Hilal Əsədov hardadır: iş başında, yoxsa məhşər ayağında? - MTN generalı fəxri əsir statusunda

5-11-2015, 18:16           
Hilal Əsədov hardadır: iş başında, yoxsa məhşər ayağında? - MTN generalı fəxri əsir statusunda
Bugünlərdə MTN generalı Hilal Əsədovla bağlı Moderator.az-a maraqlı informasiya daxil olub. Mənbənin məlumatına görə, rəsmi olaraq “iş başında” olduğu iddia edilən H.Əsədov əslində məhşər ayağındadır:
“Məlum olduğu kimi, bundan bir müddət öncə MTN generalı Hilal Əsədovun “iş başında” olduğu ilə bağlı rəsmi məlumat verilmişdi. Həqiqətdə isə H.Əsədovun “iş başında” olduğu ilə bağlı verilən bu açıqlamanı yalnız qismən həqiqət kimi qəbul etmək olar. Belə ki, H.Əsədov əvvəllər olduğu kimi bu gün də həqiqətən MTN-ə gələrək öz kabinetində əyləşir. Lakin “MTN işi”ndən öncəki dönəmlərdən fərqli olaraq, H.Əsədov qurum daxilində heç bir faktiki səlahiyyətə sahib deyil. H.Əsədovun gün ərzində gördüyü yeganə “iş” MTN-də I müavin postunda əyləşən Mədət Quliyevə hesabat vermək, arxivdəki saysız-hesabsız əsassız sənədlərlə bağlı onun suallarını cavablandırmaq, iradlarını dinləməkdir. Hansı ki, bu sənədlər qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilməyib və onda həm forma, həm də mahiyyət etibari ilə ciddi pozuntular mövcuddur”.
Mənbə H.Əsədovun xaricə çıxışının da yasaqlandığını bildirib. Bilgili qaynağın sözlərinə görə, H.Əsədovun xaricə çıxışına yalnız “lazım gəldiyi təqdirdə”, “xüsusi mühafizəçilərin yaxın müşayiəti ilə” icazə var ki, bu da MTN generalının faktiki olaraq fəxri əsir statusuna malik olduğunu göstərir. Başqa sözlə desək, H.Əsədovun bugünkü durumunu işinin başında olan generaldan daha çox, yol verdiyi nöqsanlara görə məhşər ayağına çəkilən müqəssir kimi dəyərləndirmək mövcud reallıq baxımından daha məntiqli görünür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.