“Eldar Mahmudovun anası Zinaida Mixaylovna oğlunun iş yerindən çox nigaran idi”
19-11-2015, 19:57
Son günlər bəzi mətbuat orqanları və sosial şəbəkələrdə eks-milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun ailəsi, valideynləri, onların əslən hansı bölgədən olduğu haqda çox yazılır, müzakirələr açılır.
Yazıçı-dramaturq, əvvəllər Milli Elmlər Akademiyasında işləmiş Firuz Mustafa bu müzakirələrə dair açıqlama verib
Modern.az saytı vaxtilə eks-nazirin anası ilə bir yerdə işləmiş yazıçının açıqlamasını təqdim edir:
“Son zamanlar Elmlər Akademiyası (EA) əməkdaşlarına, habelə mənim özümə bu suallarla müraciət edən adamlara təsadüf olunur. Tanışlar, həmkarlar, media nümayəndələri son olaylarla bağlı Eldar Mahmudovun ailəsi ilə də maraqlanır. Və mətbuatda, sosial şəbəkələrdə bu konuda çoxlu “sensasion” yazılar dərc olunur.
Eldar Mahmudovun atası Əhməd Mahmudov EA-da İqtisadiyyat İnstitutunun müdiri idi. Bu elmi müəssisə ilə bizim işlədiyimiz Fəlsəfə və Hüquq institutu eyni mərtəbədə, amma müxtəlif “cinahlarda” yerləşirdi.
Əhməd Mahmudov əslən Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Şahtaxtı kəndindəndir. Mən onu deyib-gülən, şən, zarafatcıl bir adam kimi xatırlayıram. Həmkarlarının yadında o, xeyirxah adam kimi qalıb. Mənimlə salamı vardı. Ünsiyyətimiz az olub.
Əhməd Mahmudovun həyat yoldaşı Zinaida Mixaylovna Mahmudova ilə biz uzun illər eyni bir institutda, eyni otaqda, eyni şöbədə çalışmışıq. Xanm əslən Moskvadan idi. Elə Əhməd müəllimlə də orada tanış olmuşdu. Zinaida xanım (biz ona belə müraciət edirdik) çox sadə, təvazökar, hətta deyərdim ki, utancaq bir qadındı. Elmi fəaliyyətə gec başlamışdı və bu sahədə elə də böyük iddiası yoxdu. Yaşından bir qədər ahıl görünürdü. Adamlarla çox sakit, az qala pıçıltı ilə danışırdı.
Qızı Elmira tez-tez anasına baş çəkərdi. Ana-bala bir-biri ilə rəfiqə kimi mehriban davranırdılar. Sonralar Elmira Mahmudova Riyad adlı gənc bir çekistlə ailə qurdu. Riyad özü də tanınmış ailədən idi, atası Fikrət Əhmədov bir zamanlar respublika Nazirlər Soveti sədrinin (Baş nazirin) müavini vəzifəsində çalışmışdı. Riyad Əhmədov 1992-ci ildə erməni yaraqlılarla döyüşlərdən birində -Daşaltı əməliyyatı zamanı itkin düşmüş, səhv etmirəmsə elə həmin il Milli Qəhrəman adına layiq görülmüşdü. Zinaida xanım bu hadisədən çox sarsılsa da, kürəkəninin ölümünə heç vaxt inanmırdı, iş otağımızdan demək olar ki, hər gün Riyadın anası Bahar xanımla telefon əlaqəsi saxlayırdı.
Ümumiyyətlə, xanım Mahmudova öz ailəsi haqda ətraflı danışmağı xoşlamazdı. Uşaqları ilə fəxr etdiyini deyərdi. Amma bəzən şöbə əməkdaşları ilə söhbət əsnasında oğlunun iş yerindən həssas ana nigarançılığı ilə gileyləndiyi də olurdu: “Eldarın işi çox ağırdır. Bilmirəm haradan bu qəliz, mürəkkəb sistemi seçdi. Elmira kimi o da atasının yolu ilə (yəni elm yolu ilə) getsəydi yaxşı olardı…”.
O vaxt Eldar Mahmudov hələ aşağı rütbəli zabit idi.
Böyük çin və rütbələr, böyük qazanc və itkilər, habelə böyük qabarma və çəkilmələr hələ irəlidə idi.
Düz deyiblər ki, adamın ən böyüh müəllimi mühit və zamandır”.