Yerindən duran Azərbaycandan torpaq istəyir...
29-04-2019, 20:30
Mənim ulu babalarımdan Məşədi Əbdüləzim kişinin bir məşhur sözü olub və yeri düşəndə uşaqlıqdan onun deyiminin sitat gətirildiyini eşitmişəm. Məşədi Əbdüləzim kişinin babat varidatı, bir də üç qızı varmış. Elçinin biri gedib, o biri gəlirmiş, amma kişi elçiləri boş qaytararmış. Axırıncı elçini də heç qapıdan içəri buraxmayıb. Soruşanda ki, niyə qızları gələn elçilərin birinə vermirsən, cavabı belə olub: ”Sən öləsən, çayın ( Tərtərçayın) o tayında yerindən duran neçə tumançaq gədə var (daha sərt ifadə edibmiş), gəlib deyir ki, məşədi, qızını ver mənə. Nətəhər verim əə..?”.
İndi Əbdüləzim kişinin sözü olmasın, Azərbaycanın balaca bir ərazisi var, bu başından o başına 3-4 saata getmək olur, amma istər daxildən olsun, istər xaricdən, yerindən duran deyir sənin ərazindəki bu torpaq bizə məxsus olub, indi onu verməlisən. Erməni məsələsi aydındır, 100 ildir cəhlidə, 30 ildir davadayıq, cənubdan hərdən eşidirik ki, bəs burda TMR yaradırlar, şimaldakılar hərdən deyir ki, can qardaş, bizim də min il əvvəl burda xanlığımız olub, gərək indi dövlət olaq, hələ arada bir Qırmızı Kürdüstan söhbəti edənlər də ortalığa düşürlər. İndi bu söhbətlərin axırına çıxmağa macal tapmamış Gürcüstan tərəfdən ərazi iddiası başlayıb. Bilirsiz niyə belə çoxdular bunlar? Günah bizdədir. Bu iddiaya düşənin birinə zamanında sərt şillə vurub, Əbdüləzim kişi kimi qapıdan qovmadıq deyə, hamısının ağzında şirə qalıb. Yəni, neçə ki, Qarabağı azad etməmişik, torpaq iddiası ilə üstümüzə sərhəddin o üzündən də, içəri üzündən də hələ gələn çox olacaq. Tarixdən dərs ala bilməmək budur. “David qareci” monastırı və ətrafındakı torpaqlara Gürcüstanın iddiası da Qarabağdan qaynaqlanır. Görürlər ki, yüz ildir hər yetən Azərbaycana torpaq iddiasındadır və iddiaları da bəzən tam, bəzən qismən də olsa təmin olunur, düşünürlər ki, biz niyə irəli durmuruq?
Yüz il əvvəl cümhuriyyətin ərazisi 113,9 min kv. km.idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km). Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində inanılmaz dərəcədə əhəmiyyətli işlər gördü. 28 Aprel işğalından sonra Rusiyanın, bolşeviklərin yeritdiyi və içimizdəki satqınların apardığı siyasət nəticəsində Azərbaycan əraziləri itirildi. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min kv. km müəyyən edildi. Nəticəsi də bu oldu ki, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min kv. km-i Azərbaycan xalqının əlindən alındı.
Qarabağın işğalı ilə bu ərazi bir xeyli də balacalaşıb. Tarix bizə dərs olmurmu? Bütün qeyd olunan torpaq iddialarının təhlükəsi əvvəlcədən bəllidir. Bəs, nədən qabaqlayıcı tədbirlər görülmür, qarşısını almaq siyasəti yürüdülmür?
Gürcüstanla münasibətlərimizin mehriban qonşuluq şəraitində olması hər iki ölkə üçün həyati vacib məsələdir. Siyasi şərhçilərimiz bu qarşılıqlı asılılığı kifayət dərəcədə açıqlayıblar. Bu öz yerində, amma Gürcüstan qarşısında özümüzü günahkar kimi apara bilmərik. Gürcüstan hələ Şevardnadzenin dövründə də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı mövqelərində ərazi iddiasını irəli sürürdü. Gürcüstanın indiki prezidenti Salome xanım gürcü millətçilərinin istəyinə uyğun siyasət yürüdüb populyarlıq qazanmaq istəyir, amma ağıllı gürcü siyasətçiləri Azərbaycanla vəziyyətin kəskinləşməsindən zərərli çıxacaqlarını da bilirlər. Bu iddianın qarşısı birdəfəlik alınmalıdır. Azərbaycanın əlində də kifayət qədər kozırlar var.Onlardan biri də bölgənin söz sahibi dövləti Türkiyədir. Gürcüstan tərəf bilməlidir ki, Azərbaycana pis münasibət Türkiyəyə olan münasiət kimi dəyərləndiriləcək və Gürcüstan üçün Türkiyənin həyati vacib ölkə olduğu məlumdur.
Borçalıda isə ciddi işlər görmək lazımdır. Qamsaxurdiyanın hakimiyyəti illərində az qala Borçalı Bakıya köçürdü. Keçmişdəki səhvi təkrar etmək olmaz. Borçalıda azərbaycanlıların 16 ictimai-mədəni təşkilatları mövcuddur. Detallarını açıqlamadan qeyd edək ki, bu təşkilatlarla görüləcək iş prinsiplərində dəyişiklik etmək, soydaşlarımızın mövqelərini möhkəmləndirmək istiqamətində dövlətin xüsusi proqramları işlənməlidir.
Gürcüstan və perspektivdə istənilən başqa dövlətlərin Azərbaycana qarşı torpaq iddiası sərt diplomatik təpki görməlidir. Amma, bu cür iddiada olanların komasına bir cavab var: Qarabağı azad etsək qurbağa gölünə daş düşəcək və bir daha belə səsləri eşitməyəcəyik. Qarabağı azad etməsək, bir də görəcəyik ki, artıq dövlətlər yox, dağ başındakı “tumançaq” tayfalar da üstümüzə gəlir.
İlham İsmayıl
İlham İsmayıl - yazarın arxivi