Antiterror Mərkəzinin rəisini kim qoruyur? -MTN-in Hilal Əsədov və Elçin Quliyev sirri...
19-11-2015, 22:47
Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qəfil, son 10 ilin ən böyük sensasiyası hesab oluna biləcək işdən çıxarılması hadisəsindən düz 1 ay ötdü. Noyabrın 14-də “MTN işi”nin əsas fiqurantlarından olan Akif Çovdarovun həbsi və ona qarşı çoxsaylı ittihamların irəli sürülməsi, Eldar Mahmudovun “vurulması” ilə paralel MTN-də başlayan əməliyyatın hansı istiqamətdə getdiyini müəyyən qədər təxmin etməyə əsas versə də, hələ də Eldar Mahmudovun özünün məsuliyyətə cəlb olunmaması və bir sıra digər faktorlar ortaya çoxsaylı suallar çıxarır. Bu suallar MTN-dəki “təmizləmə əməliyyatının” dəqiqliklə, bütün incəliklər nəzərə alınmaqla, eyni zamanda təhlükəsizlik tədbirləri görülməklə aparıldığına, istintaqçıların və yeni rəhbərliyin ortaya prinsipial mövqe qoyub-qoymadığına dair müzakirə və mübahisələrə yol aça bilər.
Məsələn, Eldar Mahmudova xüsusi yaxınlığı ilə seçilən, məhz onun tərəfindən MTN-ə cəlb olunan və yüksək vəzifələrə irəli çəkilən, bu illər ərzində törədilən cinayətlərdə bilavasitə iştirakı şübhə doğurmayan müəyyən şəxslərin hələ də nazirlikdə vəzifə başında olması suallar doğurur. Akif Çovdarov vəzifəsindən azad olunub həbs olunduğu halda, nazir müavini Hilal Əsədovun hələ də vəzifəsində qalması belə suallardan sadəcə biridir.
Hilal-Esedov
Hilal Əsədovun adı həmişə Akif Çovdarovla qoşa çəkilib və bu gün də MTN-də baş verənlərlə bağlı açıqlanan faktlarda onun adı keçir. Buna misal olaraq, Bakının 8-ci kilometr bazarının bir hissəsinin, “Karvansaray” ticarət mərkəzinin isə bütövlükdə sahiblərinin əlindən alınması əməliyyatlarını göstərmək olar. Zərərçəkən tərəflərin danışdıqları “hekayələrdə” Hilal Əsədovun adı qırmızı xətlə keçir. Məsələn, 2012-ci ilə kimi “Karvansaray” ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlu mətbuata bir neçə gün əvvəlki açıqlamasında deyirdi ki, “Karvansaray”ı onlardan MTN generalları Akif Çovdarov və Hilal Əsədov alıb: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi…”
Akif Çovdarov artıq həbsdədir, lakin onun çoxillik “iş ortağı” Hilal Əsədov isə hələ də Azərbaycan Milli Təhlükəsizlik nazirinin müavinidir. Bu barədə onun həyat yoldaşı Nüşabə Əsədova da mətbuata bugünkü açıqlamasında, meydanoxuyurcasına, bildirib. Sitat: “Onun işdən çıxarılması ilə bağlı məlumatları bizi sevməyən düşmənlər yalandan yayır. Ancaq onların arzuları ürəklərində qalır. Hilal Əsədov bu dəqiqə işdədir, MTN-də kabinetində oturub. Onun işdən çıxarılması yalandır. Prezidentin sərəncamı nə vaxt olub ki? Bunu yəqin kimsə məqsədli şəkildə yayır. Hilal müəllimin vəzifəsi elədir ki, onu çıxarmaq üçün ancaq prezidentin sərəncamı olmalıdır. Bunun üçün ancaq prezident qərar verə bilər. Kimsə ağzına gələni yazdırır, axı bu düz deyil”.
Zahirən bu təzada məntiqi izah tapmaq çətin olsa da, “AzPolitika”ya mötəbər qaynaqlardan daxil olan bəzi məlumatlar “Hilal Əsədov müəmması”na müəyyən qədər aydınlıq gətirir. Müəyyən məlumatların təhlili iddia etməyə əsas verir ki, Hilal Əsədov yeni rəhbərlik və istintaq tərəfi ilə əməkdaşlıq yolunu tutduğuna görə, hələlik formal da olsa vəzifəsini saxlayır və məsuliyyətdən kənardadır. Bəzi məlumatlara görə isə, Hilal Əsədov Eldar Mahmudov vəzifəsindən azad olunduqdan xeyli əvvəl – təxminən 3 ay öncə qarşı tərəflə əməkdaşlığa başlayıb. Bu “gedişi” onu məsuliyyətdən tam azad etməsə də, müəyyən qədər münasibəti yumşaldıb. “AzPolitika” onu da dəqiqləşdirib ki, Eldar Mahmudovun işdən azad olunmasından 1 gün sonra Prezident İlham Əliyevin dar çevrə ilə keçirdiyi müşavirədə MTN-in bir neçə baş idarə rəisi ilə yanaşı Hilal Əsədov da iştirak edib. İclasdan sonra onun təklikdə Prezidentin qəbulunda olduğu haqda da məlumatlar var. Sonrakı günlərdə isə Hilal Əsədov hər gün işə çıxıb, hətta Rusiya Prezidentinin MDB ölkələri xüsusi xidmət orqanlarının rəhbərlərilə görüşündə də iştirak edib. Lakin təxminən 2 həftə əvvəl artıq vəzifəsindən azad olunması barədə sərəncam oxunan digər müavin Elçin Əliyevlə yanaşı Hilal Əsədovun da işdən çıxarılmasilə bağlı Prezidentə təqdimat verilib. APA noyabrın 14-də Hilal Əsədovun vəzifəsindən azad olunduğu barədə xəbər versə də, sonrakı saatlarda bu məlumat təsdiqini tapmadı və saytlardan çıxarıldı. Bununla “Hilal Əsədov müəmması” aktuallığını qorusa da, “AzPolitika” dəqiqləşdirib ki, hazırda o, tamamilə təcrid olunmuş vəziyyətdə və nəzarət altındadır. Yaxın günlərdə onunla bağlı Prezident sərəncamının olacağına qəti əminlik var…
Elcin Quliyev
“MTN işi”ndə ən qaranlıq məqamlardan biri də rəis müavini başda olmaqla, xeyli əməkdaşı həbsə atılan Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin hələ də işinin başında olmasıdır. Xatırlatmaq yerinə düşər ki, oktyabrın 17-dən MTN-də başlayan əməliyyat, işdənçıxarmalar və həbslər əsəsən üç idarəni – Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsini, Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsini və Antiterror Mərkəzini əhatə edib. Bu idarələrdən ilk ikisinin rəisləri general-mayor Akif Çovdarov və general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim edilib. Akif Çovdarov barəsində isə, yuxarıda da qeyd etdiyimiz kimi, artıq həbs-qətimkan tədbiri seçilib. Hadisələrin episentrində olan Antiterror Mərkəzinin rəisi Elçin Quliyev isə, nəinki vəzifəsindən uzaqlaşdırılıb, hətta bir çox hallarda bu hadisələrdə adı belə keçmir. Antiterror Mərkəzinin rəis müavini İlqar Quliyev və mərkəzin digər əməkdaşlarına qarşı ağır cinayət ittihamları irəli sürüldüyü halda Elçin Quliyevin vəzifəsində qalması qəribə və düşündürücüdür. Sanki, hansısa “qüdrətli əl” onu qoruyur və məsuliyyətdən kənarda saxlayır. Hətta istisna deyil ki, bu “qüdrətli əl” ölkədən kənardadır…
Məsələ ondadır ki, Antiterror Mərkəzinin rəis müavini və digər əməkdaşlarının yol verdikləri ağır cinayətlərdə rəis kimi Elçin Quliyevin məsuliyyət payının (İstər hüquqi, istərsə də mənəvi) olmaması mümkün deyil. Bu variant istisnadır. Eyni zamanda o da sirr deyil ki, ağır cinayət ittihamları ilə həbsə atılan polkovnik İlqar Əliyevin əsas himayədarı da elə rəisi Elçin Quliyev olub. E.Quliyev MTN-də vəzifə pillələrində irəlilədikcə, İ.Əliyevi də özü ilə bərabər yuxarı çəkib. Ən azı son 10 ildə isə bu şəxslərin adı həmişə qoşa çəkilərək, tandem kimi qəbul olunublar. İNDİ NƏ BAŞ VERİR Kİ, TANDEMİN Bİ TƏRƏFİ HƏBSƏ ATILDIĞI HALDA, DİGƏRİ VƏZİFƏSİNDƏ QALMAQDA DAVAM EDİR?
Ümumiyyətlə, E.Quliyevin sirr dolu kimliyi maraq doğurur. Bizə verilən məlumatlara görə, Antiterror Mərkəzinin hazırki rəisi müstəqil Azərbaycanın xüsusi xidmət orqanında fəaliyyətə MTN-in N saylı rabitə hərbi hissəsində başlayıb. Sovetlərin dağılmasından sonra bu hərbi hissə uzun müddət Rusiya kəşfiyyatının nəzarəti altında qalmaqda davam edib. Sonrakı illərdə E.Quliyev vəzifə pillələrində sürətlə irəliləməyə başlayıb. Rabitə hərbi hissəsindən MTN-ə keçib, nə qədər qəribə olsa da, nazirliyin Rusiya istiqaməti üzrə fəaliyyət göstərən strukturunun əməkdaşı, nazir müavini Tofiq Babayevin köməkçisi olub. Eldar Mahmudov MTN-ə gələndən sonra isə karyerasında sıçrayış baş verib – əvvəlcə idarə rəisinin müavini, idarə rəisi, nəhayət Baş İdarə rəisi, Antiterror Mərkəzinin rəhbəri təyin olunub və general rütbəsi alıb. Məlumata görə, MTN-dəki peşəkarlar Elçin Quliyevə hər zaman şübhə ilə yanaşıblar…
Şübhəsiz ki, bu gün İlqar Əliyevə qarşı irəli sürülən rəsmi ittihamların hamısını, bəlkə də daha artığını onun rəisi Elçin Quliyevə də şamil etmək olar. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən ilin sentyabrında MTN tərəfindən sifarişlə həbs olunan, həbsdə olmazın işgəncələr görən və Eldar Mahmudovun vəzifədən çıxarılmasından cəmi 2 gün sonra azadlığa çıxan Əmlak Komitəsinin keçmiş əməkdaşı Mətləb Mustafayev qanunsuz həbsinə və MTN polkovniki olar qardaşının intiharına görə həm də Elçin Quliyevi ittiham edir…
Beləliklə, görünən budur ki, MTN-də başlayan “təmizləmə əməliyyatı” hələ də öz məqsədinə çatmayıb və xeyli sayda sual, havadan asılı qalaraq, aktuallığını qorumaqdadır. Cinayətkarın birini tututb, hansısa motivlə digərini iş başında saxlayacaqlarsa…
MTN-i Mahmudovçu bandadan tam təmizləmək olacaqmı, bunu zaman göstərəcək.