Usubovla Patruşevin görüşünün təfərrüatı açıqlandı
5-09-2019, 19:50
Xəbər verildiyi kimi, ötən gün sentyabrın 4-də Bakıda Azərbaycan və Rusiya Təhlükəsizlik şuralarının katibləri - Ramil Usubovla Nikolay Patruşev arasında görüş olub.
“Yeni Sabah” xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Ramil Usubov hər iki dövlətin başçıları - İlham Əliyevin və Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığın, ən müxtəlif sahələr üzrə işbirliyinin və inteqrasiyanın daha da dərinləşdiyini məmnunluqla qeyd edib. O, eyni zamanda, ikitərəfli münasibətlərdə təhlükəsizlik fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığını nəzərə çatdıran R.Usubov ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki dövlətin müvafiq orqanları tərəfindən zəruri tədbirlərin bundan sonra da intensiv həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edən N.Patruşev Azərbaycanla əməkdaşlığın bütün istiqamətlərdə genişləndirilməsinə Rusiya tərəfinin hər zaman böyük önəm verdiyini, hazırkı görüşün təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağına, sıx peşəkar əlaqələrin yeni məzmunla, müasir forma və metodlarla zənginləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
İki ölkənin Təhlükəsizlik Şurası katiblərinin görüşü çərçivəsində Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyevlə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə mövcud plana müvafiq olaraq terrorçuluğa, ekstremizmə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin informasiya təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlıq məsələləri mövzusunda ekspert məsləhətləşmələri keçirilib.