“İnqilab” çağırışlarının arxasındakı məkrli planlar
31-08-2019, 09:58
Fəzail Ağamalı: “Ölkəni anarxiyaya sürükləmək istəyən həmin insanlar Azərbaycana düşmən olan qüvvələr tərəfindən idarə olunurlar”
Son günlər Azərbaycandan kənarda yaşayan bəzi azərbaycanlılar sosial şəbəkələrdən, internet televizyalarından intensiv olaraq canlı yayında xalqı “inqilaba” çağırır. Habelə konkret vaxt müəyyən etməklə xaricdə yaşayan soydaşlarımızın da kütləvi şəkildə ölkəyə qayıdaraq “inqilab” etməsini təbliğ edirlər. Eyni zamanda müxalifətin də bu “inqilab”a dəstək verməsinin vacibliyini vurğulayırlar. “İnqilab” çağırışlarına tənqidi münasibət bildirən şəxslərə qarşı isə aqressiv münasibət sərgiləyir, onları təhqir edirlər.
İnqilab çağırışlarına ölkə daxilində dəstəyin olmadığı isə məlumdur. Çünki inqilab qarşıdurma, xaos deməkdir və vətəndaşlarımız bunun fərqindədir.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, internet platformasının ən müxtəlif imkanlarından istifadə edib, xalqı mahiyyətcə dağıdıcı xarakter daşıyan inqilaba çağırış edənlər xalqla iqtidarın arasında etimadsızlıq toxumu səpib, onu cücərtməyə çalışanlar var: “Onlar ölkəni xaosa çevirmək, qardaş qanı axıtmaq, əldə etdiyimiz bütün uğurları məhv etmək, pusquda dayanan, genetik düşmənimiz olan ermənilərin vəziyyətdən istifadə edərək, 90-cı illərin əvvəlində olduğu kimi, hücuma keçib əlavə torpaqlarımızı işğal etməsini, şimal, cənub torpaqlarımıza qonşu ölkələrin qoşunlarını yeritməsinə nail olmaq istəyirlər. Bu dəhşətli ssenarinin təməl daşını qoyan məhz Avropada məskunlaşan və onlara dəstək verən dağıdıcı antimilli qüvvələrdir. Ölkəni anarxiyaya sürükləmək istəyən həmin insanlar Azərbaycana düşmən olan qüvvələr tərəfindən idarə olunurlar, maliyyələşdirilirlər. Onlar Azərbaycanda iki istiqamətdə iş aparmağa çalışırlar. Bir istiqamət xalqı inqilaba qaldırmaqla əldə olunmuş bütün uğurlarımızı məhv etmək, Azərbaycanı xaosun hökm sürdüyü ölkəyə çevirməkdir. Bu istiqamət Azərbaycanı dəhşətli fəlakətlərlə üz-üzə qoyur, Azərbaycanın müstəqilliyini itirməsini və hansısa dövlətin əlinin altında idarə olunan formal bir ölkəyə çevrilməsini nəzərdə tutur. Onların niyyəti budur. İkinci istiqamət isə Azərbaycan dövləti və iqtidarı ilə xalq arasında etimadsızlıq toxumu səpmək, xalqla iqtidar arasındakı birliyi sarsıtmaqdır. Bunların hər ikisi Azərbaycanın dövlətçliyinə, müstəqilliyinə qarşı yönəlmiş olan xətdir”.
Fəzail Ağamalı
Deputat vurğuladı ki, bu xətt Azərbaycan xalqı tərəfindən dəstəklənmir:
“Mən tamamilə əminəm ki, onların bu çağırışlarına Azərbaycan xalqı heç vaxt dəstək verməyəcək. Çünki xalqımız müstəqilliyə, dövlətimizin bu səviyyəyə çatmasına qurbanlar verərək gəlib çatıb. Bunu qiymətləndirən xalqımız avantürist çıxışlara, inqilab çağırışlarına heç zaman dəstək verməyəcək. Biz birmənalı şəkildə fikrimizi ifadə etməliyik, sözümüzü deməliyik, cəmiyyət olaraq onların qarşısında dayanmalıyıq. Ana Vətən Partiyası YAP-ın icra katibi Əli Əhmədovun bu günlərdə milli birlik çağırışına qoşulduğunu bəyan etdi. Biz partiya olaraq bütün sağlam, milli qüvvələrin iştirakı ilə yaxınlarda dəyirmi masasını keçirmək niyyətindəyik. Cəmiyyətin bütün imkanlarını avanütrist ”inqilab" çağırışlarına qarşı səfərbər etməliyik, dövlətimizi, müstəqilliyimizi qoruyub saxlamaq üçün bütün ptensialımızdan istifadə etməlyik".
F.Ağamalı çoxsaylı ölkələrin təcrübəsini sadalayaraq vurğuladı ki, inqilablar heç bir xalqa xoşbəxtlik gətirməyib və gətirmir: “İnqilabların doğurduğu fəlakətləri, faciələri unudan insanlar uzaq və yaxın tarixi nəzərdən keçirsinlər. Avantürist inqilab çağırışları edənlər eyni zamanda Ermənistanın siyasətinə xidmət etmiş olurlar. Ermənistan bu gün pusquda dayanıb. 1990-cı illərin əvvəllərində olduğu kimi indi bizdə zərrə qədər hakimiyyət boşluğu yaransa, xaos olsa Ermənistan Azərbaycan yeni torpaqlarını işğal etmək üçün hərəkətə keçəcək və buna nail olacaq. Buna heç kəsin şübhəsi olmasın. Deməli, inqilab çağırışları edənlər əslində Ermənistanın xeyrinə addımlar atmış olurlar”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”