İsmayıllıdan ədalət çağırışı - "Haqqı ədaləti tapdalamayın!"
21-11-2015, 15:15
Azərbaycan mətbuat Şurasına, şər-böhtandan uzaq, qanunun aliliyini dərk edən, dövlət mövqeyini hər şeydən üstün tutan, haqqa doğru ləyaqətlə gedən elektron və yazılı KİV-lərə
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun AzərTAc-a müsahibəsini oxuyandan sonra düşündüm ki, nəhayət, məmurları təhqir etməklə maddi maraqlarını təmin etmək istəyənlər ağıla gələr, haqq yoluna qayıdar, yaşamaq və halal qazanc yolunu öz fəaliyyətində, öz ağlında, düşüncəsində, biliyində, intellektində görərlər. Müsahibədə qeyd olunan aşağıdakı qətiyyətli fikirlər xüsusilə reket KİV-lər tərəfindən cana doyan sahə işçilərinə böyük dayaq oldu: “Əks təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək”. Dərin düşüncə sahiblərindən fərqli olaraq bəzi saytlara rəhbərlik edənlər, “jurnalistlər” haqqa tapınmaqdan, ağıllı məsləhətləri qəbul etməkdən çox uzaq imişlər.
Böhtan bataqlığında boğulanlar, şər çirkabına bulaşanlar “İsmayıllı icra başçısından Eldar Mahmudova 3 milyonluq hədiyyə” başlıqlı yazıda cəfəng fikirlərini yenə də “etibarlı mənbələrinə” əsaslanıb tirajlayırlar. Guya İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Eldar Mahmudova 3 milyonluq ev tikərək hədiyyə edib. Belə yalanı yazana “yalançıya lənət olsun”dan yüngül nəsə demək mümkün deyil. Belələri uca Allahı danaraq, qanunlarımızı tapdalayaraq maddi hərisliklərini təmin etmək üçün hər cür rəzilliyə gedirlər. Bütün İsmayıllı ərazisini gəzsələr, nəinki 3 milyonluq, heç 500 min manatlıq ev tapmaq olmaz. A “yazarlar”, a ayaq altı qazanlar, gəlin İsmayıllıya, baxın, görün, haradadır uydurduğunuz 3 milyonluq evmi, mülkmü, saraymı?
Mirdaməd Sadıqov başçı gələnə qədər harada idiniz? O zaman baş verən qanunsuzluqlar, torpaq zəbtləri nə üçün sizi maraqlandırmırdı? Sözüm, əlbəttə, yazının başlığında müraciət ünvanladıqlarıma deyil, bu gün də naşı və qərəzli qələmi ilə qaşınmayan yerdən qan çıxarmaq istəyənlərədir. Allahdan qorxun, qanuna hörmət edin. Obyektiv olun. İsmayıllı uzaqda deyil. “Etibarlı mənbə”nizin hər tərəfə atdığı çamuru həqiqət kimi qəbul etməyin. Özünüz baxın , dəqiqləşdirin. Sizə kömək edən də tapılar. Mirdaməd Sadıqova qədər kimin nə və necə , hansı yolla tikdiyini sizə göstərərlər. Buynuza, Qalacığa, Basqala, Zərgərana, Yeniyola, İvanovkaya gedib sakinlərlə söhbət etdikdə həqiqətə çata bilərdiniz.
Onun da şahidi olarsınız ki, İsmayıllıda dövlət siyasətinə sədaqət göstərilir, ölkə rəhbərinin Sərəncam, tapşırıq və tövsiyələri məsuliyyətlə icra edilir. Bütün fəaliyyət istiqamətlərində qanunun aliliyi təmin olunur.
Yazını müqəddəs Qurani-Kərimdən iki ayə ilə yekunlaşdırmaq istərdik:
Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər.
əl-Bəqərə surəsi, ayə - 18
Haqqı inkar edənlərin nə malları , nə də övladları onları Allah yanında (axirətdə) heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar.
Ali-İmran surəsi , ayə-18
İsmayıllı rayon İcra Hakimiyyətinin mətbuat xidməti