İcra başçıları kiçik və orta sahibkarları “YEYİB QURTARIBLAR”...
4-11-2015, 12:11
Ölkədə sahibkarlığın boğulması sirr deyil və Prezident İlham Əliyev də Nazirlər Kabinetinin sonuncu iclasında bu məsələni xüsusi vurğuladı, sahibkarlara qarşı yoxlamaların dayandırılmasına, lisenziyaların sayının azaldılmasına dair iradlarını bildirdi.
Nazirlər Kabinetində verilən tapşırıqlara uyğun olaraq, 2015-ci il oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərildi.
Layihəyə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Ölkə başçısı tərəfindən imzalanmış sənədlə lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.
İcra başçıları göstərişlərə əməl etmirlər
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Modern.az saytına deyib ki, ölkə başçısının sahibkarlara qarşı özbaşnalığın dayandırılmasını diqqətə götürüb. Buna baxmayaraq icra başçıları bildiklərini edirlər:
“Xüsusilə yerlərdə icra hakimiyyəti orqanları insanlara rahatlıq vermir. Bir icra başçısı gedir, o birisi gəlir. Ən çox ziyan çəkən isə kiçik və orta sahibkarlıq subyektləridir. Onların obyektini söküb yerə qoyurlar, yaxud başqasına verirlər. Ona görə demək olar ki, regionlarda kiçik və orta sahibkarlıq yoxdur. Bunun da bir nömrəli günahkarı icra başçılarıdır. Təəssüf ki, Prezidentin son qərarlarından sonra da proses davam edir.
Bir rayondakı kiçik və orta sahibkarların taleyi hansısa vəzifəlinin əlindədir və onun vəzifədən getməsindən asılıdır, burada inkişafdan danışmaq olmaz. Bu çox ciddi problemdir”.
Hüquq mühafizə orqanları zor gücünə haqq alır
Liqa sədri Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların vacibliyini vurğulayıb:
“Vergilər Nazirliyi yoxlamaları aparmalıdır. Ölkə prezidentinin də dediyi kimi, hər bir sahibkar vergini ödəməlidir. Yoxlamaların sayının azaldılması ilə yanaşı vergilərin həcminin artırılması normal məsələlərdir.
Sahibkar hansısa məhsul istehsal edirsə, onun keyfiyyətinə cavabdeh olmalıdır. Məsələn, yoxlama bir balaca diqqətini kənara çəkən kimi dönərxanalar, iaşə müəssisələri sanitar-gigiyenik qaydalara riayət etməyən məhsullar istehsal edirlər.
Bu baxımdan yoxlamaların tamamilə aradan qaldırılması və lüzumsuz olması fikri doğru deyil. Sadəcə çərçivədə olmalıdır.
Xüsusilə yoxlamalara heç bir icazəsi olmayan hüquq-mühafizə orqanları yarı zor, yarı xoş rəftarla sahibkarları nəyəsə məcbur etməməlidir”.
Harada lisenziya varsa, orada korrupsiya var
S.Məmmədov lisenziyalarla bağlı qərarı inqilabı irəliləyiş hesab edir:
“Lisenziylar məsələsi inqilabi qərar idi. Çünki, harada lisenziya varsa, orada korrupsiya var. Hər nazirlik çalışırdı ki, lisenziyaların sayını artırsın. Bundan sonra nazirliklərin özünün marağı qalmayacaq. Çünki, lisenziyalaşdırma İqtisadiyyat və sənaye nazirliyinin vasitəsilə “ASAN xidmət” tərəfindən həyata keçiriləcək”.
Azərişıq, Azərsu, Azəriqaz sahibkarlara qan uddurur
Hüquq müdafiəçisi xüsusilə kiçik və orta sahibkarlara ziyan vurana təbii monopoliyalara diqqət çəkib:
“”Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti , “Azəriqaz” İstehsalat Birliyi kimi qurumlarda texniki şərtlərin verilməsində korrupsiya baş alıb gedir. Bu qurumlarla olan məsələlər mütləq tənzimlənməlidir. Hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün texniki şərtlərin alınması mürəkkəb prosedurlardır. Yalandan elektron ərizə formaları qoyublar, heç biri işləmir. Heç bir əsaslandırma olmadan çox yüksək rüsumlar qoyulur. Xüsusilə “Azərişıq” ASC son vaxtlar çox qəddarlaşıb, onların hərəkətləri heç bir çərçivəyə sığmır”.
Sahibkarlar Konfederasiyası formal qurumdur
S.Məmmədov ölkədə fəaliyyət göstərən Sahibkarlar Konfederasiyasının fəaliyyətini qənaətbəxş hesab etmir:
“Onlar qeyri-hökumət təşkilatıdır. İşəgötürənlərin asossasiyası kimi fəaliyyət göstərməlidir. Bizdə işəgötürənlərin haqqında qanun qəbul olunmayıb. Baxmayaraq ki, Əmək Məcəlləsində bu barədə göstəriş var. Mən hesab edirəm ki, orada heç bir konfederativ quruluş yoxdur. Sahələr üzrə federasiyalar olmalı, onlar da birləşib konfederasiyanı yaratmalı idi. Qurumun adına uyğun strukturu yoxdur. Mən bunları orada çalışanları tənqid etmək fikri ilə demirəm. Onların özündə də legitim əsaslar yoxdur ki, nəyəsə müdaxilə etsinlər. Mənim fikrimcə, Sahibkarlar Konfederasiyası ciddi quruma çevrilməlidir. O zaman hansısa təsirdən söhbət gedə bilər”.