“MTN-çilər kompromat yaya bilər” - Deputat mümkün təhlükədən danışdı

26-11-2015, 12:40           
“MTN-çilər kompromat yaya bilər” - Deputat mümkün təhlükədən danışdı
MTN işi ilə bağlı hakimiyyətin daha qəti addımlar atmaması bir sıra səbəblərlə izah edilir. Məsələn, sahibkarlara edilən zülmlərlə bağlı müxtəlif faktların ortaya çıxması bu kəsimə qarşı hücumları müəyyən müddət səngidib. Millət vəkili Zahid Orucun baş verənlərlə bağlı maraqlı yanaşması var.

Dia.az xəbər verir ki, Z.Oruc “Şərq”ə bildirib ki, MTN-nin yüksək rütbəli nümayəndələrinin yol verdiyi əməllər, baş verən məlum hadisələr hökumət strukturlarında və cəmiyyətdə müəyyən tənqidlərin, narazılığın meydana gəlməsinə şərait yaratdı. Z.Oruc deyir ki, hazırda həbsə atılan, vəzifəsindən uzaqlaşdırılan MTN-çilər ciddi kompromatlara sahibdirlər: “Gizli informasiya daşıyıcıları olan, hətta kimlərinsə şəxsi həyat sirlərini bilən MTN-çilər müəyyən bir zəmində sahib olduqları məlumatları dövriyyəyə buraxa bilərlər. Bu da ölkədə insanların biri-biri ilə üzləşməsinə, qarşıdurmalara, kompromat müharibələrinə səbəb olar. Yəni Elşad Abdullayevlərin sayı artar. Belə olmasın deyə, bəzi məsələlərə həssas yanaşmaq lazımdır. Axı MTN bir səhiyyə qurumu deyil, ölkənin milli mənafelərini qoruyan çox mühüm məxfi xidmət orqanıdır. İlk növbədə həmin vəzifəni həyata keçirən və gözəgörünməz cəbhənin təmsilçiləri elə addımlar atmalıdırlar ki, ölkə daxilində və xaricində MTN-ə qarşı formalaşmış bədbinliyi aradan qaldıra, qurumun əvvəlki etibarını geri qaytara bilsinlər”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə azadliq.info-ya deyib ki, MTN əməkdaşlarının vətəndaşlara qarşı törətdikləri ilə bağlı və açıqlanan digər maraqlı faktlar göstərir ki, onların əsas işi məhz kompromat yığmaq olub: “Onlar dövlət məmurları, iş adamları, vətəndaşlar barəsində şəxsi məlumatlar toplayırlarmış. Bu addımlar qrup maraqlarına uyğun atılıb. Ona görə Zahid Orucun söylədikləri maraqlıdır. O həm millət vəkilidir, həm də hakimiyyətə yaxın adam kimi müəyyən informasiyası olmasaydı, belə açıqlama verməzdi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.