Ramiz Mehdiyevin məqalələrini ölkə ictimaiyyəti necə qiymətləndirir?
31-10-2015, 12:35
İctimai şəxslər Ramiz Mehdiyevin silsilə məqalələrindən danışdı
Vaxtaşırı olaraq Prezident Administrasiyasının rəhbər, akademik Ramiz Mehdiyevin mətbuatda iri həcmli silsilə məqalələri çap olunur. Həmin məqalələrdə əsasən siyasi və ictimai hadisələrə toxunulur. Bəs bu məqalələri ölkə ictimaiyyəti necə qiymətləndirir?
Məsələ ilə bağlı danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, bu məqalələrin hər birini oxuyur:
“Ramiz Mehdiyevin məqalələr yazmasını müsbət qarşılayıram. Hər zaman hakimiyyətin beyninin necə işlədiyini bilmək üçün bu məqalələri oxuyuram. Çünki Azərbaycan iqtidarının idarəetmə texnologiyası, bütün davranışları və gələcək hərəkətləri bu cür məqalələrdən bilinir. Həmin məqalələrlə bağlı fikirimi, hətta kitab şəklində də yazıram. Məsələn, Ramiz Mehdiyevin vaxtilə iqtidarın strategiyası ilə bağlı məqaləsi çap olunmuşdu. Həmin məqaləyə cavab olaraq, 500 səhifədən ibarət kitab yazdım. Faktiki olaraq o kitab Ramiz Mehdiyevin məqaləsində irəli sürülən müddəaların elmi, fəlsəfi və dünya siyasi təcrübəsi əsasında təhlilindən ibarətdir. Ramiz Mehdiyevin bəzi məqalələrindəki fikirləri ilə mənim düşüncələrim qətiyyən üst-üstə düşmür. Ancaq olub ki, tarixə baxış baxımından fikirlərimiz eyni olub. Nəticə olaraq qeyd edim ki, iqtidar bu məqalələri yazmaqda tamamilə düzgün edir. Onlar öz beyinlərinin necə işlədiyini, bu fikirlərin necə yarandığını bildirirlər. Biz də müxalifət kimi həmin düşüncənin doğru və ya yanlış tərəflərini araşdırıb öz mövqelərimizi ortaya qoyuruq”.
Millət vəkili Zahid Oruc akademik Ramiz Mehdiyevin məqalələrini yüksək qiymətləndirdiyini söyləyib:
“ Ramiz Mehdiyevin baxışları, irəli sürdüyü versiyalar cəmiyyətdə böyük rezonans doğurur. Onun istənilən məsələyə yanaşması öz orijinallığı ilə seçilib. Eyni zamanda Azərbaycanın daxili həyatı ilə bağlı mühim məsələlər, daşıdığı yüksək vəzifə məqamına görə, malik olduğu informasiya kütləsi hər zaman imkan verib ki, xalqımızın milli maraqları konteksində öz mövqeyini uğurla ifadə etsin. Düşünürəm ki, Ramiz Mehdiyevin baxışları sistemliliyi ilə hər zaman seçilib. Onun son məqalələri də qeyd etdiyimiz məsələlərə bir başa cavab verir. Bu cür tutumlu yanaşmalar Azərbaycan üçün çox əhəmiyyətlidir”.
Yeni AXCP sədri Razi Nurullayev isə mövzu ilə bağlı aşağıdakı fikirləri söylədi:
“Mən siyasətçilərin və dövlət yetgililərinin yazı yazmasını, fikirlərini yazılı şəkildə insanlara çatdırmasını müsbət qarşılayıram. Ramiz Mehdiyevin də silsilə yazılar yazması müsbət haldır. Ən azından bu yazılar siyasi camiədə diskusiyalar yaradır, debatlara yol açır və təbii ki, jurnalistlərə maraqlı mövzular verir. Amma təbii ki, yazılanlarla razılaşıb-razılaşmamaq başqa məsələdir. Məsələn, Ramiz müəllimin yazılarını oxuyan zaman məndə kifayət qədər suallar yaranır və orada bəzi fikirlərə mənim yanaşmam tam əks olur. Əlavə olaraq, Ramiz müəllimin yazıları uzun olur və onu oxumaq və analiz etmək üçün də vaxt tələb olunur”.
Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa isə bildirib ki, bu məqalələrin hər birini diqqətlə oxuyur:
“Bunu yüksək qiymətləndirirəm ki, akademik Ramiz Mehdiyev vaxtaşırı olaraq cəmiyyət həyatını təhlil edən, Azərbaycanın beynəlxalq siyasəti ilə bağlı məqalələrlə çıxış edir. Bu çox yaxşı bir haldır. Eyni zamanda məqalələr cəmiyyətdə elmi, intellektual müzakirə mühitinin yaranması üçün şərait yaradır. Hətta müxalif fikirli siyasətçilər belə razılaşdıqları və ya razılaşmadıqları məqamlar barəsində yazılar yazırlar ki, bu da müsbət bir haldır. Mövqe kimisə qane etməyə də bilər. Ancaq bu, müzakirə mühiti üçün əlavə stimul verir. Bu stimulu da cəmiyyətin gələcəyi, daha doğru istiqamətlərin tapılması ilə bağlı fikir plüralizminin yaranmasına köməklik göstərir. Ramiz Mehdiyevin yazılarını diqqətlə oxuyuram. Müəyyən məsələlərə öz yanaşmamı da qeyd edirəm. Bizim cəmiyyəti buna alışdırmaq olduqca vacibdir. Dedi-qodudan, bir-birilərinin fikirlərinə kobud müdaxilədən daha yaxşı yol budur. Fikirlərini hansısa forma ilə yaz, kimsə opponentlik etmək istəyirsə etsin. Bu da siyasi mədəniyyətin inkişafına, onun yaxşı mənada formalaşmasına köməklik edir”.(musavat.com)