Xarici İşlər Nazirliyindən Ermənistan rəsmilərinə cavab - Açıqlama
3-09-2019, 00:00
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi Ermənistanın baş naziri və prezidentinin işğalı altında olan ərazilərində separatçı rejimin qondarma “müstəqillik gününü” təbrik etmələri ilə bağlı məsələyə şərh verib.
Nazirliyin Mətbuat Xidməti İdarəsindən Teref.az- a daxil olan məlumata görə, XİN-dən bildirilib ki, işğalçı ölkənin yaratdığı oyuncaq, separatçı rejimin qondarma “müstəqillik gününü” təbrik edərək, bu ölkənin təcavüzkar siyasətini açıq şəkildə etiraf etməsini göstərir.
Qeyd olunub ki, işğalçı Ermənistanın siyasi rəhbərliyi ilə yanaşı, diplomatik nümayəndəlikləri rəhbərlərinin işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfər etməsi onu göstərir ki, işğalçı ölkə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan təcavüzkar siyasətin nəticələrinə söykənən status-kvo vəziyyətinin möhkəmləndirilməsinə yönəlik cəhdlər edir və beləliklə, münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur.
"Ermənistan rəhbərliyinin son zamanlar verdiyi tamamilə əsassız bəyanatları və atdığı addımları bu ölkənin öz qanunsuz əməllərinə özünü və öz əhalisini inandırmaq məqsədi güdür. Əks təqdirdə, dünyanın heç bir dövləti tərəfindən tanınmayan, işğalı çoxsaylı sənəd və qətnamələrdə pislənilən və Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin bir hissəsi olan ərazilərdə “mütəqillik bayramını” qeyd etmək başqa nə cür adlandırıla bilər.
Qeyd edilir ki, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı və yerli azərbaycanlı əhalinin qanlı etnik təmizlənməsi, eləcə də digər insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan dərk etməlidir ki, bu torpaqlar yenidən Azərbaycanın nəzarətinə qayıdacaq və bölgənin hər iki icması yenidən birgə sülh və təhlükəsizlik şəraitində yaşayışını təmin edəcək. Münaqişənin digər həll yolu mövcud deyil və ATƏT-in Minsk Qrupunun həmsədrləri qismində beynəlxalq vasitəçilər, habelə bütün dünya ictimaiyyəti bunu gözəl dərk edir", - deyə şərhdə əlavə edilib.