YAP-dan vacib açıqlama: "İlham Əliyev hər səhər idman edir və saat 9-dan iş başındadır"

3-09-2019, 12:58           
YAP-dan vacib açıqlama: "İlham Əliyev hər səhər idman edir və saat 9-dan iş başındadır"
Müsavat Partiyası ölkə başçısının səhhəti barədə məlumat verilməsini istəyir

Müsavat Partiyasının Divanında (idarə heyəti-red) ölkə başçısı İlham Əliyevin sağlıq durumu və bu səbəbdən işə çıxmaması haqqında cəmiyyətdəki müzakirələrlə bağlı fikir mübadiləsi aparılıb.

Bu barədə Müsavat Partiyası məlumat yayıb.

“Müsavat Partiyası hesab edir ki, ölkə başçısının səhhətinin və əmək qabiliyyətinin durumu onun şəxsi işi deyil və hakimiyyət bu barədə cəmiyyətə dəqiq və aydın məlumat verməlidir,” məlumatda qeyd edilir.

Arif Hacılı: Ölkə başçısının fəaliyyəti ilə bağlı uzun müddətdir məlumat yoxdur

“Bu mövzu sosial şəbəkələrdə, internet üzərindən geniş müzakirə olunur. Onun səhhətində problemlər olması və hansısa səbəbdən səlahiyyətlərini icra edə bilməməsi barədə müxtəlif məlumatlar, şayiələr yayılır. Müsavat Partiyası hesab edir ki, dövlət rəhbərinin, yəni ölkənin taleyinə aid olan məsələlərə sərəncam vermək səlahiyyətinə malik olan bir şəxsin səhhəti, onun səlahiyyətlərini icra edib-etməməsi onun şəxsi işi deyil. Bu məsələlərlə bağlı cəmiyyətə məlumat verilməlidir. Bu məsələlər şəffaf olmalıdır. Müsavat Partiyasının bu günki divanında olan tələb də məhz bununla bağlıdır,” Hacılı qeyd edib.

Siyavuş Novruzov: Prezident iş başındadır
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Amerikanın Səsinə müsahibəsində bildirib ki, İlham Əliyevin səhhətində hər hansı problem yoxdur, hər gün iş başındadır.

“Mən rəsmi şəkildə Yeni Azərbaycan Partiyasının adından və öz adımdan bəyan edirəm ki, İlham Əliyevin səhhətində heç bir problem yoxdur. O hər gün səhər idman edir və saat 9-dan iş başındadır. Bu düşmənlərin yaydığı yalandır,” o qeyd edib.

İcra katibinin müavini keçmiş prezident Heydər Əliyev haqqında dediklərini də dərc etməyimizi xahiş edib.

“Ümumilli lider evdən çıxanda rəhmətlik Zərifə xanım deyib ki, işə gedirsiniz, bir-iki ailə məsələsi var. O saat 8-8.30-da evdən çıxırdı. O deyir ki, yox, mən tələsirəm, işə getməliyəm. Deyir ki, sən niyə tələsirsən, camaat tələssin, sən ölkənin rəhbərisən. Deyir ki, onlara mən baxıram, mənə bütün ölkə baxır. Bildin də, nə demək istəyirəm? Yəni İlham Əliyev hər gün saat 9-da diplomatik nümayəndələri qəbul edir. Ona nə olub ki? Onun səhhəti ilə nə müzakirə var? Həkimsiniz? Nəyi müzakirə edirsiniz?” Novruzov bildirib.

amerikaninsesi.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.