçən il hazırlanan və bu il başlanan, xüsusilə iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatlar imkan verir ki, biz əlavə maliyyə resursları əldə edək. Siz bilirsiniz ki, bu yaxınlarda minimum əməkhaqqının qaldırılması ilə bağlı çox ciddi addım atılmışdır, digər sosialyönümlü addımlar atılmışdır. Biz nəyin hesabına buna nail ola bilmişik? Ona görə ki, bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik. Güclü sosial siyasət bizim gündəliyimizdə bundan sonra da ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaqdır”.

Prezident şəffaflığın ən bariz nümunəsi kimi “ASAN xidmət”dən bəhs edib: “ASAN xidmət"də korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır. Yəni mənfi halların qarşısını almaq mümkündür. Bunu biz özümüz etmişik. Hansısa heç bir xarici təşkilat bunu bizə tövsiyə etməmişdir. Qərar da bizimdir, icraçılar da Azərbaycan vətəndaşlarıdır, gənclərdir və nəticəni də Azərbaycan vətəndaşları görürlər. Ona görə bu, ictimai davranış sahəsində, ictimai xidmətlər sahəsində, məmur-vətəndaş münasibətlərində inqilabdır. Sirr deyildir ki, “ASAN xidmət”ə qədər bizim vətəndaşlar hər hansı bir arayışı almaq üçün nə qədər böyük əziyyət çəkirdilər. Günlərlə, bəlkə həftələrlə vaxt itirirdilər, digər xoşagəlməz hallarla üzləşirdilər. İndi biz bunu bacardıq, bu, artıq keçmişdə qaldı".

Ölkə iqtisadiyyatında baş verən proseslərdən danışan prezident qeyd edib ki, Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib: “Yəni nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır”.

Prezidentin diqqət yetirdiyi daha bir məsələ ölkədə keçirilən müxtəlif idman yarışlarının turizmin inkişafına təsiri olub: “Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. Xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, gözəl şərait. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlər idi ki, biz bunları yaratdıq. İkinci məsələ ondan ibarət idi ki, biz turistləri necə cəlb edək, Azərbaycanı dünyaya necə təqdim edək. Burada xüsusi rol oynayan Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər idi. Avropa Oyunları. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Yaxşı, nəyə görə bu vaxta qədər artmırdı. Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz qaldırdı. Ondan sonra - 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı. Bəzi ölkələrdən 3-4 dəfə. Yəni bu Oyunların da çox böyük təsiri oldu. Təkcə Formula 1 yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Yarım milyard auditoriyası olan bu yarış, əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox”.

Prezidentin sözlərinə görə, ölkə xidmət sektorunda bundan çox böyük xeyir götürür: “Azərbaycanı dünyada tanıtmaq üçün bunun çox böyük əhəmiyyəti var. Turizm ixracın bir növüdür. Mən bir müqayisə gətirim sizin üçün. Keçən il kənd təsərrüfatı məhsullarının ixracından Azərbaycan turizmdən gələn vəsaitdən daha az vəsait əldə etdi. Yəni, turizm ixrac növüdür. Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait daxil oldu. Bu vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və ümumi inkişafa xidmət göstərir. Ona görə biz qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və çalışırıq ki, Azərbaycanda turizm sənayesi daha da sürətlə inkişaf etsin. Keçən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlmişdi. Bu il daha çox gələcək. Bu, bizim iqtisadi inkişafımızın çox önəmli istiqamətidir”.

Prezident İ.Əliyevin müsahibədə səsləndirdiyi fikirləri “Yeni Müsavat”a şərh edən iqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, onlar real vəziyyəti əks etdirir: “Dövlət başçısı müsahibəsində bir daha 2019-cu ildən islahatların yeni mərhələsinin başlanması, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası, ”ASAN xidmət"in idarəetmədə rolu və əhəmiyyəti, ölkəmizin Avrasiyanın nəqliyyat mərkəzinə çevrilməsi, iqtisadiyyatın qeyri-neft sektoru və onun ən mühüm qollarından olan turizmin inkişafıyla bağlı məsələlərə toxundu. Məlumdur ki, bu ildən iqtisadi sahədə çoxlu sayda yeniliklər tətbiq olunub. Vergi mexanizmi dəyişib. Gələn aydan minimum əməkhaqqı yaşayış minimumuna bərabər olacaq. Struktur islahatlarına başlanıb və sair. Bunların hər biri ayrı-ayrılıqda məsuliyyətli və ağır işlərdir".

P.Heydərov deyir ki, ölkənin ümumi iqtisadi inkişafında son 15 il ərzində regionların sosial-iqtisadi həyatında görülən işlər böyük rol oynayır: “Belə ki, bilavasitə dövlətin və hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin bölgələri sosial-iqtisadi cəhətdən çox böyük irəliləyiş əldə edib. Bu, regionların sosial-iqtisadi inkişafına dair ardıcıl olaraq 3 Dövlət Proqramının icrası nəticəsində əldə olunub. Onlardan sonuncusunun icrasına ötən il yekun vuruldu. İndiyədək həyata keçirilən üç Dövlət Proqramı nəticəsində bölgələrdə böyük və müasir infrastruktur yaranıb. Bu, olduqca vacib idi. İqtisadiyyatın istənilən sahəsində inkişafa nail olunması, emal və istehsal müəssisələrinin yaradılması üçün müvafiq infrastrukturun olması ən vacib şərtlərdən biridir. Avtomobil və eyni zamanda dəmir yolları bunun mühüm tərkib hissəsidir. 15 ildə 15 min kilometr avtomobil yolu çəkilib. Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. MDB-də 1-ci yerə sahibik. Bunlar hamısı ona görə təmin edilib ki, Azərbaycan çox strateji bir bölgədə - coğrafiyada yerləşir - mühüm, alternativsiz tranzit imkanlarına, müvafiq dəhliz rolunu yerinə yetirmək şanslarımız vardır. Bundan istifadə edə bilək, yararlanaq. Odur ki, avtomobil yollarıyla yanaşı, dəmir yolu xətlərinin də şəbəkəsi genişləndirilməkdədir. Həm daxili, həm də ölkəmiz üzərindən keçən və yaxud kənar ölkələrlə bizi birləşdirən. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri artıq, fəaliyyətdədir. Ölkə daxilində bir neçə dəmir yolu tikilməsi gündəlikdədir. Şəhərlərarası dəmir yollarının tikintisi də aparılır. İndi Ləki-Qəbələ dəmir yolu tikilir. Sözün qısası, ölkədə yol infrastrukturunun inkişafı yaxın perespektivdə müvafiq gəlir gətirmək üçün həyata keçirilməkdədir. Və qeyd etmək istərdim ki, postneft dövrü üçün bu, qabaqcadan görülən ən zəruri və ağıllı ehtiyat tədbiridir, siyasətdir. Sabah bu yollar hamısı ölkəyə və dövlətə gəlir gətirəcəkdir”.

Bundan əlavə, indiyədək regionların qaz, elektrik enerjisi, avtomobil yolları və s. təminatı sahəsində də böyük işlər görülüb, turizmin inkişafı üçün hər cür şərait yaradılıb: “Yeri gəlmişkən, bəzi dairələr qeyd edirlər ki, son 15 il ərzində regionlara xərclənilən vəsaitlərin müqabilində heç də kifayət səviyyədə gəlirlilik əldə edilməyib, bölgələrin ümumi gəlirdə payı yenə az təşkil edir. Unudurlar ki, infrastruktur çox pul aparan və iqtisadiyyatın real sektoru kimi gəlir gətirən sahə deyil. Ona görə də indi isə əsas diqqət regionlarda emal və istehsal sahələrinin inkişaf etdirilməsinə yönəlməlidir və yönəldiləcək də... Burada bir məqama da toxunum: bir çoxları ölkədə müxtəlif beynəlxalq yarışların keçirilməsinə də istehza ilə yanaşırdılar. Lakin müvafiq infrastrukturun yaradılması məsələnin birinci tərəfi idi. İkinci məsələ ondan ibarət idi ki, turistlər cəlb olunsun, Azərbaycan dünyaya təqdim olunsun. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bunun üçün xüsusi rol oynadı. Dövlət başçısı qeyd etdiyi kimi, 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirildi. Müsəlman ölkələrindən gələn turistlərin sayı artdı. Turizm hazırda kənd təsərrüfatı məhsullarının ixracından ölkəyə daha çox vəsait gətirir. Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait daxil oldu. Bu, iqtisadi inkişafın önəmli istiqamətidir”.

Ekspertin fikrincə, “ASAN xidmət”in idarəetmədə rolu və əhəmiyyəti böyükdür: “Burada korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır. Prezident də qeyd etdiyi kimi, ictimai davranış sahəsində, ictimai xidmətlər sahəsində, məmur-vətəndaş münasibətlərində inqilabdır. 5 yeni ”ASAN xidmət" mərkəzi də açılacaq. Burada 200-dən çox xidmət göstərilir və bunların sayı gündən-günə artır. Yəni bu, korrupsiya, rüşvətxorluq ilə mübarizədə mühüm bir vasitədir. Paralel olaraq, idarəetmədə struktur islahatları da məqsədə çatmağa tam imkan verəcək. Məqsəd isə prezidentin qeyd etdiyi kimi, Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.