XİN-dən seçki açıqlaması

31-10-2015, 14:23           

"Seçkilər hər bir ölkədə demokratik prosesin vacib komponentidir. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan xalqının azad iradəsi, onların fəal iştirakı və səsləri seçkilərin nəticələrini müəyyən edəcək".

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Avropa İttifaqı insan hüquqları üzrə komissarı Nils Muiznieksin Azərbaycanla bağlı məqaləsində qeyd olunanlara münasibət bildirən H.Hacıyev vurğulayıb ki, avropalı komissarın 28 oktyabr 2015-ci il tarixli məqaləsi Azərbaycandakı mövcud real durumu əks etdirmir və Azərbaycanda seçki öncəsi vəziyyət haqqında düzgün məlumat təqdim etmir: "Məqaləsində Muizneiks 1 noyabrda keçiriləcək seçkilərin rəsmi nəticələri bəyan olunmadan onun yekunları haqqında əvvəlcədən fikir söyləməyə cəhd göstərir. O, həmçinin 5 milyondan artıq sayı olan Azərbaycan elektoratı və 1200 nəfər namizədin adından danışmağa çalışır.
Azərbaycan Respublikası hökuməti tərəfindən seçkilərin azad, açıq və şəffaf şəkildə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qarşıdan gələn parlament seçkiləri Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər qurumları təmsil edən 500-dən artıq beynəlxalq müşahidəçi tərəfindən izlənəcək. Eyni zamanda, bu seçkilərdə 60 mindən artıq yerli müşahidəçi iştirak edəcək.
Hər hansı əsaslandırılmış faktlara istinad edilmədən Nilz Muiznieksin “1991-ci ildə müstəqilliyini əldə edəndən etibarən Azərbaycanda keçirilmiş seçkilər qanuna uyğunsuzluqlarla müşayiət olunmuşdur” deyə siyasi bəyanatı bu seçkilərdə iştirak etmiş namizədlərə və müşahidəçilərə qarşı hörmətsizlik kimi qəbul olunur.
Bu xüsusda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasına gəldikdə isə müəllif onu qeyd etməkdən yayınır ki, ATƏT/DTİHB seçki məntəqələri və müşahidəçilərin sayı barəsində qeyri-mütənasibliyə aydın izahat gətirməyərək, Azərbaycandakı seçkilərə müşahidə missiyasının göndərilməməsi barəsində özbaşına qərar qəbul edib. ATƏT/DTİHB siyasi mülahizələrlə çıxış etməməli, seçkilərdə üzv dövlətlərə texniki dəstək göstərməlidir. Buna görə də onun maliyyələşdirilməsi təmin edilir. ATƏT/DTİHB-ün bu cür münasibəti onun mandatının kobud şəkildə pozulmasıdır. ATƏT-in Daimi Şurasının iclasında müzakirə olunduğu kimi, ATƏT/DTİHB-in mandatının üzv dövlətlər tərəfindən yenidən nəzərdən keçirilməsinə ehtiyac var.
Müəllif eyni zamanda müvafiq istintaq və məhkəmə qərarı ilə bəzi şəxslərin həbs edilməsini seçki prosesi ilə bağlamağa çalışır. Bunlar tamamilə əlaqəsi olmayan məsələlərdir. Çox maraqlıdır ki, fərdi cinayət işlərindən danışan Muiznieks bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulmasından danışmaqdan yan keçir. Bu insanlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qanlı etnik təmizləməyə məruz qalıblar.
Siyasi məzmunda Avropa İnsan Hüquqları Məhkəməsinin 2005 və 2010-cu illərə aid qərarlarını təfsir edən Muiznieks bu məhkəmənin “Çıraqov və digərləri Ermənistana qarşı” 16 iyun 2015-ci il tarixli qərarının üzərindən sükutla ötür. Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarı Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalına dair məsuliyyətini inkar etməsinə son qoyur. Eləcə də bu qərarda Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaları və öz mülkiyyətlərindən istifadə etmək hüquqlarını ifadə etmələrinin qarşısını aldığı qeyd olunur.
Onun “Azərbaycanın beynəlxalq təcridi” barəsində olan iddiası isə hər hansı tənqidə dözmür. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal və məsuliyyəti üzvü olmaqda davam edəcək. Etibarlı və aydın xəttə malik ölkə kimi Azərbaycanın tərəfdaşlarının şəbəkəsi yalnız artmaqdadır.
Seçkilər hər bir ölkədə demokratik prosesin vacib komponentidir. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan xalqının azad iradəsi, onların fəal iştirakı və səsləri seçkilərin nəticələrini müəyyən edəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.