Rusiya oğru nazirini xaricdə tutdu və pulları qaytarır: bəs Zamirə Hacıyeva? - GƏLİŞMƏ

20-12-2019, 09:19           
Rusiya oğru nazirini xaricdə tutdu və pulları qaytarır: bəs Zamirə Hacıyeva? - GƏLİŞMƏ
Məlum olduğu kimi, bugünlərdə Moskvada sabiq maliyyə naziri Aleksey Kuznetsov ümumi rejimli həbsxanada qalmaqla, 14 il müddətinə azadlıqdan məhrum olunub. Rusiya mətbuatının yazdığına görə, sabiq məmur 14 milyard rubl (333200000 AZN) mənimsəməkdə təqsirli bilinib.

Müstəntiqlərin dediyinə görə, 2005-2008-ci illərdə o, digər məmurlarla birlikdə bələdiyyə əmlakını talan edib. Beləliklə, Kuznetsov oğurlanan hər milyard üçün bir il həbs cəzası alıb. Sabiq maliyyə naziri uzun müddət təqsirini etiraf etməyib, lakin sonda etdiklərini boynuna alıb. Qeyd edək ki, Kuznetsovun özü uzun illər ölkədən xaricdə gizlənib, ancaq bir il əvvəl Fransa onu Rusiya hökumətinə təhvil verib.

Bu məsələ Azərbaycanda bir olayı xatırladır - Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı. Məlum olduğu kimi, xanım Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır. Bir müddət öncə onun milyonluq mülklərinin satılaraq, vəsaitin Azərbaycan hesabına yatırılacağı deyilirdi. Lakin nədənsə onu Azərbaycana ekstradisiya edə bilmədilər.

Bəs Zamirə Hacıyeva Azərbaycana niyə verilmir? Onun ölkəyə gətirilməsi üçün hansı arqumentlər tələb olunur?

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a danışıb:

“Burada iki səbəb var. Birinci səbəb odur ki, bu işi İngiltərə məhkəməsinə lazımi şəkildə izah, sübut etmək lazımdır. Bu kifayət qədər iş tələb edən məsələdir. Bunu bank, maliyyə, tədqiqat, İngiltərə qanununu bilən şəxs həll etməlidir. Bizdə bu işlə hüquq-mühafizə orqanları məşğul olur. İngiltərə məhkəmələri kifayət qədər nüfuzlu, ədalətli məhkəmələrdir və ora təmsil olunmaq üçün kifayət qədər bilik tələb olunur. Lakin burada məsələnin digər tərəfi də var. Belə ki, söhbət ondan gedir ki, biz İngiltərə məhkəməsində onu sübut etməliyik ki, Cahangir Hacıyev həqiqətən pulları qanunsuz yollarla əldə edərək mənimsəyib, korrupsiyaya yol verib və buna görə arvadının həmin pullarla əldə etdiyi vəsaitlər dövlət hesabına qaytarılmalıdır. Hüquq-mühafizə orqanları bütün bunlarla bağlı sənədləri İngiltərəyə aparmalıdır.

Bankdan o qədər pulu nəinki bir nəfər, heç 10 nəfər də çıxara bilməz. Bunun üçün bankın müxtəlif şöbə rəhbərlərinin qərarı, imzası olmalıdır. Yəni Cahangir Hacıyev bütün bu işləri təkbaşına görə bilməz. Bu halda onunla əlbir olan şəxslərin hamısının adı açıqlanmalıdır. Amma biz görürük ki, Azərbaycanda yalnız C.Hacıyev cəzalandırılıb. Onunla işləyənlər, köməkçilər, kredit komitələrinin müdirləri, bir sözlə, kimlər ki, həmin sənədə qol çəkib onlar bu gün Azərbaycanda əllərindən gələni ediblər ki, adları çəkilməsin. Ola bilər ki, onların da dövlətdə işləyən qohumları, yaxınları var. Beləliklə də Azərbaycan tərəfi bütün sənədləri İngiltərə məhkəməsinə vermək istəmir".

Xatırladaq ki, Zamirə Hacıyeva Londonun “Harrods” mağazasında 16 milyon funt sterlinq xərclədikdən sonra Britaniya səlahiyyətlilərinin diqqətini çəkmişdi. Vəzifəsindən sui-istifadə etdiyinə görə 16 illik həbsə məhkum edilmiş Cahangir Hacıyevin xanımı Londonun Knightsbridge ərazisində mülklərə sahibdir. Ərinin dövlət işçisi kimi qazancı heç vaxt 70 min dolları keçməyən Hacıyevanın bu pulları haradan alması şübhə doğurub. 2018-ci ildə tutulan Zamirə Hacıyeva girov qarşılığında qismən azadlığa buraxılıb. Onun şəxsiyyət vəsiqəsi polisdə saxlanılır, qolunda elektron nəzarət qolbağı var. Hazırda Londondakı evində yaşayan Hacıyevaya şəhərdən çıxmaq qadağan edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.