Adil Əliyev ADU-nun tələbələri ilə görüşüb - FOTO
11-11-2015, 15:39
Azərbaycan Dillər Universitetində (ADU) Milli Məclisin deputatı Adil Əliyev Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbələri ilə görüşüb.
ADU-dan SalamNews-a verilən məlumata görə, adıçəkilən fakültənin "227 a" qrup tələbəsi Günel Əsədovanın təşkilatçılığı ilə baş tutan görüş 9 Noyabr - Bayraq gününə həsr olunub.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan açıq dərsə dəvət olunan deputat Adil Əliyev öncə özünü təqdim edib, dəvətə görə təşəkkürünü bildirib. O, bayraq haqqında danışarkən Yaxın Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin, öz müstəqilliyinin göstəricisi olan bayrağın yaradılmasında keçdiyi çətin yollardan bəhs etdi. Daha sonra həmin bayrağın bu gün respublika səmasında dalğalanmasının Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu və həmin siyasi kursun ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söyləyib. Eyni zamanda, millət vəkili əldə olunan müstəqilliyi qoruyub saxlamağın vacibliyindən danışıb.
Tədbirin təşkilinin təqdirəlayiq olduğunu deyən Adil Əliyev onun təşkil olunmasına görə universitet rəhbərliyi başda olmaqla, hər kəsə təşəkkürünü bildirib. Sonra çıxış edən Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva deputatı 1 noyabr 2015-ci ildə V çağırış Parlament seçkilərində yenidən millət vəkili seçilməsi münasibəti ilə təbrik edib. Deputatı ADU-da görməkdən məmnun olduğunu dilə gətirən fakültə dekanı, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə “Dövlət Bayrağı meydanı”nın açılış mərasimini özündə əks etdirən videorolik nümayiş olunub. Qonaq qismində iştirak edən kinqboksinq döyüş növü üzrə idmançılar Azərbaycanı beynəlxalq arenalarda təmsil etməyin və bayrağımızı ucaltmağın qürurverici olmasından bəhs ediblər. Sonda ADU tələbələri Azərbaycan və ingilis dillərində bayraq haqqında ümumi məlumat veriblər, xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şerini səsləndiriblər.