“Enerji kollapsı”ndan tam sığorta- “Şimal-2" işə düşür

17-04-2019, 08:26           
“Enerji kollapsı”ndan tam sığorta- “Şimal-2" işə düşür
İlham Şaban “Azərenerji”nin sabiq rəhbərliyini suçladı: “Yeni rəhbərliyə nə miras qaldığını təsəvvür etmək çətin deyil...”
Bakının Şüvəlan qəsəbəsində inşa olunan 400 MVt-lıq “Şimal-2" Elektrik Stansiyasının tikintisi son aylarda sürətləndirilib. Bununla bağlı ”Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin yaydığı məlumata görə, stansiyada işlər artıq yekunlaşmaq üzrədir: “”Şimal-2" Elektrik Stansiyasının enerji blokunda Yaponiyanın “Mitsubishi” şirkətinin mütəxəssisləri ilə birlikdə sazlama işləri davam edir və hər həftənin bir günü qurğu işə salınaraq yoxlanılır. Yayda “Şimal-2" Elektrik Stansiyası istismara buraxılacaq”.

ASC-dən bildirildiyinə görə, “Şimal-1" və ”Şimal-2" elektrik stansiyaları üzrə ümumilikdə il ərzində 5,7 milyard kVts elektrik enerjisi istehsal ediləcək.

Qeyd edək ki, “Şimal-2" elektrik stansiyasının təməli 2011-ci ilin sentyabrında qoyulub. Ölkə prezidentinin də iştirak etdiyi təməlqoyma mərasimində verilən məlumatda bildirilib ki, ”Şimal" stansiyası ərazisində ikinci buxar-qaz qurğusunun inşası Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dövlət zəmanətli krediti hesabına həyata keçiriləcək. 2010-cu ilin avqust-noyabr aylarında keçirilən beynəlxalq tenderin nəticələri əsasında Yaponiyanın “Toyo Engineering Corporation” və Azərbaycanın “Azenco” Açıq Səhmdar Cəmiyyəti konsorsiumu ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti arasında müqavilə imzalanıb.

Qurğunun komponentlərinə qaz və buxar turbinləri, qazan-utilizator və generator daxildir. Bundan başqa, müasir soyuducu su sistemi, 220, 110 və 35 kilovoltluq tam qapalı yarımstansiya, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması qurğusu da yaradılmalıdır. Turbinləri və generatoru Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkəti təchiz etməli, əsas avadanlığın bir hissəsi və köməkçi avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri “Azenco” ASC tərəfindən həyata keçirilməli idi.

Quraşdırılacaq buxar-qaz qurğusunun faydalı iş əmsalı 56,1 faiz, 1 kilovat-saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı 220 qram təşkil etməlidir. Qurğu ildə 3,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək.

Qeyd edək ki, “Şimal-2"nin ümumi dəyəri 330 milyon dollardan yuxarıdır. Bunun 275 milyon dollardan çoxunu Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının ayırdığı kredit təşkil edir. Azərbaycana kredit illik faiz dərəcəsi 0,75 faiz olmaqla 10 il güzəşt müddəti ilə 40 il müddətinə verilib.

Maraqlıdır ki, stansiyanın 2013-cü ilin sonunda başa çatdırılması nəzərdə tutulsa da, bu proses hələ də yekunlaşmayıb. Ölkə rəhbərliyinin birbaşa nəzarətində olan tikinti işlərinin yaya qədər başa çatdırılması ölkədə enerjiyə artan tələbat fonunda mühüm əhəmiyyət kəsb edir. Belə ki, “Azərenerji” ASC-dən verilən məlumata görə, 2019-cu ilin birinci rübü ərzində Azərbaycanda 6.151 milyard kvts elektrik enerjisi istehsal edib. Bu isə ötən ilin birinci rübü ilə müqayisədə 153 milyon kvts və ya 2,5 faiz çoxdur. Xatırladaq ki, ötən ilin birinci rübündə 5.998 milyard kvts elektrik enerjisi istehsal edilmişdi.

İstehsalla yanaşı, ölkədaxili istehlak və xaricə ixrac da artır. Mart ayında elektrik enerjisinin ixracı ötən ilin mart ayı ilə müqayisədə artıb. Əgər 2018-ci ilin mart ayında qonşu ölkələrə 131 milyon kvts elektrik enerjisi ixrac edilmişdisə, 2019-cu ilin mart ayında 161 milyon kvts ixrac edilib. Bu isə 30 milyon kvts və ya 23 faiz artım deməkdir.

2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci rübündə elektrik enerjisinin istehlakı isə 3,41 faiz artıb. Ən əsası isə ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında istehlak 6,1 faiz çox olub ki, bu da kifayət qədər ciddi artım olmaqla yanaşı, elektrik enerjisinə artan tələbat tempinin getdikcə yüksəldiyini göstərir.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a bidirdiyinə görə, “Şimal-2" istilik elektrik stansiyasının tikintisi ”Azerenerji" tarixində müddətinə görə bir rekorddur: “Səkkiz ilə 400 MVt-lıq bir elektrik stansiyasını tikmək bunun özü elə ”Ginnesin antirekordlar" kitabına namizədlik deməkdir. Bundan öncə “Azərenerji ”Cənub" istilik elektrik stansiyasını tikib istifadəyə verməkdə uzun müddət çalışmışdı. Onun təməli 2007-ci ilin sonunda qoyulsa da, 2013-cü ilin yayında istifadəyə verilmişdi. Ancaq həmin stansiyanın layihə gücü 780 MVt idi. Bu baxımdan" “Şimal-2" elektrik stansiyasının tikintisinin qrafikdə nəzərdə tutulduğundan 6 il gecikmə ilə istifadəyə verilməsi məhz onun göstəricisidir ki, Azərbaycan hökumətində uzun müddət ölkənin strateji əhəmiyyətə malik ”Azərenerji" kimi bir dövlət obyektinə faktiki nəzarət mexanizmi olmayıb, olanlar isə kifayət qədər işləməyib. Məhz bunun nəticəsi özünü ötən ilin iyul ayındakı “enerji kollapsı” hadisəsində göstərdi. Çünki bu sahəyə məsul şəxslər, sadəcə, dövlət başçısına və hökumətə statistik rəqəmlər açıqlamaqla öz vəzifələrini bitmiş hesab ediblər. Yəni elektrik stansiyalarının layihə güclərini dilə gətiriblər və bununla kifayətləniblər".

Ekspert bildirir ki, reallıqda elektroenergetika sektorunda vəziyyət acınacaqlı olub: “Belə ki, elektrik stansiyalarının real elektrik hasiletmə gücü ümumi layihə güclərinin heç 70 faizi qədər olmayıb. Bəzi elektrik stansiyaları üzrə bu göstərici hətta 60 faiz ətrafında olub - onlardan biri də məhz layihə gücünə görə öyünə bilinəsi sayılacaq (780 MVt) ”Cənub" elektrik stansiyası olub. Niyə belə vəziyyət yaranıbmış? Texnika elə bir şeydir ki, onu təkcə istismara verməklə iş bitmir. Texnikaya gərək texniki şərtlərinə görə vaxtlı-vaxtında qulluq edəsən və istismar da texnoloji qaydalara müvafiq olaraq həyata keçirilməlidir. Yəni avtomobil kimi. Əgər hər 5 min km-dən bir mühərrikin yağı dəyişdirilməlidirsə, yanacaq kimi A-95 markalı benzindən istifadə edilməlidirsə, siz onun yağını hər 15 mindən bir dəyişəcəksinizsə və 92 markalı benzindən istifadə edəcəksinizsə, onda avtomobil tezliklə sıradan çıxmasa belə, onun mühərriki artıq texniki pasportunda yazılmış gücü heç zaman verməyəcək. Elektrik stansiyasındakı generatorlar da belədir. “Azərenerji”nin əvvəlki rəhbərliyi hər stansiyanın qırmızı lenti kəsiləndə gərək raport verəydi ki, ixtisaslı kadrlardan tutmuş, ta maşın-mexanizmlərə qədər normativlərlə istismarı üçün onun resursları necə həll edilib. Bunlara isə barmaqarası yanaşılıb. Nəticədə “Azərenerji”nin işçi kadrlarının 50 faizinin orta əmək haqqı 300 manatdan aşağı olub, yaxşı kadrları daha yaxşı iş şəraiti olan “Azərişığa” axın edib və gördüyümüz mənzərə - orta güclü bir elektrik stansiyasını 7 ilə əvvəlki menecment ilə “Azərenerji” tikib başa çatdıra bilmədi. Bu baxımdan, “Azərenerji”nin yeni rəhbərliyinə nə miras qaldığını təsəvvür etmək çətin deyil. Ancaq düşünürəm ki, yaxın perspektivdə - maksimum 3 ilə həm keyfiyyət baxımından, həm kəmiyyət baxımından “Azərenerji” sistemində 15 ildə nail olunmayan dəyişiklikləri müşahidə etmək mümkün olacaq: avtomatik elektrik idarəetmə tənzimləməsindən tutmuş, ölkənin elektrik enerjisi təhlükəsizliyi və daha qənaətcil sistemdə işləyən bir generasiya şəbəkəsi. Çünki Avropa standartlarında elektrik stansiyalarının tikintisinə kapital qoyuluşu edib və 1 kVt\saat elektrik enerjisini hasil etmək üçün sovet standartları ilə şərfiyyat göstərmək - təbii ki, bu məntiqsizliyin bir sonu olmalıydı"...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.