Rəsulzadənin Gəncədəki büstündən çuval çıxarılmayıb - AÇIQLAMA

4-11-2015, 21:29           
Rəsulzadənin Gəncədəki büstündən çuval çıxarılmayıb - AÇIQLAMA
Bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhərindəki Dəmiryolçular parkında qoyulan büstünün başına keçirilən çuval geniş müzakirələrə səbəb oldu.

Milli Məclisin 2015-ci il mayın 29-da keçirilən iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının bu məsələni gündəmə gətirib Rəsulzadənin büstünün başına keçirilən çuvalın çıxarılmasını tələb etməsi parlamentdə qalmaqala səbəb olmuşdu. O, buna görə Gəncə şəhər İcra Hakimiyyətini qınayırdı.
Gəncədən olan deputat Musa Quliyev isə Sabir Rüstəmxanlıya ünvanı səhv saldığını irad tutaraq onu “Azərbaycan Dəmir Yolları”ndan hesab sormağa çağırmışdı. Uzun müddətli etirazlardan sonra çuvalı adi bir şəxs büstdən çıxarmışdı. Amma Gəncənin rəsmi qurumları sonradan çuvalı yenidən büstün başına keçirdilər.

Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmiləri məsuliyyəti bir-birlərinin üzərinə ataraq, sözügedən parkın onların balansında olmadığını sübut etməyə çalışırdılar.

Modern.az saytı əlaqədar təşkilatlardan cavab ala bilmədiyindən, hazırda məsələnin nə yerdə olduğunu aydınlaşdırmaq üçün Müsavat Partiyasının Gəncə rayon təşkilatının sədri Oqtay Zeynallı ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında vəziyyətin dəyişmədiyini deyib:

“Hazırda park bağlıdır və əvvəlkindən də çox pis vəziyyətdədir. Büstün üzərinə keçirilən çuval da yerindədir. 10 metr aralıda isə restoran-yeməkxana tikilib.

Soruşanda da deyirlər ki, “şəhərdə görüləcək işlər çoxdur, parkı təmir etməyə vəsaitimiz yoxdur”. Bir müddət əvvəl parkın qırağını şiferlə hasarladılar, indi onlar da sökülüb, heç bir dəyişiklik yoxdur. Heç ağaclar da sulanmır, səliqəsizlik hökm sürür”.

Sədrin sözlərinə görə, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası bir yerdə Rəsulzadəni hər zaman yad edirlər:

“Həmrəylik günü, Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu və vəfat etdiyi günlərdə gedib büstünü ziyarət edirik. Büstün üzərinin qapadılması ona qarşı olan hörmətsizlikdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.