“ÇEÇENLƏRİ TƏXRİBATA ÇƏKİRLƏR…” – Kadırov göstəriş verdi, müxalifət çağırış etdi
17-02-2019, 12:03

Çeçenistan lideri Ramzan Kadırov Moskvada, “Neolit” restoranında azərbaycanlılarla çeçenlər arasında baş verən insidentlə bağlı göstəriş verib. Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Real TV-yə açıqlamasında deyib.
Səfir bildirib ki, R.Kadırov hazırda ölkədə yoxdur, xaricdə səfərdədir, buna baxmayaraq, hadisə badərə məlumat alan kimi Çeçenistanın Moskvadakı daimi nümayəndəsinə göstəriş verib: “Həmin daimi nümayəndə ilə biz mütəmadi əlaqədəyik, tez-tez telefonla danışırıq. Çeçenistan nümayəndəliyi də öz tərəflərindən söhbətlər aparır və hamını sakitliyə çağırır”.
P.Bülbüloğlu Azərbaycan mediasına bu məsələdə tutduğu düzgün mövqeyə görə təşəkkür edib.
Səfir bir daha guya məlum insidentdən sonra bir neçə nəfərin qətlə yetirilməsi barədə yayılan məlumatları təkzib edib və yalanlara inanmamağa çağırıb.

“Mən çeçen və Azərbaycan xalqlarını təxribatlara uymamağa və iki qardaş xalq arasında nifaq toxumları səpməyə imkan verməməyə çağırıram”. Bunu isə özünün “Facebook” sэhifəsində canlı yayımda Çeçenistan İçkeriya Respublikasının keçmiş rabitə naziri və müxalifət liderlərindən biri Səid Emin İbrahimov bildirib.
Məşhur çeçen ictimai xadimin sözlərinə görə, azərbaycanlılarla çeçenləri çəkmək istədikləri təxribat cidd-cəhdlə hazırlanıb.
“Biz bu cür təxribatlara uymamalıyıq. Mən Azərbaycan xalqını çox sevirəm. Müharibə vaxtı taleyin hökmü ilə Azərbaycanda idim. Biz azərbaycanlıların çeçenləri necə qarşıladığını və bizə görə necə həyəcan keçirdiklərini görürdük. Çeçenlər çox alicənab xalqdır və xeyirxahlığı unutmurlar”, – İbrahimov deyib.

Səid Emin İbrahimov əlavə edib ki, ilk dəfə döyülmüş çeçenin videosunu görən zaman bərk həyəcanlanıb və qisas hissi onu boğub. Lakin sağlam düşüncəli insan anlamalıdır ki, bu, xalqlar arasında nifaq yaratmaq məqsədi güdən təxribatdır.
“Heç kimin insanları millliyyətinə görə təhqir etməyə ixtiyarı yoxdur”, – o qeyd edib.
AzPolitika.info