ABŞ-ın Azərbaycandakı səfiri “nə gəlməz oldu...”

1-03-2019, 08:15           
ABŞ-ın Azərbaycandakı səfiri “nə gəlməz oldu...”
Nəzakət Məmmədova: “Çox ehtimal ki, səfirin ləngiməsinin səbəbi budur”
ABŞ-ın Ermənistana təyin olunan yeni səfiri Lin Treysi İrəvana gəlib. Bu məlumat ABŞ-ın Ermənistandakı səfirliyinin feysbuk səhifəsində yerləşdirilib.

Yada salaq ki, 11 aydır Azərbaycanda ABŞ səfiri postu boşdur. Halbuki ötən il dekabrın ortalarında Senatda Azərbaycan və Ermənistana Amerika səfirləri eyni gündə təsdiq olunmuşdu. Bakıya səfir kimi Erl Litzenberger təyin edilmişdi. Ekspertlər ölkəmizə ABŞ səfirinin gəlişinin yubanmasını müxtəlif səbəblərlə izah edirlər.

Beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova ABŞ səfirinin ölkəmizə gəlişinin ləngiməsininin səbəblərini açıqladı: “Ermənistana təyin olunmuş səfirin daha tez gəlməsinin ABŞ-ın bu ölkədəki təxirəsalınmaz maraqları ilə bağlı olduğunu düşünmək olar. ABŞ-ın müəyyən dairələrinin dəstəyi ilə hakimiyyətə gəldiyi güman edilən Paşinyan son zamanlarda Rusiya və İranla yaxınlaşma siyasəti yeridir və təbii ki, bu vəziyyət ABŞ-ı qane etmir. Artıq Amerikanın birbaşa maraq dairəsinə daxil edilmiş Ermənistanda hazırda daxili və xarici siyasətdə vəziyyət olduqca mürəkkəbdir. Paşinyan Suriyaya kontingent göndərir, Rusiya Gürcüstan vasitəsilə Ermənistanla birbaşa əlaqə yaradır, Pasinyan İrana səfər edir və s. Üstəlik, Rusiya bütün vasitələrlə Ermənistan üzərində hegemonluğunu saxlamağa çalışaraq, ABŞ-ın maraq dairəsi hesab etdiyi digər ölkə - Gürcüstanı da Ermənistanla yaxınlaşdırmağa çalışır. Heç təsadüfi deyil ki, Gürcüstanda Azərbaycana qarşı son dövrdə baş verən təxribatların kökündə ”erməni - rus" izi aşkar hiss olunur. Rusiya Qarabağ danışıqlarında “Lavrov planı” irəli sürüb. Üstəlik, Rusiyanın Ermənistandakı səfiri xüsusi fəallıq nümayiş etdirir və artıq müxalifətə çevrilmiş Respublika Partiyasının təmsilçiləri ilə görüşlər keçirir. Belə bir şəraitdə ola bilsin ki, ABŞ Ermənistanda öz maraqlarına olan təhdidləri yaxşı görür və səfirini bu ölkəyə daha tez göndərir. Azərbaycan tərəfindən isə belə bir təhdid yoxdur. Azərbaycan müstəqil siyasət yeritdiyi üçün heç bir dövlətin buranı öz nəzarəti altına keçirib başqasına qarşı poliqon kimi istifadə etməsi mümkün deyil, o cümlədən Amerikaya qarşı. Üstəlik, ölkədə islahatların yeni mərhələsinin başlaması və sürətlə həyata keçirməsi qeyri-sabitlik, iğtişaş ehtimalını heçə endirir və ABŞ Azərbaycan istiqamətində hər hansı təhdid, qeyri-sabitlik, dəyişiklik gözləmir. Çox ehtimal ki, səfirin ləngiməsinin səbəbi budur".

N.Məmmədova səfirin gəlişinin yubanmasının daha çox Amerikaya ziyan gətirdiyini düşünür: “Aqreman aldıqdan və prezident fərman verdikdən sonra yeni səfir təyin olunduğu ölkəyə səfərə hazırlaşmalıdır. Hazırlıq dövründə səfir təyin edildiyi ölkə ilə öz ölkəsi arasında bağlanmış müvafiq müqavilə və sazişlərlə tanış olur, həmin ölkə barədə onun tarixindən tutmuş müasir dövrə qədər onunla bağlı məlumatı geniş araşdırır, onun siyasi və iqtisadi vəziyyəti ilə daha geniş tanış olur və s. Dövlət Departamenti səfirin gəlişi ilə əlaqədar bir sıra praktiki məsələləri araşdırır. Yeni səfirin etimadnaməsi hazırlanır ki, o, Azərbaycan prezidenti ilə görüşdə etimadnaməsini təqdim etsin. Dövlət Departamenti etimadnaməni hazırlayır və Ağ Evə təqdim edir, prezident Tramp onu imzalayır, dövlət katibi Pompeo da eyni zamanda səfir Litzenbergerin etimadnaməsini öz imzası ilə təsdiqləyəcək. ABŞ səfiri etimadnamə ilə birlikdə əvvəlki səfirin geri çağırılma sənədini də prezident İlham Əliyevə təqdim etməlidir. Səfirin gec gəlməsi göndərən ölkəyə ziyandır. Çünki səfirsiz qalır. Nəticədə baş verən hadisələrdən də xəbərsiz olur. Səfirin yubanması qəsdən edilmirsə, bunun ölkələrarası münasibətlərə xələl gətirdiyini iddia etmək doğru olmazdı. Səfirin tez gəlməsi ilk növbədə onu göndərən ölkənin marağında olmalıdır ki, o, proseslərdən kənarda qalmasın, ikitərəfli əlaqələrdə davamlılıq itməsin. Xüsusən indiki şəraitdə regionda proseslərin mürəkkəbləşdiyi bir dövrdə, o cümlədən Qarabağla bağlı həmsədrlərin fəallığının artdığı, görüşlərin intensivləşdiyi, Ermənistan və Azərbaycan dövlət başçılarının sammitinə hazırlıq getdiyi, Gürcüstanın Rusiya tərəfindən bir sıra geosiyasi məqsədlərə xidmət etməyə təhrik edildiyi, Ermənistanın Rusiya və İranla əlaqələrinin yaxınlaşdığı dövrdə ABŞ səfirinin Bakıda olması ABŞ-a daha çox lazımdır. Diplomatik münasibətlərə dair Vyana konvensiyasında səfirin gəlməsinin dəqiq, konkret vaxt tələbi yoxdur. Səfir etimadnaməsini gəldiyi ölkənin dövlət başçısına təqdim etdiyi andan öz səlahiyyətlərinin icrasına başlamış hesab olunur. Odur ki, ABŞ səfiri aqreman alsa və prezident Tramp tərəfindən təyin olunsa belə, etimadnaməsini İlham Əliyevə təqdim etməyənə qədər vəzifəsinin icrasına başlamış sayılmır. Səfirin öz səlahiyyətinə başlaması, qeyd etdiyimiz kimi, mövcud praktikadan, yaxud formalaşmış ənənələrdən asılıdır. Yəqin ki, ABŞ çalışacaq ki, səfirlərinin Ermənistana gəlişi ilə Azərbaycana gəlişi arasında böyük zaman fərqi olmasın. Bu onun Minsk Qrupu həmsədri kimi tərəflərə münasibətdə ayrı-seçkilik qoymamasını sübut edərdi. Eyni zamanda bunu proseslərdən kənarda qalmaq istəməyən ABŞ-ın öz maraqları tələb edir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.