Şəkidə xəstənin başına elə oyun açıblar ki... - "Mənim üzərimdə eksperiment keçiblər"
26-11-2015, 12:15
"11.05.2012-ci il tarixində səhhətimdəki narahatlıqla əlaqədar Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru (o özünü belə adlandırır. R.N) Etibar Kərimova müraciət etdim. Müxtəlif analizlər, endoskopik müayinə edildikdən sonra məlum oldu ki, mədəmdə "qastrit" var. Həkim mənə dedi ki, mən aliməm. Sənə elə müalicə yazacağam ki, tam sağalacaqsan. Mən ondan "doktor, mənim dərdim nədir" soruşduqda, "heç zad yoxdur, bir azca qastrit" var dedi. Artıq 3 il 7 aydır ki, həkimlərdəyəm. Bu həkim məni aldadıb. Apteklərdə dərman qalmayıb ki, alıb qəbul eləməyim.
Həmin ərəfədə xəstəxananın terapiya şöbəsinin həkimləri Kifayət və Kubra həkimlərə də müraciət etdim. Onlar da məni aldadıblar. Kubra həkim 2 manat 70 qəpiklik müalicə yazdı. Kifayət həkim isə dedi ki, səndə heç nə yoxdur. Mənim başqa həkimlərə müraciət etdiyimi bilən Etibar Kərimov isə "niyə məni qoyub başqa həkimə müraciət etmisən" dedi. Ona inanmamaq mümkün deyildi.
Etibar Kərimov hər ay yarımda bir resept yazırdı. Mən ona dedim ki, hələ də soyuq su içə bilmirəm, meyvəni belə isti halda yeyirəm. Etibar həkim: "Mən aliməm, sən də heç nə yoxdur", - deyirdi. İndi məlum olur ki, öz "alim" adına xələl gəlməsin, sirri açılmasın deyə mənə bu qədər dərmanı aldırıb. Əslində, ağrıkəsiciləri aldırmaqla özünün savadsızlığını gizlətməyə çalışırmış".
Bunu Arqument.Az-a Şəki şəhər, M.Ə.Rəsulzadə prospekti, bina 168, mənzil 21-də yaşayan, ikinci qrup əlil Rəhimə Novruzəliyeva yazıb.
"Həkimlər məni şikəst edib"
Vətəndaş bildirir ki, həkimlərin yanlış müalicəsi nəticəsində sağlamlığını tam itirmək üzrədir: "Axırıncı resept 11.09.2015-ci ildə yazılıb və təəssüf ki, mən o dərmanları da içmişəm. Həmin resept isə bütün həzm sistemimi dağıdıb, pis vəziyyətə salıb. Demək olar ki, yemək yeyə bilmirəm. Bu il 14.11.2015-ci il tarixində bir daha rentgen müayinəsindən keçdim. Məlum oldu ki, "adi qastrid"çevrilib olub yemək borusunun selikli qişasın deformasiyası. Dövlət xəstəxanasının həkimi pul alaraq 3 il 7 ay yalandan resept yazıb, lazımsız dərmanları aldırıb, nəticədə də məni bədbəxt günə qoyub. Mən müalicəmin hayında ikən başıma daha bir bəla gətirdilər. Rayonda bir diş həkimi var, özəl kabinetdə çalışır. Ötən il 24.11.2014-ci ildə üst dişlərimi düzəltdirərkən həkim Ələkbər (soyadını bilmirəm) damağımdakı iltihabı gördüyü halda, bilərəkdən metallik keramikanı iltihablı dişin üstünə qoyub. Mən bunu sonra bilmişəm. Bakıda "Turan" Klinikasına əsəb həkiminə qədər getmişəm. Elə bilirdim ki, əsəb xəstəliyim var. Aradan səkkiz ay keçəndən sonra damağımda iltihab üzə çıxıb və artıq neçə aydır ki, həkimlərdəyəm. Hətta sapsağlam 6 ədəd dişimi də çəkdirdim ki, canım qurtarsın".
"Mənim üzərimdə eksperiment keçiblər"
R.Novruzəliyeva yazır ki, həkimlər sanki onun üzərində eksperiment keçiblər: "Təəssüf ki, həkimin "eksperiment"etmək marağı damağımın iltihabla örtülməsinə səbəb olub. İndisə bu həkim də eynilə Etibar Kərimov kimi məsuliyyətdən yaxa qurtarmaq üçün yalan danışır. Fakt isə ortadadır. Yuxarıda göstərilən hər iki səbəbdən 19.11.2015-ci il tarixində Şəki şəhər prokurorluğuna ərizə ilə müraciət etdim. Ərizəmdə fakt kimi reseptləri göstərdim. Həmin gün rayon prokuroru Elmar Camalov məni qəbul etdi, dinlədi. Mərkəzi Xəstəxanının baş həkimi ilə danışdı. Mənə isə dedi ki, sən haqlısan, bu məsələ müsbət həll olunacaq. Sənə lazım olan müalicə xərclərini ödətdirəcəyik. Amma ərizəmin üstünü təsdiqləməmişdi. Öz gözümlə gördüm ki, kiçik qeyd vərəqinə şəxsi imzasını qoyub ərizənin üstünə - təsdiq "peçatı" vurulmalı olan hissəsinə sancaqlamışdı. Əlimdə olan reseptləri isə götürmədilər. Heç ekspertiza da təyin etmədilər. Amma yenə mən elə bildim ki, prokuror Elmar Camalov ciddi, obyektiv qərar verəcək. İki gün sonra - 21.11.2015-ci il tarixində yenidən prokurorun qəbulunda oldum. Bu dəfə də Şəki Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyevlə danışdı. Mənə dedi ki, narahat olma, baş həkim məsələni yoluna qoyacaq".
"Prokurorun 180 dərəcə dəyişmişdi"
Şəki sakini bildirir ki, problemlə bağlı Baş Prokurorluğa da müraciət edib: "Məsələnin üstündən bir müddət keçə də, nəticəsi olmadı. Baş həkimlə prokurorun arasında nə baş vermişdisə, yanına gedəndə məni otağından qovdu. Elə bil əvvəlki prokuror deyildi, fikirləri 180 dərəcə dəyişmişdi. Mənə qapını göstərib: "Hara gedirsən, kimə şikayət edirsən, et"", - deyə qapını göstərdi. Onun bu hərəkəti ilə bağlı Baş Prokurorluğa yazmışam, "qaynar xətt"ə zəng etmişəm. Xahiş etmişəm ki, məsələni diqqətdə saxlasınlar, yenidən ekspertiza təyin etmək üçün yardım etsinlər. Amma hələ də heç bir cavab yoxdur. Məni şikəst edən həkimlər isə azadlıqda gəzir, yenə hər gün onlara müracət edən insanları şikəst etməklə məşğuldurlar. Baş həkim Məcid Əliyev isə belə savadsız və məsuliyyətsiz həkimlərə şərait yaradır".
"Baş həkim sakinlərə meyiti də satır"
Vətəndaş baş həkimdən gözləntisinin olmadığını, problemlə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdiyini vurğuladı: "Böyük bir şəhərin səhiyyə sitemini Məcid Əliyev kimi adama etibar ediblər. Bu həmin Məcid Əliyevdir ki, hər ay "dializ" xəstələrdən 5 manatdan pul yığır, qəzada və ya xəstəxanada hər hansı bir xəstəlikdən ölən insanların ailələrinə: "200 manat verməsəniz, meyiti yaracağıq", - deyir. Faktiki xəstəxanada meyitləri yaxınlarına 200 manata satırlar. Mən belə bir adamdan nə kömək gözləyə bilərəm".
Arqument.Az-ın əməkdaşı daxil olmuş müraciətdə qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlayıb. Rəhimə Novruzəliyeva şikayəti yazıdığını təsdiq edib və ölkə başçısı İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, səhiyyə naziri Oqtay Şirəliyeva müraciət edərək, həkimlərin özbaşınalığına və şəhər prokurorunun qeyri-obyektiv əməllərinə qiymət verilməsini, həmçinin ona dəyən ziyanın geri qaytarılmasını, müalicə xərclərinin xəstəxana tərəfindən ödənilməsini xahiş edib.
Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.