Şahin Mustafayev çörəyin və dərmanların bahalaşması haqda

18-02-2019, 18:09           
Şahin Mustafayev çörəyin və dərmanların bahalaşması haqda
Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artırılması müşahidə olunmur.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ölkədə çörəyin bahalaşıb-bahalaşmayacağı barədə danışan nazir vurğulayıb ki, çörəyin qiymətinin dəyişməsi gözlənilmir.

Ş.Mustafayev xatırladıb ki, Azərbaycanda çörək istehsalı üçün istifadə olunan taxılın bir hissəsi idxal olunur: “Taxıl idxal etdiyimiz ölkələrdən bəzilərində bu məhsul bahalaşıb ki, bu da Azərbaycanda qiymətlərdə əks oluna bilər. Amma biz tədbirlər görürük ki, qiymətlərdə artım olmasın”.

Nazir həmçinin dərman qiymətlərinin nizamlanması məsələsinə də toxunub. O bildirib ki, əgər istehlakçılarda dövlət tərəfindən nizamlanan dərman preparatlarının qiyməti ilə bağlı şübhələr yaranarsa, onlar İqtisadiyyat Nazirliyinə və ya Tarif Şurasına müraciət edə bilərlər. Yeri gəlmişkən, nazir onu da qeyd edib ki, Tarif Şurası ləğv edilməyib: “Sadəcə ölkə Prezidentinin müvafiq sərəncamı ilə Şuranın katibliyində müəyyən dəyişikliklər ediləcək. Amma bu o demək deyil ki, tariflər tənzimlənməyəcək. Dövlət qiymətlərin süni artırılması faktlarının qarşısının alınması üçün zəruri tədbirlər görür. Bazarda payı 35 faiz təşkil edən idxalatçılar və istehsalçılar dövlətin nəzarətindədir və onlar icazəsiz qiymətləri dəyişə bilməzlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.