MTN-də yoxlamalar başlayıb - Akif Çovdarovun idarəsində təftiş aparılır
3-11-2015, 12:14
Eldar Mahmudov prezident sərəncamı ilə işdən çıxarıldıqdan sonra MTN-də ciddi yoxlamalar gedir. Az qala günaşırı bu nazirlikdən həbs, işdən çıxarılma xəbəri gəlir. MTN-də çalışaraq Eldar Mahmudovun komandasına daxil olan şəxslərin işdən çıxarılması, həbs olunması xəbəri gəlir.
Redaksiyamıza daxil olan məlumata görə "MTN işi" üzrə istintaqa cəlb olunanlardan biri də nazirliyin İstintaq Baş İdarəsinin şöbə rəisi Təhsin Ağayevdir. T.Ağayev çalışdığı idarənin rəisi Mövlam Şıxəliyevin sağ əli hesab olunur. MTN-də sahibkarların qanunsuz həbsinə əsas yaradılması, heç bir cinayəti olmayan iş adamlarının əsassız olaraq istintaqa cəlb olunması T.Ağayevin vasitəsi ilə gerçəkləşməsi haqda faktlar toplanıb.
Qaynağımız deyib ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində də yoxlamalar başlayıb. Bu idarənin rəisi, general-mayor Akif Çovdarovun adı mətbuatda "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətl işi və jurnalist Aqil Xəlilin işində hallanıb. İdarədə oktyabrın 29-da başlanılan yoxlamaların nəticəsi olaraq A.Çovdarova tabe olan 3 şöbə rəisi Səlim Məmmədov, Akif Əliyev və Rəsul Rəsulov vəzifələrindən uzaqlaşdırılıblar. Bu şəxslər A.Çovdarovun "vuran əlləri" hesab olunurdu.
Aldığımız məlumata görə, S.Məmmədov A.Çovdarovun himayəsi altında narkotik və insan alveri işlərində pul yığmaqla ad çıxarıb, R.Rəsulov haqq qoyan olub, A.Əliyev əvvəllər Çovdarovun köməkçisi olub, sonradan isə o da digər şöbələrin rəisləri kimi var-dövlət toplamaqla məşğul olmağa başlayıb.
Digər bir məlumata görə, Eldar Mahmudovun kadrlarından hesab olunan Qədir Şirəliyev də tutduğu vəzifədən uzaqlaşdırılıb. "Dağlı Qədir" kimi tanınan Q.Şirəliyev sabiq nazirin yeganə kadrlarındandır ki, öz raportu əsasında işdən çıxarılıb. O, Akif Çovdarovun başçılıq etdiyi idarədə müavin olub. Çovdarovla münasibətləri gərgin notlara köklənib. A.Çovdarovun digər müavini Alı Nəbiyev də həmin idarədə rəisin müavini olub. A.Çovdarov adam döyəni kimi ad çıxarıb. MTN-dəki "təmizləmə"lərin Qorxmaz və Elxan adlı Baş İdarə rəisinin müavinlərinə çatdığı haqda da məlumat var. Bildirilir ki, Qorxmaz sabiq nazir Eldar Mahmudovun yaxın qohumudur. Görünən odur ki, istintaqçılar addımbaaddım sabiq nazirin ətrafına yaxınlaşır.
faktxeber.com