Sabiraadda YAP-ın namizədi Elçin Quliyevin xeyrinə misli görünməmiş saxtakarlıqlar işə düşdü FOTO
1-11-2015, 12:42
Ölkə ərazisində parlament seçkiləri başlayıb. 63 saylı Sabirabad Seçki Dairəsində seçki başlamadan saxtakarlığa cəhdlər edilir. Musavat.com-un Sabirabada ezam olunmuş müxbirinin verdiyi məlumata görə, namizəd Pənah Hüseyn səhər tezdən seçki məntəqələrindən şikayətlər gəlməkdədir. Belə ki, əksər mənqələrdə sədrlər seçki bülletenlərini başqa otaqda seyfdə saxlayırlar. Həmçinin bəzi məntəqələrdə bülletenlər sayılmayıb. Üstəlik, bəzi məntəqələrdə seçki başlamadan kənar şəxslər olub.
***
10.50
17 saylı seçki məntəqəsində müşahidəçilər P.Hüseynə bildiriblər ki, 12 bülleten topa halda atılıb. Onlar bülleten atan şəxsin bunu etiraf etdiyini və faktın aktlaşdırıldığını da bildiriblər. Məntəqə sədri isə saat 10.00-a olan seçici sayını açıqlamaqdan imtina edib.
***
10.20
YAP-ın rayon təşkilatının sədri Nadiq Quliyev 13-cü məntəqədə bir qrup şəxsi öyrədərək qarışıqlıq yaratmağa cəhd edib. Həmçinin məntəqə sədrinin otağında iki polisin gizlincə akt yazdığı aşkara çıxıb və P.Hüseyn buna da etirazını bildirib. Sədr isə deyib ki, o, məntəqədə sakitlik yaratmaq üçün polis çağırıb. O, bildirib ki, YAP-ın namizədi Elçin Quliyevin səlahiyyətli nümayəndəsi olduğunu bildirib. 13-cü məntəqədə karusel əməliyyatı həyata keçirildiyi məlum olub və mübahisə yaranıb. Bir neçə nəfər P.Hüseynə hücum çəkib və polis də bunu seyr edib. Məntəqənin yanında və içəridə baş verən mübahisələr zamanı bir neçə nəfər problrm yaratmağa, olayı şişirtməyə çalışıblar. Polislər isə P.Hüseynin üzərinə hücum çəkən şəxsləri aralamadan hadisələrə seyrçi olublar.
***
09.22
Müxbirlərimizin verdiyi məlumata görə, hələlik seçici aktivliyi çox zəifdir. Lakin saatlar keçdikcə bu aktivliyin artacağı da istisna edilmir.
Bundan başqa, reportyorumuz bildirir ki, seçkilərin başlamasından 1 saatdan da az vaxt keçməsinə baxmayaraq, rayonun müxtəlif məntəqələrində artıq qayda pozuntuları müşahidə olunmaqdadır. Belə ki, 14 saylı seçki məntəqəsində mürəkkəbin sol yox, sağ əlin baş barmağına vurulması müşahidə olunub.
Müşahidəçilərin müdaxiləsindən sonra qayda pozuntusu aradan qaldırılıb.
***
07.50
Namizəd P.Hüseyn bir neçə məntəqədə olaraq vəziyyətlə maraqlanıb. Məlum olub ki, 7 saylı məntəqədə sədr bülletenlərin əksəriyyətini başqa otaqda seyfdə saxlayıb. Sədr müşahidəçilərin etirazına əhəmiyyət verməyib. Namizədin məntəqəyə getməsindən sonra sədr bülletenlərin hamısını səsvermə otağına gətirməyə razılaşıb.
11 saylı məntəqədə isə əlavə qapıdan içəridə kənar şəxslərin olması ortaya çıxıb. P.Hüseyn etiraz etsə də, həmin şəxsləri məktəbdən çıxarmayıblar.
15 saylı məntəqədə isə bülletenlərin dörddə üçünün başqa otaqda saxlandığı məlum olub. Həmçinin binada kənar şəxslər olsa da, məntəqə sədri və üzvləri onları çıxarmaq istəməyib. Namizəd polisi də məntəqənin bufetində gizlənmiş halda tapıb.
13 saylı məntəqədə isə sədr müşahidəçiləri seçki qutusundan çox kənarda saxlayıb. Həmçinin bir nəfərə üç bülleten verilərkən tutulub. Bülleteni sədr götürmək istəsə də, P.Hüseyn verməyib.
Musavat.com