İlham Əliyev dövlət içində quldurluq edənlərə zərbələrini davam etdirir - Sırada kimdir, sıra kimdədir?

13-11-2015, 13:16           
İlham Əliyev dövlət içində quldurluq edənlərə zərbələrini davam etdirir - Sırada kimdir, sıra kimdədir?
Prezident İlham Əliyevin milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsi haqqında ötən ay imzaladığı sərəncam Azərbaycan cəmiyyətində sözün həqiqi mənasında xeyli sual yaratdı. İndiyədək Milli Təhlükəsizlik Nazirliyinə (MTN) milli təhlükəsizliyin təmin olunmasını həyata keçirən ən vacib struktur kimi baxmağa alışmış vətəndaşlara növbəti çaşqınlığı isə məhz E.Mahmudovun rəhbərlik etdiyi qurumda baş verənlər yaşatdı. Lakin necə deyərlər, haqq nazilər, üzülməz. Elə öz funksiyalarını qara əməllərlə dəyişik salanların tapdaladığı haqq da, xoşbəxtlikdən, üzülmədi. Prezidentin məsələyə vaxtında və sərt şəkildə verdiyi reaksiya cəmiyyətin istər MTN tərəfindən haqsız təqiblərə məruz qalmış hissəsi, istərsə də ölkəsinin ən vacib güc strukturunu sağlam görmək istəyən hər kəs tərəfindən alqışla qarşılandı.

Bu hadisələr baş verdikdən sonra suların durulduğu güman edilsə də, aparılan araşdırmalar MTN-in öz qanunsuz əməllərini gerçəkləşdirmək üçün bir şəbəkə yaratdığını üzə çıxarır. Belə ki, araşdırmalar nəticəsində müəyyən edilib ki, MTN-in sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini (RYTN) də cəlb edib. Qurumun rəhbəri - rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov isə Azərbaycan Respublikası Prezidentinin etimadını doğrultmayıb, qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaradıb.

Prezident İlham Əliyev, eləcə də ölkə qanunvericiliyi dövlət qurumları və məmurlardan vətəndaşların hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi tələb etdikləri halda, MTN-in sabiq rəhbərliyi və onun orbitinə düşmüş RYTN rəhbərliyi tam əks fəaliyyətlə məşğul olublar.

İlkin araşdırmalar göstərir ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN “generalları” da yaxından iştirak edib, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyata keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəyib.

Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Araşdırmaların nəticələrinə uyğun olaraq, qanuna zidd əməllərdə iştirak etmiş şəxslər barədə qəti imkan tədbirləri həyat keçirilir və gələcəkdə də keçiriləcək.

Göründüyü kimi, şəxsən Azərbaycan Prezidenti və onun başçılığı ilə ölkə rəhbərliyi korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ halların aradan qaldırılması üçün böyük siyasi iradə nümayiş etdirir. Bu isə hər bir vətəndaşda belə bir əminlik yaradır ki, bundan sonra da ölkə qanunlarına sayğısızlıq nümayiş etdirən hər kəsin aqibəti Eldar Mahmudov, Əli Abbasov və onların qanunsuz əməllərinə şərik olanların aqibətindən fərqlənməyəcək. Ölkədə vətəndaşların qanuni haqlarını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, sahibkarlığa, biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq. Yeri gəlmişkən, Prezident İlham Əliyev bunu son çıxışlarında dəfələrlə bəyan edib. Oktyabrın 25-də Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində çıxış edən dövlət başçısı xatırladıb ki, bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur: “Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər”.

Noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində isə Prezident son vaxtlar sahibkarlarla bağlı üzə çıxan faktlara toxunub: “Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir”.

Bəli, heç bir dövlət ideal deyil. Bütün dövlətlərdə hansısa xoşagəlməz proseslərin baş verməsi də qaçılmazdır. Lakin o xalqlar xoşbəxtdirlər ki, ölkələrində hansı neqativ prosesin baş verməsindən asılı olmayaraq, onları qoruyan lider və siyasi iradə var. Bu mənada Azərbaycan vətəndaşları Prezident İlham Əliyev və komandasının onların təhlükəsizliyini bundan sonra da etibarlı şəkildə təmin edəcəyinə əmin ola bilərlər. \\kaspi.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.