Jurnalistlərə verilən mənzilləri satmaq mümkün olmayacaq? - “Kupça” qalmaqalı

4-09-2019, 12:51           
Jurnalistlərə verilən mənzilləri satmaq mümkün olmayacaq? - “Kupça” qalmaqalı
Jurnalistlər üçün tikilən ikinci binanın istifadəyə verilməsindən il yarımdan artıq vaxt keçsə də, sakinlər çıxarış ala bilmir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) problemi Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) üzərinə atır. ƏMDK isə öz növbəsində problemin KİVDF-də olduğunu bildirir.

Nəhayət, dünən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ilə bu məsələ barədə danışmaq mümkün olub. Vüqar Səfərli isə bina sakinlərinin narahatlığına səbəb olan açıqlama verib. “O bina dövlətin əmlakıdır. Bina Əmlak Komitəsi tərəfindən bizim balansımıza verilməlidir, “kupça” təqdim olunmalıdır. Bu məsələni birinci olaraq, Fond sənədləşdirməlidir. Bundan sonra baxaq görək, o mənzillər hansı formada jurnalistlərə veriləcək. Jurnalistlərə birbaşa ev verilməyib axı. Bu, xidməti ev kimi bir şeydir”,- deyə Vüqar Səfərli “Yeni Çağ”a bildirib.

Məlumat üçün deyək ki, jurnalistlər üçün tikilən birinci binanın sakinlərinə çıxarış verilib. O zaman hər hansı problem olmayıb. Vüqar Səfərli ikinci bina ilə bağlı problemin yaranmasını “müəyyən məqamlar”la və “qanunlara dəyişiklik”lə izah edib. Amma hansı dəyişikyiyin baş verdiyini açıqlamayıb.

Bəzi iddialara görə, ikinci binadakı mənzillərə çıxarış verilməməsi evlərin satılması ilə bağlıdır.

Xidməti evləri isə satmaq və özəlləşdirmək mümkün deyil. Bunu “Yeni Sabah”a əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib. O, bildirib ki, xidməti evlər dövlət müəssisələrinin balansında olur və müvəqqəti yaşayış üçün verilir.

“Yəni, müəssisə istənilən vaxt evi geri ala bilər. Yalnız o halda özəlləşdirmə mümkün olar ki, müəssisə özü buna razılıq versin. Başqa cür mümkün deyil”,- deyə ekspert bildirib.

Qeyd edək ki, xidməti evlərlə bağlı tələblər Mənzil Məcəlləsində də konkret olaraq nəzərdə tutulub. Məcəllənin 91.3-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri, o cümlədən xidməti evlər özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.