Dövlət başçısı: "Kim ki, söz başa düşmür, öz cəzasını alacaq"

25-10-2015, 22:53           

"Mən dəfələrlə xəbərdarlıq etmişəm və bir daha deyirəm, kim ki, söz başa düşmür, öz cəzasını alacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq".

Publika.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində bildirib.

"Burada işlərin böyük hissəsi dövlətin və Dövlət Neft Şirkətinin vəsaitləri hesabına görülür ki, sənaye potensialımız inkişaf etsin. Özəl qurumlar da gəlib burada iş görəcəklər, bu imkanlardan istifadə edib öz fəaliyyətlərini genişləndirəcəklər, daha çox vəsait əldə edəcəklər və həmin vəsaiti Azərbaycana daha çox investisiya şəklində yatıracaqlar. Bax, bizim siyasətimiz bundan ibarətdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın bu istiqamətdəki siyasəti birmənalıdır. Mən dəfələrlə xəbərdarlıq etmişəm və bir daha deyirəm, kim ki, söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Ona görə bu gün dünyada yaşanan böhran zamanı belə nəhəng qurğuların istifadəyə verilməsi, investisiyaların cəlb edilməsi və iqtisadi sahədə inkişafa nail olmağımız Azərbaycanın gücünü göstərir. Heç bir qüvvə bizim yolumuzda dayana bilməz. Çünki bizim yolumuz inkişaf, tərəqqi, sosial rifah, sosial ədalət yoludur".

Prezident bildirib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq:

"İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək. Bizim çox güclü siyasi iradəmiz var. Bu iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır. Xalq da bizim bütün təşəbbüslərimizi alqışlayır, bəyənir, dəstəkləyir. Əgər bu dəstək olmasa biz heç bir iş görə bilmərik".

İlham Əliyev əminliyini bildirib ki, Azərbaycan 2015-ci ili də uğurla başa vuracaq:

"Bu gün burada təməl daşını qoyduğum “SOCAR Polymer” müəssisəsi nəinki Azərbaycanda, regionda ən böyük investisiya layihələrindən biridir. Əminəm ki, bu gözəl nümunə digər qurumlar tərəfindən də bir nümunə kimi qəbul olunacaq. Mən bir daha bütün iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.