Həbs dalğası icra başçılarına çatacaqmı? İLGİNC DƏYİŞİKLİK
29-10-2015, 20:42
Son günlər ölkədə “MTN işi” çərçivəsində və eləcə də sahibkarların hüquqlarının qorunması konteksində bir sıra yüksək rütbəli məmurlar cəzalandırıldı. Hazırda da yüksək çinli məmurların cəzalandırılması və hətta vəzifələrindən azad edilməsi davam etdirilməkdədir. Lakin bununla yanaşı diqqət etsək, vətəndaşlarda ən çox narazılıq yaradan dövlət qurumlarından biri məhz, elə yerli icra hakimiyyətləridir. Dəfələrlə mətbuatda yerli icra hakimiyyətlərindən narazı olan şəxslərin şikayətləri yayınlansa da, onlar barəsində hər hansı sərt cəza tədbiri görülməyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevin Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərovla bağlı verdiyi açıqlama bu məsələni bir daha gündəmə gətirdi. R.Əliyevin sözlərinə görə, Asif Əsgərov ondan 300 min manat məbləğində rüşvət istəyib.
Azərbaycanda “kiçik padişahlar” kimi də adlandırılan icra başçıları nə üçün cəzalandırılmır?
Məsələ ilə bağlı musavat.com-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, əslində əhali və xüsusilə də sahibkarlar incidilirsə, bu barədə bir başa ölkə başçısına məlumat verməlidir:
“Sahibkarlar hüquqları pozulan hallarda ciddi şəkildə ölkə başçısına müraciət etməlidirlər. Lakin çox adam qorxur. Deyirlər ki, birdən hansısa qeyri-qanuni işimi üzə çıxarıb incidərlər. İnsanlar çalışmalıdırlar ki, birincisi, özlərinin qeyri-qanuni işləri olmasın. Belə olan halda isə hansısa kənar müdaxilə olduğu zaman rahat şəkildə müraciət edə bilərlər. Ölkə başçısı da bu istiqamətdə öz iradəsini ortaya qoyub. Buna görə də ilk olaraq elə onun özünə kömək etmək lazımdır ki, əlində faktlar olsun. Hansı rayonun icra başçısı misal üçün sahibkara divan tutursa, bu barədə ölkə başçısının məlumatı olmalıdır. Əgər insanların öz təşəbbüskarlığı olmasa, kimsə onun hüquqlarını gedib süni şəkildə müdafiə etməyəcək. Hər halda ölkədə yaxşı icra başçıları da var. Ancaq eyni zamanda prezidentin etimadını doğrultmayanları da həmçinin yox deyil. Cəmiyyət bunu daha dəqiq qiymətləndirir. Hər halda balans yaxşıların xeyrinə dəyişsə, ölkənin tərəqqisi üçün bu hal faydalı olar”.
Məsələ ilə bağlı musavat.com-a danışan hüquqşünas Müzəffər Baxışov isə bildirib ki, qanun qarşısında hər kəs, o cümlədən icra başçıları cavabdehdir:
“Hər bir icra başçısını dövlət əmlakını mənimsəməyə, insanların hüquqlarını pozduqlarına görə, cinayət məsuliyyətinə cəlb etmək mümkündür. Dəfələrlə də Hesablama Palatası tərəfindən icra hakimiyyətlərində həyata keçirilən yoxlamaların nəticələri də təsdiq edib ki, rayon icra başçıları oğurluqla məşğuldurlar. Eyni zamanda rayon icra başçıları həmin rəhbər olduqları ərazidə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən rüşvət alırlar. Həmçinin qeyd etdiyimiz bu şəxslər vəzifə səlahiyyətlərini də aşırlar. Belə olduğu halda həmin icra başçılarını işdən çıxarmaq lazımdır. Hər birini Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə külli miqdarda rüşvət aldıqlarına görə, digər şəxslərin əmlaklarını mənimsədikləri üçün 179.3.2,vəzifədən sui istifadə ağır nəticələrə səbəb olduğuna görə, 308.2, qulluq səlahiyyətlərini aşıb insanların hüquqlarını pozduqları üçün 309.2 , 313-cü maddə ilə isə vəzifə saxtakarlığına görə cinayət məsuliyyətinə cəlb edib cəzalandırmaq lazımdır. Nə qədər ki, bu hakimiyyət var, icra başçılarından yalnız “yarpağı saralanlar” məsuliyyətə cəlb ediləcəklər. Ancaq belə olmamalıdır. Azərbaycanda hüquqi dövlət qurulmalıdır. Hər bir kəs vəzifəsindən asılı olmayaraq, öz hərəkətlərinə görə qanun qarşısında cavab verməlidir. Cinayət törədən dərhal cəzalandırılmalıdır ki, digər şəxslərə də bu bir ibrət dərsi olsun”.